Azərbaycanda ciddi inzibati islahatlar həyata keçirilməkdədir. Məlum olduğu kimi, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi müzakirəyə çıxarılıb.
Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının inzibari ərazi bölgüsünün ləğv edilməsinin Gəncənin idarəçiliyinin səmərəliliyinə nə kimi təsir edəcəyini öyrənmək üçün millət vəkili Rüfət Quliyevə müraciət etdik.
“…ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır”
O bizimlə söhbətində qeyd etdi ki, hazırda islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri müsbət nəticələrini verir. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək. Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.
Millət vəkili onu da vurğuladı ki, Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi indiki reallığa uyğun ola bilər: “Hesab edirəm ki, Azərbaycanın bütün ərazilərində, bölgələrində iqtisadi potensial kifayət qədər böyükdür. Hazırda biz bələdiyyə institutlaşmasına daha çox fikir verməliyik. Bələdiyyələrin statusunu, onların səlahiyyətlərini artırmaq daha vacibdir. Bu, reallaşarsa, bələdiyyələr daha yaxşı fəaliyyət göstərəcək”.
Günel CƏLİLOVA