Məlum olduğu kimi, Ermənistanın böyük qızıl mədənlərindən biri olan Amulsar ətrafında gərginlik səngimək bilmir. Qızıl mədənindən istifadənin ağır ekoloji nəticələrə gətirib çıxaracağı hazırda Ermənistanda böyük qalmaqala səbəb olub. O dərəcədə ki, bu məsələ hətta Paşinyan iqtidarının sarsılmasına gətirib çıxara bilər.
Düzdür, Paşinyan qızıl mədəninin istismarına çalışır, lakin ekoloqların, yerli əhalinin güclü müqaviməti ilə qarşılaşıb. Ekoloqlar Cermuk, Arpaçay, Varatan, Sevan gölünə böyük zərər dəyə biləcəyi haqda xəbərdarlıq edirlər.
Avqust ayının ortalarında Ermənistanın İstintaq Komitəsi qızıl mədəninin istismarının ekologiyaya zərər verməyəcəyi barədə araşdırma dərc etdi. Lakin mədənin istismarının əleyhdarları iddia edirlər ki, İstintaq Komitəsi ərazini deyil, müvafiq sənədləri öyrənib və onların əsasında nəticə əldə edib. Bir saatdan artıq müddətdə canlı yayımda ictimaiyyətə müraciət edən Paşinyan qızıl mədəninin müasir ekoloji standartlara uyğun istismar ediləcəyini bildirib. Ancaq yaxınlıqda yaşayan yerli əhali və ekoloji təşkilatlar qətiyyətlə buna qarşı çıxırlar. Qızılın istismarı zamanı hər il 100 ton sodium-sianid turşusunda istifadə olunacağı onları narahat edir.
Görünən odur ki, Ermənistan hakimiyyəti üçün baş bəlasına çevrilən Amulsar məsələsində Paşinyan qərar qəbul edə bilmir. Sözügedən məsələ ilə bağlı Ermənistan parlamentində dağ-mədən sənayesi üzrə istintaq komissiya yaradılıb. Diqqətçəkən məqam odur ki, bununla Paşinyan Amulsar barədə siyasi qərarın məsuliyyətini parlamentin üzərinə yönəltmək istəyir. Özü Baş nazir olaraq bunun məsuliyyətinin altına girmək istəmir. O üzdən, Paşinyan növbəti siyasi oyun oynamaqdadır.
Maraqlıdır, ekspertlər Paşinyanın bu siyasətini, daha konkret desək, Amulsarla bağlı gedişini necə dəyərləndirirlər?
“Ancaq məsələyə haradan baxsaq, bu, uğursuz siyasi gedişdir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Paşinyan bununla uğursuz siyasi gediş edir. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Məlum olduğu kimi, avqust ayında Paşinyan əhalinin etimadına güvənərək, qızıl yatağı hesab olunan Amulsar mədəninin istismarına icazə verib. Lakin son dövrlər Ermənistanda Amulsar yatağının istismarı ətrafında baş verən hadisələr erməni baş nazirini çıxılmaz vəziyyətə salıb. Məlumat üçün bildirim ki, Amulsar qızıl yatağı Vayots Dzor merliyinin kurort zonası olan Cermuk şəhərinin yaxınlığındadır. Ümumiyyətlə, bu zona Ermənistan turizminə ən çox maliyyə gətirən və ekoloji cəhətdən cəlbedici bölgələrdən biridir. Əhali ehtiyat edir ki, qızıl mədəninin istismara verilməsi ekoloji fəlakət yarada bilər. İnsanların bu etirazından məharətlə istifadə edən Paşinyanın rəqibləri onu küncə sıxışdırmağa nail olublar. Çünki beynəlxalq investorlar qarşısında geri çəkilmə xarici maliyyəni də çəkindirir və Ermənistanı etibarsız bir ölkəyə çevirir. Onsuz da Ermənistanın investorlar üçün qeyri-cəzbedici imici daha da korlanar. Problem o qədər şişib ki, hətta beynəlxalq erməni diasporu da bu etibarın itirlməsindən narahatlığını bildirərək, N.Paşinyanı xəbərdar edib.
N.Paşinyanın öz tərəfdarları ilə hətta sərt tonda danışması, onları hədələməsi də işə yaramayıb. Çünki onun parlamentdə olan silahdaşları da xalqın qəzəbindən qorxaraq ona dəstək göstərməkdən çəkinirlər. Ermənistan Baş naziri, belə demək mümkünsə, iki od arasında qalıb, ya xarici investorla bağlanmış müqaviləyə uyğun olaraq, Amulsar yatağının istismarına qoyulan məhdudiyyəti aradan qaldırmaq, ya da Ermənistan ictimaiyyətinin etirazlarını yatırmaq. Hər ikisə də Baş nazir üçün böyük risqlər tələb edir. Paşinyan risqlərdən qorxduğu üçün, Amulsarla bağlı məsuliyyəti parlamentin üzərinə qoymaq istəyir. Ancaq məsələyə haradan baxsaq, bu, uğursuz siyasi gedişdir. O baxımdan, parlamentdə bununla bağlı hansısa komissiyanın yaradılması Paşinyanı xilas edə bilməyəcək”.
Vidadi ORDAHALLI