ABŞ Prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin keçmiş meri Rudolf Culiani İrəvana gələn həftə planlaşdırılan səfərini ləğv edib.
Keçmiş mer “Avrasiya kontinentinin tranzit potensialı” konfransına qatılmalı idi. Amma həmin konfransda Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin olacağını bildikdən sonra səfər proqramını ləğv etdiyini deyib: “Putinin orada olacağını bilmirdim. Yoxsa öncədən bu konfransda iştirakdan imtina edərdim”.
Beləliklə, İrəvan konfransına gələcək yeganə amerikalı dövlət rəsmisi də bundan vaz keçib. Erməni nəşrləri Baş nazir Nikol Paşinyanın Moskva-Vaşinqton gərginliyi fonunda çətin duruma düşdüyünü və konfransın nüfuzunun bundan zərər gördüyünü yazırlar. Bu hadisəni Ermənistanın ABŞ siyasətinin fiaskoya uğradığının daha bir bariz nümunəsi saymaq olarmı?
“Trampın vəkilinin də səfərini təxirə salması bu amillərlə bağlıdır”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan hökumətilə ABŞ administrasiyası arasında bir anlaşılmazlıq var: “Bu anlaşılmazlıq heç də Paşinyanın şəxsiyyətindən doğmur, Ermənistanın yürütdüyü xarici siyasət kursu ilə bağlıdır. Orada çox açıq suallar var. Çünki Paşinyan hələ də öz xarici siyasət vektorlarını bəlli etməyib. Bu, narahatedici məqamdır. Xatırlayırsınızsa Paşinyanın ABŞ-a son səfəri zamanı da bunlar ortaya çıxdı. ABŞ-dakı erməni lobbisi onunla ABŞ-da bir sərhədləri də müəyyən etməyə çalışdı. Çünki ABŞ strateqləri Paşinyanın ABŞ-ın ümumi maraqlarına necə ziyan vurduğunu yazırlar. Artıq bu sual müstəqil analitiklərlə yanaşı, həm də ABŞ rəsmilərini narahat etməyə başlayıb. Bu siyasət özünü ABŞ-da tam büruzə verməyə başlayıb. