XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Bütün dünya ölkələri hazırda informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanır. Azərbaycanı da bu ölkələr arasında görmək hər birimiz üçün sevindiricidir.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Lakin hər yeniliyin, xüsusən internet sahəsindəki texnoloji tətbiqlərin özünəməxsus neqativləri, sui-istifadə hallarına şərait yaradan məqamları da var. Belə neqativ hallardan biri də internet sahəsindəki kibercinayətlərdir. Son dövrlər kibercinayətlərin sayı durmadan artmaqdadır. Getdikcə qarşısıalınmaz problemə çevrilən bu məsələ ciddi təhlükələr törətməyə başlayıb. Gündəlik həyatımızı asanlaşdıran texnoloji vasitələr və yeniliklər bəzən ehtiyatsızlıq ucbatından müxtəlif problemlər yarada bilir. Azərbaycanda bu istiqamətdə müxtəlif işlər görülsə də, problemlər hələ də qalmaqdadır. Cəmiyyətin müxtəlif təbəqələrindən olan, müxtəlif peşələrdə çalışan insanlar kibercinayətkarlıqla rastlaşır. Son statistikaya görə, 2021-ci ilin birinci rübündə texnologiya sahəsində kiberinsidentlərin sayı 2020-ci ilin dördüncü rübü ilə müqayisədə 54 faiz artıb. Bəzi ekspertlərə görə, pandemiya ilə əlaqədar olaraq onlayn xidmətlərdən istifadə son dönəmlər kəskin artıb. Əvvəl heç bir onlayn xidmət göstərməyən müəssisələr də bu rejimdə fəaliyyət göstərməyə məcbur olublar. Onlayn xidmətlərdən istifadə edənlərin sayının artması ilə paralel olaraq kiberhücumlar da artmağa başlayıb, dələduzluq imkanları genişlənib.
“Elan saytlarında öz adı yox, başqa adla qeydiyyatdan keçilərsə, dələduzlar elanda yerləşdirilən adla şəxsə müraciət edərsə, onun fırıldaqçı olduğu bəlli olacaq”
Kibertəhlükəsizlik üzrə ekspert Tural Məmmədov bildirdi ki, dələduzlar xarici nömrələri onlayn nömrə satışı ilə məşğul olan saytlardan əldə edir. Yerli nömrələr isə “fişinq” yolu ilə əldə edilir. İnsanlar elan saytlarında hər hansı paylaşım edərkən bunu qəti şəkildə öz adları ilə etməsinlər: “Çünki fırıldaqçılar adətən nömrə və adları elan saytlarından götürürlər. Onların əlində ad, soyad və nömrə olması kifayət edir ki, həmin abunəçiyə zəng edib bank adından dələduzluq əməlləri törətsinlər. Elan saytlarında öz adı yox, başqa adla qeydiyyatdan keçilərsə, dələduzlar elanda yerləşdirilən adla şəxsə müraciət edərsə, onun fırıldaqçı olduğu bəlli olacaq”.
Günel CƏLİLOVA