İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Prezidenti Donald Trampın birgə şəkil çəkdirmək istəyi ilə bağlı şərhlərini "tamamilə uydurma" adlandırıb.
Tramp İtaliyanın La7 televiziya kanalına verdiyi açıqlamada iddia edib ki, Meloni guya Fransada keçirilən G7 sammitində ons birgə şəkil çəkdirmək üçün "yalvarıb": “Meloni məndən onunla şəkil çəkdirməyi xahiş etdi. O, mənimlə şəkil çəkdirmək istəyirdi. Mən bunu çəkdirməzdim, amma ona yazığım gəldi”.
Lakin Meloni sosial media platforması X-də paylaşdığı video mesajda Trampın iddialarını təkzib edib: "Bəzi şeylər dərhal cavab tələb edir. Donald Trampın açıqlamaları tamamilə uydurmadır. Açığı, şoka düşdüm. Amerika Birləşmiş Ştatları prezidentinin müttəfiqlərinə qarşı niyə bu cür davrandığını başa düşmürəm. Və bu, ilk dəfə baş vermir".
İtaliyanın Baş naziri Trampın "Qərb və ABŞ düşmənlərinə qarşı eyni qətiyyəti göstərməməsindən" təəssüfləndiyini bildirib. "Amma bir şeyi yadda saxlamaq lazımdır: nə mən, nə də İtaliya heç vaxt yalvarmırıq", - deyə o bildirib.
İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani isə, Amerika prezidentinin açıqlamalarına görə ABŞ-a səfərini ləğv etdiyini açıqlayıb.
"Prezident Trampın Baş nazir Ciorcia Meloni haqqında sərt və təhqiramiz sözləri bütün İtaliyaya qarşı təhqirdir. Bu səbəbdən 21-22 iyun tarixlərində ABŞ-a planlaşdırılan səfərimi ləğv etmək qərarına gəldim" - deyə Tajani sosial mediada yazıb.
Tahir TAĞIYEV