Rusiya - Ermənistan münasibətlərində problemlərin artdığı bir vaxtda Moskva - Bakı əlaqələrində yeni yüksəliş İrəvanda getdikcə daha böyük təlaş doğurur. Ümumiyyətlə, Ermənistanda hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putinin son gedişləri yaxın tezlikdə öz nəticələrini verəcək və bu da İrəvan üçün bütün istiqamətlərdə ciddi prolemlərin başlanğıcı olacaq. Belə problemlərdən biri isə Dağlıq Qarabağ münaqişəsi ilə ilgili Ermənistanın mövqeyinə ciddi zərbə vurluması ilə bağlıdır.
Hesab edilir ki, Rusiyanın Azərbaycan və Ermənistana mövcud yanaşması məsələnin həlli istiqamətində çox ciddi yeniliklərə gətirib çıxaracaq. Hadisələrin hansı məcrada inkişaf edəcəyi isə yaxın günlərdə bəlli olacaq. Belə ki, Rusiya prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevlə oktyabrın 3-də Soçidə görüşəcəyi gözlənilir. Rusiya prezidentinin mətbuat katibi Dmitrii Peskovun sözlərinə görə, bu, Putinin də qatılacağı “Valday” Klubu çərçivəsində baş tutacaq və İlham Əliyev klubdakı bir neçə qonaqdan biri olacaq. Peskov qeyd edib ki, qonaq prezidentlərin hər biri ilə ikitərəfli görüş planlaşdırılıb. İkitərəfli görüş zamanı müzakirə predmeti olacaq məsələlərdən biri isə məhz Qarabağ münaqişəsi olacaq. Soçidə keçiriləcək görüşdən əvvəl Rusiya prezidenti Avrpasiya İqtisadi Birlyinin sammitində, həmçinin İran prezidenti və Sinqapur baş nazirinin də qatıldığı iqtisadi forumda iştirak etmək üçün Ermənistanda olacaq. Amma bu zaman o, baş nazir Nikol Paşinyanla ikitərəfli görüş keçirməyəcək və bu xüsusda erməni tərəfinin xahişi Putin tərəfindən rədd edilib. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev qeyd edir ki, Putinin Azərbaycan və Ermənistan liderləriilə fərqli davranışı başadüşüləndir: “Rusiya ilə Azərbaycan arasındakı münasibətlər inkişaf edir, siyasi əlaqələr daha da güclənir. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin sürətlə inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını görürük. Bu ilin səkkiz ayı ərzində ticarət dövriyyəmiz 25 faiz artıb və mütəxəssislərin fikrincə, yaxın bir neçə ildə də artacaq”. Onun sözlərinə görə, Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır və bunu əməldə sübut edir. Ermənistana gəlincə isə, tamam fərqli vəziyyət hökm sürür və bu da regionda hadisələrin ümumi axarına, o cümlədən Qarabağ münaqişəsinə təsir edir. Dmitri Savelyevin dediklərindən belə bəlli olur ki, Moskvanın atacağı addımlar Qarabağ məsələsinin həllini Azərbaycanın maraqları çərçivəsində sürətləndirə bilər. Rus ekspert Modest Kolerov isə Ermənistanın “168. jam” xəbər portalına müsahibəsində proseslərin belə inkişaf axarında Ermənistanın özünün günahkar olduğu bildirir: “Rusiya prezidentinin Ermənistana hakimiyyət dəyişikliyindən bəri bura ilk səfəri İrəvan üçün heç də xoş keçmir. Bəlkə də proqnozlar vermək və nəticələr çıxarmaq üçün hələ tezdir, lakin səfərin əsas məqamı təkcə prosedur, yaxud rəsmi mərasim hissəsi deyil, həm də ikitərəfli görüş üçün gündəliyin nə olacağı və bu səfərin faktiki nəticələrinin münasibətlərdə necə olmasıdır. Çünki ikitərəfli münasibətlərdə daim sualların yarandığı, toplanaraq qaldığı bir həqiqətdir. Həm hərbi-texniki əməkdaşlıqda, həm iqtisadi, həm də siyasi əlaqələrdə problemlər var. Bundan əlavə, Rusiya tərəfinin Ermənistan hakimiyyətinin “Rusiyanı sürükləməyə” yönəlmiş bir çox təbliğat səylərə nümayişkarcasına diqqət göstərmədiyi, Paşinyan üçün işləyən təbliğatçıların öz işlərini dayandırmadığı çox açıqdır. Ən kiçik bir şəkildə Putini və təmsilçilərini günahlandırmaq, tənqid etmək və Moskvada kimsəni əsəbiləşdirə biləcək hərəkətlər etmək, Paşinyanı bir “inqilabçı” kimi tanıtmaq səylərinə ara verilmir. Bu bir xəyanətdir. Üstəlik, bu cür təbliğatla məşğul olan insanlar üçün ciddi bir hal, ciddi bir xəstəlikdir”.
