Sentyabrın 15-dən etibarən Azərbaycanın ümumtəhsil müəssisələrində yeni tədris ilinə mərhələli şəkildə başlanması müəllim və şagirdlərlə yanaşı, valideynlər arasında da virusa yoluxma ilə bağlı narahatlıq yaradıb. Valideynlərin böyük əksəriyyəti dərslərin ənənəvi qaydada olmasını istəsə də, yoluxma risqini nəzərə alaraq, övladlarının məktəbə getməsinə ehtiyatla yanaşırlar.
Bu səbəbdən də tədris müəssisələrində dərslərin həftənin 5 iş günü deyil, həftədə 2-3 dəfə keçirilməsi planlaşdırılır.
Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu media nümayəndələrinə açıqlamasında qeyd edib ki, əyani dərslər üçün uyğunlaşdırılmış tədris planında nəzərdə tutulmuş dərs miqdarı iki yarımqrup arasında bərabər bölünür. “Şərti olaraq əyani dərs zamanı riyaziyyat fənninin tədrisinə 4 saat nəzərdə tutulubsa, bu, yarımqruplar arasında 2 saat olmaqla bölünür. Uşaqlar intensiv şəkildə iki və ya üç mövzu üzərində çalışırlar. Əgər dərs yükü 5 saatdırsa (tək ədəddirsə) bu zaman həftəaşırı olmaqla, bir yarımqrup 2 saat, digəri 3 saat əyani riyaziyyat dərsi keçir. Növbəti həftədə isə az dərs keçən çox, çox keçən az dərs keçir. Bununla biz müəllimin dərs yükünü artırmadan, şagirdlərin öyrənməsini təmin etməyə çalışacağıq”.
“Məktəblilər dərslərə insanların işə getdikləri saatda yox, ən geci 10-dan sonra getsələr...”
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, hansısa sinifdə, istənilən halda, müəllimin və ya şagirdin yoluxması faktı dərs başlayandan 2 və ya 3 gün sonra müəyyən olunursa, həmin sinifdə olan bütün şagirdlər karantinə alınmalıdır: “Həmin sinfin ənənəvi qaydada dərslərə davam etməsi dayandırılmalı və distant qaydaya keçməlidirlər. Amma xüsusi cihazlar vasitəsilə şagirdlərin temperaturlarının yoxlanılması nəzərdə tutulub. Müvafiq olaraq temperatur 37 dərəcədən yuxarı olarsa, şagird dərsə buraxılmayacaq. Bundan əlavə, onlar qoruyucu maska ilə dərsə gəlməlidirlər. Aşağı yaş qrupunda olan şagirdlərin maskadan istifadəsi isə məsləhət görülmür. Həmçinin, müəllimlər də qoruyucu vasitələrdən istifadə etməlidirlər. Sinif otaqlarının da hər gün dezinfeksiya edilməsi nəzərdə tutulur”.
Ekspertin sözlərinə görə, hazırkı vəziyyətdə şagird sıxlığını azaltmaq üçün əlverişli şərait yaranıb: “Elə siniflər var ki, şagird sayı 44-dən çoxdur. Ancaq bu, müəllim çatışmazlığına səbəb ola bilər. Nəzərə alaq ki, auditoriya sayı da çox deyil və modul tipli məktəbləri də yaxın günlərdə tikib istifadəyə vermək mümkün olmayacaq. Dərslər əvvəlki saatda başlayacaq və belə olduqda şagirdlərin yoluxması qaçılmazdır. Təklif edirəm ki, məktəblilər dərslərə insanların işə getdikləri saatda yox, ən geci 10-dan sonra getsinlər. Belə olduqda yoluxma da azalar”.
Günel CƏLİLOVA