Nazirlər Kabineti "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli, 179 nömrəli qərarında dəyişiklik edib.
Bu dəyişiklik valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan dövlət ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlarla yanaşı, peşə təhsili müəssisələrində də təhsil alan şəxslərə təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınmasının məhz təhsil aldığı müəssisə hesabına təmin edilməsini, yaxud həmin peşə təhsili müəssisəsi tərəfindən dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət verilməsini nəzərdə tutur.
Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən müəssisədəki yeni yaşayış binalarında 365 gənc mənzillə təmin olunub və daha bir yaşayış binası da tikilir. Nazirlər Kabineti yeni qərarla "Məzun evi” sosial müəssisəsinin nizamnaməsində də dəyişiklik edib. Dəyişiklik həmin müəssisədə yaşayan, dövlət ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlarla yanaşı, peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin də kommunal xərclərinin onların təhsil aldığı müddətdə "Məzun evi” sosial müəssisəsi tərəfindən ödənilməsini nəzərdə tutur.
“…dövlət tərəfindən müxtəlif istiqamətlərdə yardımlar edilir”
Valideynlərini itirmiş gənclərin mənzil təminatının yaxşılaşdırılması ekspertlər tərəfindən müsbət qarşılanır.
“Vəfa” Sosial-İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, belə bir qərarın verilməsi gənclərin gələcəyi baxımından çox önəmlidir. Hər iki valideynini itirmiş gənclərin mənzillə təmin olunması müsbət haldır: “Bu qərar sayəsində həmin gənclərin sosial problemi həll olunacaq. Nəzərə almaq lazımdır ki, gənclərin bu gün ən böyük problemi evsizlikdir. Hər iki valideynini itirmiş şəxslərə dəstək məqsədilə onları mənzillə təmin etmək müsbət haldır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün valideynlərini itirmiş gənclərə dövlət tərəfindən müxtəlif istiqamətlərdə yardımlar edilir. Onların sosial xərclərinin qarşılanması, ən əsası, gələcək həyatı üçün açar rolunu oynayacaq mənzillə təmini müsbətdir.
Günel CƏLİLOVA