Ekspert baş verənlər fonunda Rusiya mediasında antierməni fikirlərinin çoxalmasını da təbii sayır: “Bəziləri antierməni təbliğatı aparır, lakin Kremllə heç bir əlaqəsi yoxdur. Ermənistana gəldikdə, qeyd edirəm ki, belə təbliğat yuxarıdan idarə olunur, Rusiyada isə belə deyil. Belə misallar varsa, vurğulayın, amma bilirəm ki, belə nümunələr yoxdur. Kreml bunu etmir. Necə ola bilər ki, biri ilə oturub sonra onu tənqid edib ona qarşı təbliğat aparasan? Ağlasığmazdır. Ancaq əminəm ki, gec-tez Kreml Ermənistanla bağlı qərar verməli olacaq, çünki bu qəsdən düşünülmüş bir siyasətdir”. Kremlin hansı qərarı verə biləcəyinə gəlincə, ekspert qeyd edir ki, Ermənistanla münasibətlərin dondurulmasına qərar verə bilər: “Çünki uzun müddət dözülməsinə, həzm edilməsinə səbr etmək mümkün deyil, düşünürəm ki, uğur qazanmayacaq, çünki bu siyasət dayanmayacaq, bu açıq bir siyasi xətt, qərar, inancıdır. Cavabsız qalan bir çox bəyanatlar verilir. Bunlar inciməyə, geri çəkilməyə ciddi əsaslar verən bəyanatlardır. AİB və KTMT kimi birliklərə üzv olması Ermənistanın Rusiyayönlü siyasət yürütdüyünü düşünmək üçün kifayət deyil. Çünki onlar siyasi strukturlar deyil. AİB-ə baxın, bu yalnız iqtisadi bir quruluşdur, kimlərlə bu strukturda əməkdaşlıq edildiyinə və ya kimlərin qoşulduğuna baxın, burada heç bir siyasi komponentin olmadığını görəcəksiniz. Eyni şeyi KTMT haqqında da deyəcəm. Ancaq siyasi münasibətlərdə məsələlərin yığılıb qaldığını və həll olunmadığını, bəyanatlar verildiyini təkrar edirəm. Bu mənada, Putinin Ermənistana səfəri olduqca soyuq olacaq. Onu da qeyd edək ki, Putin Ermənistan Respublikasına deyil, AİB Ali Şurasının iclasına gəlir, yəni gündəliyi AİB-dir və ev sahibi ikitərəfli məzmunun olub-olmamasını dəqiqləşdirmək üçün gündəliyini qarşı tərəfə təqdim etməlidir”.
Ekspert bildirir ki, Rusiyanın narazılığa yol açan məqamlardan biri də Qarabağın Ermənistan olması barədə açıqlamalardır və bunu Kreml gözardı etmək niyyətində deyil: “Çünki belə yanaşma Moskvanın bölgədə sülhyaratma fəaliyyətinin üzərindən xətt çəkilməsi deməkdir. Erməni rəsmilər fikirləşirlərmi ki, bu açıqlama nə deməkdir? Bu, danışıqlar prosesinin başa çatması, bütün danışıqlar prosesinnin səhv olması deməkdir. Bu kimi bir çox başqa bəyanatlar var ki, Moskvanın qəzəbli, əsəbi, narahat olması üçün kifayətdir”.
