Aİ sammiti zamanı Ukrayna-Rusiya danışıqları barədə müzakirələr Avropa liderlərinin şam yeməyinin əsas mövzusunu təşkil etməli olan Çin müzakirələrini kölgədə qoyub.
Euractiv xəbər verir ki, Çinin qlobal iqtisadiyyatda artan təsirini məhdudlaşdırmaq strategiyasını müzakirə etmək üçün planlaşdırılan axşam yeməyi Ukraynadakı münaqişə ilə bağlı mübahisələrə görə uzanıb. Görüşün əvvəlində 27 Aİ ölkəsinin liderləri Volodimir Zelenskini qarşılayaraq Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqların rəsmi başlanğıcını qeyd ediblər. Lakin Ukrayna prezidenti otaqdan çıxdıqdan sonra mövzu kəskin şəkildə dəyişib və Kremllə mümkün dialoqa kimin rəhbərlik etməli olduğu qızğın müzakirəyə səbəb olub. Fransa prezidenti Emmanuel Makron Britaniyanın iştirakını müdafiə edərək, təkcə AB deyil, bütövlükdə Avropanın təşəbbüs göstərməli olduğunda israr edib. Almaniya kansleri Fridrix Merz Almaniya, Britaniya və Fransa üçlüyü və ya daha dar çərçivədə Berlin və Parisin araçılığını təklif edib. Polşa Baş naziri Donald Tusk ölkəsinin üzvü olmadığı E3-dən daha geniş ölkələr qrupuna üstünlük verib. E3 formatını da tənqid edən İtaliya Baş naziri Giorgia Meloni isə Moskva ilə dialoqa başlamaq üçün vahid AB xüsusi elçisinin təyin edilməsinə çağırıb. İki AB diplomatının sözlərinə görə, Meloni həmkarlarını 27 ölkə tərəfindən vahid səsvermənin gələcək danışıqlarda blokun mövqeyini gücləndirəcəyinə inandıra bilib. Baş nazirlərdən biri köməkçiləri ilə danışarkən müzakirələri "dəlilik" adlandırıb və Moskvanın danışıqlar aparmaq istəyinin heç bir əlamətini görmədiyini bildirib.
SAMİRƏ