Məlum olduğu kimi, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev oktyabrın 3-də Soçidə görüşəcəklər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib. Görüş Valday klubunun oktyabrın 3-də Soçidə keçiriləcək iclası çərçivəsində baş tutacaq. Sessiyada Azərbaycan, Qazaxıstan, Filippin prezidentləri, habelə İordaniya kralı iştirak edəcək.
"Onlar "Valday" iclasında panelçi kimi çıxış və iştirak edəcəklər. Bundan əvvəl Putinin öz həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşləri keçiriləcək", deyə “RİA-Novosti” Peskovdan sitat gətirir. Qeyd edək ki, məkan baxımından belə bir görüşün keçirilməsi bizi bir qədər arxaya ekskurs edib, müəyyən paralellər aparmağa vadar etdi. Xatırladaq ki, 2017-ci ildə məhz Soçidə Putinlə İlham Əliyev arsında keçirilən görüşün Ermənistan üçün acı nəticələri oldu. İlham Əliyevlə 2017-ci ildə baş tutan görüşdən sonra Putin Sarkisyanla görüşdü. Hiss olundu ki, Sarkisyan həmin görüşdən sonra çox gərgindir.
Həmin vaxt erməni mətbuatını izləyənlər bilirlər ki, onlardakı narahatlıq böyük idi. Erməni şərhçilər Rusiyanın Azərbaycanı niyə cəzalandırmaması, niyə Azərbaycanın silahlanmasına göz yumması barədə məyus şərhlər yazmağa başlamışdılar.
Putin və Əliyev görüşünün Soçidə səmimi şəraitdə keçməsi bu məyusluğu daha da artırmışdı. Bəzi erməni şərhçilər hətta Putindən soruşurdu ki, niyə o, İlham Əliyevdən tələb etməyib ki, "İsgəndər" raketlərini vuran sistemi haradan aldığının yerini desin? Sonra isə onlar yazırdılar ki, Putin, konkret olaraq, Ermənistana ətraf rayonları qaytarmaqla bağlı təzyiq edir. Görünür, Sarkisyan Putinin tələblərinə məhəl qoymadığı üçün, devrilmək aqibətini yaşamalı oldu. Məkan yenə Soçidir. Putin bu dəfə də bir gün fərqi ilə həm Ermənistan, həm də Azərbaycan dövlət başçısı ilə görüçəcək. Ermənistanla Rusiya arasındakı münasibətlər çox gərgindir. Bizimlə Moskva arasındakı əlaqələrdə isə inkişaf dinamikası yaşanır. Rusiya Dağlıq Qarabağ problemində fəallıq nümayiş etdirmək istəyir. Bu, aydın şəkildə nəzərə çarpır. Təbii ki, bu konfliktdə hansısa nəticənin əldə olunması Ermənistanın atacağı güzəşt addımlarından asılıdır. Yəqin ki, bu Soşi görüşü də Ermənistanın taleyi üçün həlledici əhəmiyyət daşıyacaq. Paşinyan bunun fərqindədir. Onun ya Rusiyanın təklif edəcəyi kompromislə razılaşacağına, ya da Sarkisyanın aqibətini yaşamaq kimi dilemma qarşısında qalacağına qəti şübhə ola bilməz.
Məhəmmədəli QƏRİBLİ