Prezident İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, pandemiyaya qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyub, bütün dövlət qurumlarına əsas diqqəti bu sahəyə yönəltməyi tapşırıb.
Dövlət başçısı, eyni zamanda, sosial şəraitin qorunması, işsizliyin səviyyəsinin aşağı salınması, özünüməşğulluğun təmin olunması ilə bağlı 2020-ci il 19 mart tarixli müvafiq sərəncam imzalayıb. Nazirlər Kabineti tərəfindən isə Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Həmin Planda ölkədə məşğulluq məsələlərinə pandemiyanın mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün həyata keçiriləcək məqsədəuyğun tədbirlər geniş yer alıb.
Ölkəmizdə koronavirusa qarşı görülən ciddi tədbirlər sayəsində sağalanların sayı yoluxanların sayını üstələyib. Bu amil nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi tədbirlərinin yumşaldılması haqqında qərar qəbul edib.
Ümümiyyətlə, ölkəmizdə koronavirusla mübarizə istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu hal xarici ölkələrin mediasında, beynəlxalq təşkilatların hesabatlarında da müsbət dəyərləndirilir. Aparılan araşdırmalara görə, koronavirusla mübarizə sahəsində aparılan işlərə görə Azərbaycan ən az itki verən ölkələrdən biridir.
“Azərbaycan dövləti pandemiya ilə mübarizə tədbirlərinə MDB ölkələri arasında ən çox vəsait ayıran ölkədir”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, pandemiya ilə bağlı olaraq aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndiririlməsi üçün sosial paket hazırlandı: “Sosial paket həm işləməyən, həm də pandemiyadan öncə qeyri-leqal sektorda çalışan vətəndaşlarımızın sosial müdafiəsinin təmin olunmasına xidmət edir. Belə ki, aprel-may aylarında 600 min vətəndaşımıza birdəfəlik yardımlar verildi. Bütövlükdə, iqtisadi sosial paketlər çərçivəsində 5 milyona yaxın vətəndaşımız dövlət dəstəyindən faydalana bildi. Məlumat üçün bildirim ki, Azərbaycan dövləti pandemiya ilə mübarizə tədbirlərinə MDB ölkələri arasında ən çox vəsait ayıran ölkədir”
Millət vəkili onu da vurğuladı ki, ökəmizdə pandemiya başlayan ilk vaxtdan koronavirusla mübarizə sahəsində bir sıra işlər görüldü. Dövlət tərəfindən görülən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan ən az itki vərən ölkələrdən biridir: “Pandemiya dövründə də dövlət vətəndaşının yanında oldu. Hər şey insanların sağlamlığının qorunmasına hesablandı. Qabaqcıl ölkələrin xəstəxanaları çarpayı çatışmazlığı yaşadığı bir vaxtda Azərbaycanda yeni modul tipli xəstəxanalar istifadəyə verildi. Tibbi maska çatışmazlığının operativ həlli məqsədilə istehsal müəssisəsi yaradıldı, yeni laboratoriyalar istifadəyə verildi. Üstəlik, bir neçə xarici ölkədən təcrübəli həkimlər ölkəyə dəvət edildi”.
Günel CƏLİLOVA