Azərbaycanda bir çox azadlıqlar, o cümlədən dini etiqad azadlığı təmin edilib. Dinindən, dilindən, irqindən asılı olmayaraq, ölkə vətəndaşlarının dini inanclarını yerinə yetirmək üçün ibadətgahların, ziyarətgahların təmir və bərpa olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ona görə də müxtəlif dinlərə etiqad göstərən inanclı insanlar dövlətin, ölkə rəhbərliyinin bu diqqət və qayğısını yüksək qiymətləndirir, mövcud şəraitdən yararlanır, dini mərasimlər keçirir, ritualları icra edirlər. Azərbaycanda Məhərrəmlik ayının, Aşuranın qeyd edilməsi də belə dini mərasimlərdəndir.
Aşura günündə qan çıxarma, zəncir vurma kimi adətlər hələ də qalmaqdadır. Ancaq bu adətin sağlamlığa zərərləri də var. Belə ki, eyni qılınc və ya zəncirdən birdən çox şəxs istifadə edərsə, yoluxucu xəstəliklər yayıla bilər. Araşdırmalara görə, aşura ayinlərində qanla keçən virusların (Hepatit, HIV-QİÇS) yayılma ehtimalı yüksəkdir.
“İstifadə olunan bir qılıncdan başqa bir şəxs istifadə edərsə, o zaman yoluxucu xəstəliklər daha sürətlə yayılır”
Həkim-ekspert Rasif Bağırov bildirdi ki, Aşura günündə insanların özlərinə xəsarət yetirməsi düzgün deyil: “Təəssüf ki, bəzi şəxslər hələ də qılınc və ya zəncirlə qan çıxararaq öz borcunu yerinə yetirilmiş sayır. Ancaq unutmaq lazım deyil ki, özlərinə ziyan yetirdikləri qan bulaşmış bir qılıncdan ikinci adam da istifadə edərsə, o zaman xəstəliyin yayılma ehtimalı ola bilər. Misal üçün, qılıncdan əlavə zəncir vururlar. Zəncir və qılıncları yuyulma məsələsində yalandan suyun altına qoyaraq şappaşap yuyurlar. Ancaq təmizlənmir. Su ilə yuyulan ayin əşyaları təmiz görünsə də, eritrositlər qalır. Həmin qılınc və zənciri ikinci adama verirlər. İkinci adam da başlayır tappatap özünü şil-küt eləməyə və bir də görürsən ki, həmin o virus keçdi də. Əlbəttə ki, bu formada yoluxma ehtimalı daha çox olur”.
Günel CƏLİLOVA