Məlum olduğu kimi, sentyabrın 8-dən etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb. Şəxsi maşınla rayonlara gediş-gəlişə, 10 nəfərədək şəxsin toplaşmasına da icazə verilir. Karantin rejiminin yumşaldılması xəbəri ictimaiyyətə açıqlanandan sonra bəzi insanlar artıq koronavirusun yox olduğunu düşünüb, sosial məsafə gözləmədən həyatlarına davam edirlər.
Nəzərə almaq lazımdır ki, koronavirus epidemiyası hələ tam bitmədiyi bir vaxtda insanların heç nə olmamış kimi, sərbəst həyatlarına davam etməsi virusa yoluxma statistikasının artmasına səbəb olacaq.
“Hər kəs bilməlidir ki, təhlükə bir addımlığımızdadır”
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirdi ki, ötən həftələrdə dünyanın bir çox ölkəsində də tətbiq olunmuş məhdudiyyətlərlə bağlı yumşaldılmalar aparılıb: "Eləcə də Azərbaycanda mərhələli şəkildə yumşaldılmalar həyata keçirilir. Mən də, öz növbəmdə, ölkəmizdə elmə əsaslanan karantindən çıxışla bağlı atılan addımları dəstəkləyirəm. Karantindən çıxış zamanı ölkələrdə yumşaldılmaların tədricən aparılması sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa hesablanır. Təbii ki, karantindən birdəfəyə çıxış bu ölkələrdə vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. Ona görə də bu prosesin tədricən davam etdirilməsi düzgün hesab edilir. Amma son günlərdə bəzi inkişaf etmiş ölkələrə nəzər salsaq və elmi olaraq yanaşsaq, təkcə karantin tədbirlərinin tədricən yumşaldılmasının yetərincə olmadığının və gözlənilən effekti vermədiyinin şahidi ola bilərik".
Həmsöhbətimiz onu da əlavə etdi ki, yumşaldılmalar təhlükənin tam sovuşması anlamına gəlməməlidir: "Hər kəs bilməlidir ki, təhlükə bir addımlığımızdadır və hər an təhlükə ilə yenidən üzləşə bilərik. Qeyd etdiyim kimi, yumşaldılmaların aparılması doğru addımdır. Amma bu, insanlar üçün təhlükənin sovuşması demək deyil. Bizi gözləyən təhlükəni isə elmi olaraq bu cür izah edə bilərəm: Avropa ölkəsi olan Fransada aylar öncə tətbiq edilən karantin rejimi digər Avropa ölkələri ilə, xüsusən də Almaniya ilə müqayisədə çox sərt idi. Amma yumşaldılmalardan sonra bu gün Fransada sutka ərzində yoluxma sayı 5000-dən çoxdur və vəziyyət getdikcə daha da pisləşir. Bunun da elmi olaraq səbəblərindən biri və ən vacibi qalıq infeksiyadır. Yəni bir müddət əvvəl Fransada yumşaldılmalara gedərkən viruslu xəstələrin sayının çox olmasıdır. Həmin qalıq xəstələrin mövcudluğu isə düşünülməyib və yumşaldılmalarla bağlı addımlar atılıb".
Günel CƏLİLOVA