Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev partiya üzvlərinə müraciət edib. O, öz “Facebook” profili vasitəsilə canlı yayıma çıxıb. Canlı yayım zamanı Aydın Əliyev Əli Kərimlini istefaya çağırıb.
NTK sədri müraciətində bəyan edib ki, yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb:
“2015-ci ildə AXCP-nin qurultayında partiyanın Nəzarət-Təftiş Komissiyasının üzvü, daha sonra sədri seçilmişəm. Sonradan bilmişəm ki, mənim kimi obyektiv, düz danışan, prinsipial adamın bu vəzifəyə seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb. Partiyadaxili maliyyə, xaricdən gələn qrant və s. pul məsələlərini ancaq öz nəzarətində saxlayan, özünün, ailəsinin, xaricdə yaşayan oğlunun ərəb şeyxlərinin övladı kimi yaşamasına sərf edən Əli Kərimlini mənim kimi əqidəli, düzgün adam qane etməyib”.
Aydən Əliyev bildirib ki, Əli Kərimli partiyada çox sərt diktatura rejimi qurub: “30 illik siyasi fəaliyyətdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb. O bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib. Sözdə demokratiya uğrunda mübarizə aparıldığını desə də, əslində, partiyada çox sərt diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb.
Əli Kərimli siyasi dələduz olaraq bizi və xalqımızı illərdir aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin əməllərinə qurban vermək istəyir. Cəbhəçilərin çoxu Əli Kərimlinin antidemokratik, qanunsuz, partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdardır. Lakin bunu dilə gətirməkdən çəkinirlər”.
A.Əliyev qeyd edib ki, Əli Kərimli və onun əlaltıları partiyada hamını öz çirkin oyunlarının qurbanına çevirib: “Məni ləkələyib, siyasi mübarizədən uzaqlaşdırmağa, istefa verməyə məcbur etmək istəyirlər. Ancaq mən istefa verməyəcəm. Partiyamızda olan yüzlərlə əqidəli, xalqını sevən cəbhədaşlarımla birlikdə Əli Kərimlinin partiyamızda yaratdığı diktatura rejiminə, çirkin oyunlarına qarşı mübarizə aparacağıq. Bütün xəyanətkar əməllərini ifşa edəcəyik. Çalışacağıq ki, partiyamızın bütün üzvləri, xalqımız Əli Kərimlinin iç üzünü tanısınlar. Onun, əslində, xalqımıza qarşı hansı xəyanətlərə yol verməsindən xəbərdar olsunlar”.
NTK sədri Əli Kərimlini illər ərzində apardığı çirkin və xəyanətkar oyunlara son qoymağa çağırıb: “Yetər. Partiyada yaratdığın diktaturaya son qoy. Əgər cəsarətin və mənliyin çatırsa, istefa ver. Qoy partiyanın üzvləri özlərinə gənc, savadlı, xalqını sevən, bacarıqlı rəhbər seçsinlər. Partiyamızı çirkin oyunlara təhrik etməkdən, Azərbaycanı fəlakətə aparan əməllərindən əl çək”.
Partiya üzvlərinə müraciət edən A.Əliyev ona qarşı böhtan kampaniyasına başlanacağının anonsunu verib: “Bilirəm ki, bu müraciətimdən sonra Əli Kərimlinin göstərişi ilə onun əlaltıları mənə qarşı böhtan, şər kampaniyasına başlayacaqlar. Ancaq bütün bunlara əhəmiyyət verməyərək qabaqcadan həmin şəxslərə səslənirəm ki, mənim barəmdə danışarkən haqq və ədalət hissini unutmasınlar. Bir gün onlar da Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər”.
Hər halda, partiya bu səsin həqiqi AXCP üzvü olduğunu danmayacaq. Çünki biz bütün mitinq və tədbirlərdə müraciət edən şəxsi AXCP-nin ön sıralarında görmüşük. Ən maraqlısı isə budur ki, bu cür sərt bəyanat verən şəxs partiyadan istefa verdiyini demir. Bu müraciətdən sonra AXCP daxilindəki proseslər necə cərəyan edə bilər?
AXCP adına iddialı olan digər qanadın funksioneri Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəyanatı verən şəxs ömrünü mübarizəyə həsr etmiş adamdır: “Partiyanın ən ağır bir postunu tutur. NTK yalnız qurultayda formalaşdırılır. Yəni sözügedən şəxs bütün qurum tərəfdarlarının səsini almış adamdır. Onun səsləndirdiyi ittihamlar indiyə kimi də deyilib. Yalnız opponentlər tərəfindən deyil, partiyanın içindən də səslənib. Ancaq həmin adamların son aqibəti bəllidir. Səsini çıxaranı təşkilatdan uzaqlaşdırıblar. Adam həqiqətən avtoritar idarəetməyə meyllidir, onun xisləti budur. Kimisə dinləməyi xoşlamır, yalnız əmr vermək istəyir. Bu çıxış bir daha göstərdi ki, oradakı vəziyyət doğrudan da acınacaqlıdır. Adam illərlə gördüyü problemləri axır ki, dilə gətirmək məcburiyyətində qaldı. Göründüyü kimi, partiyanın NTK rəhbəri kimi o, bütün proseslərdən təcrid edilib. Təşkilatın maliyyə durumu ilə bağlı isə ona heç bir məlumat verməyiblər. Bir daha sübut olunur ki, orada siyasi fəaliyyətdən tutmuş, maliyyə məsələlərinə qədər nəsə şəffaf deyil. Təşkilatdan heç kim istefa verməyib. Sadəcə, Əli Kərimliyə söz deyəni oradan çıxarıblar. Yəqin ki, bu şəxs barəsində də həmin addımı atacaqlar. Əli Kərimli yalnız AXCP adı ilə manipulyasiya edir. Ona kiminsə uzaqlaşmağı o qədər də önəmli deyil. Biz bundan sonra da belə problemləri görəcəyik. Əli Kərimlinin ifşa olunması davamlı proses olacaq”.
Məhəmmədəli QƏRİBLİ