Digər rus ekspert Maksim Şevçenko da baş verənlərin Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcəyi qənaətindədir. Ekspertin sözlərinə görə, Rusiyanın Cənubi Qafqaza qarşı münasibətdə siyasəti dəyişməz olaraq qalır və eyni zamanda, burada baş verən geosiyasi hadisələr Kremlin region üzrə xarici siyasət kursunu dəyişməyi tələb edir: “Emənistanın mövqeyi Rusiya üçün ciddi təhdid yaradır. Rusiya özünün həyati maraqları üçün Cənubi Qafqazı izləyir. Bütün proseslərə nəzarət etmək istəyir, ancaq bunu birbaşa etmək mümkün deyil, çünki ABŞ və Avropa daha güclü və təsirlidir. Eyni zamanda, Mərkəzi Kəşfiyyat İdarəsinin Qafqazdakı ən böyük ofisi və analitik iqamətgahı İrəvanda yerləşir. Bakıda və Tiflisdə deyil, məhz İrəvanda. Bunun məqsədini Rusiyada yaxşı başa düşürlər. Amma Rusiyada başa düşülməyən Ermənistanın Kreml əleyhinə olan bu fəaliyyətə şərait yaratmasıdır. Moskva bunu cavabsız qoya bilməz. Bunu geosiyasi vəziyyət də tələb edir. Bir müddət əvvəl gördüyümüz kimi, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani – Rusiya, Türkiyə və İran liderləri üçtərəfli yaxınlaşmağa hazır olduqlarını nümayiş etdiriblər.Və əlbəttə ki, Ermənistanda Rusiya rəhbərliyinin Ərdoğanla görüşü xüsusi narahatlıqla qarşılanır. Bu fonda İrəvanın anti-Rusiya mövqeyi “erməni lobbisinin sıçrayış addımlarla inkişaf edən Rusiya-Türkiyə münasibətlərinə” reaksiyası ilə bağlıdır. Təbii ki, bu reaksiya da Moskvanı razı salmır”. Ekspert vurğulayır ki, bu durumda Rusiya üçün Azərbaycan ön plana çıxır. Oktyabrın 3-də Soçidə keçiriləcək “Valday” Klubunun iclası çərçivəsində Azərbaycan və Rusiya liderlərinin görüşünü şərh edərkən Şevçenko bildirib: “Vladimir Putin və İlham Əliyevin münasibətləri təkcə dövlətlərarası münasibətlər üzərində qurulmur. İlk öncə bu, köhnə və yaxşı dostların münasibətidir. Aydındır ki, bu hal Azərbaycan üçün həyati əhəmiyyət daşıyan Qarabağ məsələsinə də öz təsirini göstərəcək”. Öz növbəsində hərbi ekspert, politoloq İqor Korotçenko qeyd edib ki, Putinin yaranmış vəziyyətdə İrəvana getməsini Ermənistana səfər hesab etmək olmaz: “Bu, rəsmi səfər deyil. Bu, Rusiya dövlət başçısının Avrasiya İqtisadi Şurasının ali iclasına səfəridir. Putin Ermənistan rəhbərlyinə inanmır”. Erməni siyasi şərhçi Hayk Xalatyan isə bunun ölkəsi üçün mənfi nəticələr yaratmasının qaçılmaz olduğunu qeyd edir: “Əlbəttə, Ermənistan hakimiyyətinə mesaj var, qəribədir ki, Rusiya prezidenti gəlir və öz müttəfiqi ilə ikitərəfli görüş keçirmir. Rusiya prezidentinin gəlməsi və görüşün olmaması müəyyən bir mesajdır. İstisna edilmir ki, bu mesaj Ermənistana baha başa gələcək”.
Bütün bunlar bir daha təsdiq edir ki, Nikol Paşinyanın fəaliyyəti ucbatından Rusiya-Ermənistan münasibətləri hədsiz gərgin vəziyyətdədir. Eyni zamanda Moskvanın Paşinyanın siyasətinə inamı yoxdur. Putin bilir ki, Paşinyan hər dəqiqə Qərbə yönələ bilər. Odur ki, rusların Paşinyanı cəzalandırması məsələsi qaçılmaz sayılır. Belə cəzalardan biri isə Paşinyanı Qarabağ münaqişəsi üzərindən vurmaq, zəbt edilmiş ərazilərin daha bir hissəsinin Azərbaycana qayıdışını təmin etməkdir. Çünki bu hal Paşinyan iqtidarının sonunu tezləşdirəcək və Moskvanın da istəyi elə budur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.