Dövlət İmtahan Mərkəzi tərəfindən bu il şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq, qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib. Pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
Məlumdur ki, koronavirus epidemiyası ilə əlaqədar olaraq bu il martın 3-dən etibarən dərslər onlayn formada davam etdirilib. Ənənəvi təhsildən fərqli olaraq, distant təhsildə müəyyən problemlər yaşanır. Elə yerlər var ki, orada məktəblilərin internetə çıxışı problemdir. Bu problem özünü qəbul imtahanında göstərib. Belə ki, internetə çıxışı zəif olan ərazilərdə yaşayan abituriyentlərin nəticəsi aşağı olub.
“Əvvəllər paytaxtda yerləşən məktəblərin nəticələri yüksək idisə, pandemiya dövründə hazırlıq kurslarına...”
Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, əvvəlki illərlə müqayisədə pandemiya dövründə abituriyentlərin imtahan nəticələri müxtəlif səpkidə olub: “Belə ki, əvvəllər paytaxtda yerləşən məktəblərin nəticələri yüksək idisə, pandemiya dövründə hazırlıq kurslarına, repetitorların fəaliyyətinə qoyulan məhdudiyyət qəbul imtahanlarının nəticələrinə birbaşa təsir göstərib. Onlayn qaydada internetə çıxış imkanları məhdud olan ərazilərdə yaşayan şagirdlərin imtahan nəticələri daha aşağı olub. Amma sərt karantinin olmadığı ərazilərdə yaşayan və hazırlıq kurslarının, repetitorların xidmətindən istifadə edə bilən məktəblilər digərləri ilə müqayisədə daha yaxşı nəticə göstəriblər”.
Günel CƏLİLOVA