Bu günlərdə dünyasını dəyişən Fransanın eks-prezidenti Jak Şirakın ailəsi həmin ölkənin Milli Birlik Partiyasının rəhbəri Mari Lipenə müraciət edərək bildirib ki, yas mərasimində iştirak etməsin. Lipen isə həmin müraciəti anlayışla qarşılayaraq, dəfində iştirak etməyəcəyini bəyan edib. Qeyd edək ki, Şirakın dəfnində Fransa Prezidenti Emmanuel Makronun və 30 ölkənin başçısının iştirakı gözlənir.
Xatırladaq ki, Mari Lipenin atası və özünün siyasi karyerası ərzində mərhum Şirakla münasibətləri hər zaman gərgin olub. Çox güman ki, qərarın verilməsi bu amillə bağlıdır. Jak Şirak 86 yaşında dünyasını dəyişib. O, 1995-2007-ci illər ərzində Fransanın dövlət başçısı olub. Bu hadisə ilə Azərbaycanda bu yaxınlarda baş verən bir hadisə arasında paralel aparmaq istərdik. Yadınızdadırsa, Xəzər dənizi üzərində təlim zamanı qəzaya uğrayan pilot Rəşad Atakişiyevin dəfnində onun ailəsi adından radikal müxalifətə yası siyasiləşdirməmək istəyilə bir müraciət edildi. Həmin müraciətdə onlar radikal müxalifətdən yasda iştirak etməməklə bağlı xahiş edirdilər. Ancaq radikal müxalifət həmin müraciətə tabe olmaq istəmirdi. Hətta məsələni tam siyasiləşdirərək, bunu hakimiyyətin oyunu kimi qələmə verdilər. Fransada baş verən hadisə Azərbaycandakı radikallara bir dərs sayıla bilərmi?
Rəşad Atakişiyevin qaynatası, sabiq dövlət müşaviri Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məlum müraciət onun tərəfindən olunmuşdu: “Bilirsiniz, yasa gələn insanlar ölü yiyəsinə hörmət əlamətini göstərmək üçün həmin addımı atırlar. Yəni gəlib yas yiyəsinə ehtiramlarını ifadə edirlər. Kiminsə yasından siyasi məqsədlə istifadə isə tamamilə yolverilməzdir. Bəlkə kimsə bunu istəyə bilər. Ancaq pilotun ailəsi bunu qətiyyən istəmirdi. Mən bu mövzuya bir daha qayıtmaq istəməzdim. Çünki bir neçə gün həmin müraciətə görə məni, sözün əsl mənasında, söydülər. Mən orada ümumi bir müraciət etmişdim. Konkret olaraq hansısa siyasətçinin adını çəkməmişdim. Bir ay müddətində mənim və qudamın ailəsi ağır həyəcan, iztirab keçirdi. Bu müddət ərzində bizimlə maraqlanmadılar. Gəlib qapımızı döyüb, dərdimizə şərik çıxan olmadı. Amma birdən-birə dəfn mərasimində bizim qulağımıza səs dəydi ki, kimlərsə başqa söhbətlər edir. Buna görə də mən mərasimin siyasiləşməsinin əleyhinə fikir ifadə edərək vurğuladım ki, kimsə buna cəhd edəcəksə, yaxşı olar ki, iştirak etməsin. Bunu bütün müxalifətçilərin ünvanına deməmişəm. Hətta bəzi müxalifət nümayəndələri gəlib iştirak da etdilər. Nə problem oldu ki? Kiminsə adının çəkilməsi görürsünüz ki, başqa ölkədə baş verir. Dünyanın inkişaf etmiş ölkəsində, çox tanınmış bir siyasətçi bunu böyük anlayışla qarşılayır. Bizdə niyə bunu etmirlər? Hesab edirəm ki, bu, elə radikal düşüncəli, kiminsə yasını siyasiləşdirməyə çalışanlar üçün gözəl bir örnək modelidir. Bizdə deyirdilər ki, şəhid hamının şəhididir. Bunu qəbul edirik, amma yas yiyələrinin də bir haqqı olan məsələ var. Müxalifət haradasa tədbir keçirmək, şüar səsləndirmək istəyirsə, bunun üçün başqa yerlər seçməlidir. Əlamətdar günlər, ümumxalq hüznləri siyasi arena rolunu oynaya bilməz. Onda eyni məntiqlə Mari Lipen də deyə bilərdi ki, Jak Şirak həm də bütün Fransanın prezidenti olub və yasa gələrdi. Görürsünüz ki, çox böyük anlayışla mərhumun ailəsinin istəyini qəbul edib. Bu cür hadisələri örnək kimi bizimkilərə göstərmək lazımdır”.
Məhəmmədəli QƏRİBLİ