Azərbaycanda özəl icra məmurları fəaliyyət göstərəcək. Bu barədə mətbuata açıqlama verən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəis müavini Fərid Əfəndiyev deyib ki, ölkədə özəl icra məmurları ilə bağlı layihə hazırlanır.
Onun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir: “Avropa ölkələrinin əksəriyyətində özəl icra məmurları fəaliyyət göstərirlər. Qanuna əsasən, bəzi məsələlər özəl və dövlət icra məmurları arasında bölünəcək. Vətəndaşa seçim imkanları olacaq. Özəl icra məmurları göstərdikləri xidmətə görə qonorar alacaqlar. Nazirlər Kabinetinin qərarına əsasən, onlar ödəniş müqabilində xidmət göstərəcəklər”.
Onu da qeyd edək ki, Azərbaycanda hazırda 600-ə yaxın icra məmuru çalışır. Bu ilin birinci yarısının hesabatına əsasən, icraatda isə 700 mindən artıq iş olub. Ancaq ölkənin ədliyyə sistemində özəl icra məmurları sisteminin yaradılması ilə bağlı əhali arasında bir narahatlıq var. Məsələ ondadır ki, dövlət icra orqanlarından fərqli olaraq, yaradılması nəzərdə tutulan özəl icra orqanı pullu olacaq. Yəni məhkəmə qərarını icra etdirmək üçün pul ödəmək lazım gələcək. Nəzərə almaq lazımdır ki, hazırda buna görə məhkəmə icraçılarına pul ödənilmir. Çünki buna görə icraçılar dövlətdən məvacib alırlar. Özəl icra orqanları fəaliyyətə başlayandan sonra vətəndaşlar buna görə pul ödəməli olacaqlar. Düzdür, dövlət məhkəmə icraçıları da fəaliyyət göstərəcək, amma özəl icraçılar da olacaq. İndiyə qədər arxasında dövlət dayanan məhkəmə icraçıları yararsız oldu ki, indi bunlarla paralel alternativ icraçılar da yaradılır? O baxımdan pullu məhkəmə icraçıları nədən zəruri sayılır? Dövlət icraçılarının səmərəli işləməsinə nə mane olur? Bütün bunları ekspertlər necə dəyərləndirirlər?
“Özəl icra məmurları yaratmaqdansa, məhkəmə qərarlarının icra vəziyyətinə nəzarəti artırmaq daha məqsədəuyğundur”
Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, indiki zamanda Azərbaycanda özəl məhkəmə icraçılarının yaradılmasına ehtiyac yoxdur: “Düşünürəm ki, bu gün Azərbaycan buna hazır deyil. Ölkədə özəl icra məmurlarının fəaliyyəti üçün heç bir əsas görmürəm. Niyə? Ona görə ki, Ədliyyə Nazirliyində icra məmurlarının fəaliyyətini nəzarətdə saxlayan, onların bütün fəaliyyət istiqamətlərinə nəzarət edə bilən idarə var. Düzdür, bəzi rayonlarda icra məmurlarının fəaliyyəti arzuolunan səviyyədə deyil, onların fəaliyyətinə nəzarət zəifdir. Bununla bağlı məhkəmənin qərarları olsa da, icra məmurları bunu yerinə yetirmir, prosesi uzadırlar. Ancaq bu heç də o demək deyil ki, ümumilikdə, ədliyyə sistemindəki icra orqanı səmərəsizdir, bu səbəbdən özəl icra qurumları yaradılmalıdır. Hüquqşünas olaraq bununla razı deyiləm. Cinayət Məcəlləsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının icra edilməməsi cinayət məsuliyyəti yaradır. Hesab edirəm ki, özəl icra məmurları yaratmaqdansa, məhkəmə qərarlarının icra vəziyyətinə nəzarəti artırmaq daha məqsədəuyğundur. Çünki dövlət büdcəsindən məhkəmə icraçılarına yetərincə əməkhaqqı ayrılır, onlar inzibati binalarla təmin edilir və s. Özəl icra qurumlarına isə vətəndaş pul ödəməlidir. Hesab edirəm ki, bütün bunlara kompleks yanaşılmalıdır. Nəzarət bir qədər artsa, bəzi rayonlarda məhkəmə qərarlarının icrasında yubanmalar və bunun nəticəsində işlərin üst-üstə yığılması baş verməz”.
Hüquqşünasın fikrincə, sadalanan məsələlər öz həllini tapsa, özəl icraçılara ehtiyac olmaz.
Vidadi ORDAHALLI