Ukrayna Prezidenti Zelenski Belarus lideri Lukaşenkoya hərbi texnikanı Ukrayna sərhədindən çıxarmaq üçün bir həftə vaxt verib. Zelenski sərt xəbərdarlıq edərək, Ukraynanın əks halda tədbir görəcəyini bildirib.
Zelenski iddia edirib ki, Belarus ərazisində yerləşdirilən hərbi texnika Rusiyanın Ukraynaya hücumlarını əlaqələndirmək üçün istifadə olunur. Ukrayna lideri bu texnikanın xüsusilə dron hücumlarını zamanı hədəflərin müəyyənləşdirilməsi üçün istifadə edildiyini iddia edib və bildirib ki, Belarus onları dərhal yığışdırmalıdır.
O, Belarusa açıq bir ultimatum verərək, “əgər onlar bunu etməsələr, biz edəcəyik” deyib və bir həftənin Belarus üçün kifayət edəcəyini bildirib. O, Minsk administrasiyası bu tələbi yerinə yetirməyəcəyi halda Ukraynanın öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcəyini bildirib.
Zelenskinin sərt açıqlaması Kiyev hökumətinin Belarusun Ukrayna sərhədi yaxınlığındakı hərbi fəaliyyəti ilə bağlı əvvəlki xəbərdarlıqlarından sonra verilib. Ukrayna iddia edir ki, Belarus ərazisindəki hərbi mövcudluq onun təhlükəsizliyinə birbaşa təhdid yaradır.
Digər tərəfdən, Belarus lideri Lukaşenko dəfələrlə Belarus qoşunlarının Ukraynadakı münaqişədə iştirak etməyəcəyini bildirsə də, son günlərdə tərəflər arasında artan gərginlik bölgədəki qeyri-sabitliyi daha da dərinləşdirir.
Zelenski həmçinin Belarusu Rusiya ordusu üçün əsas yanacaq tədarükçülərindən biri kimi göstərərək, Moskvanın təxribatlarla Minski müharibəyə cəlb etməyə çalışacağı barədə xəbərdarlıq edib.
Tahir TAĞIYEV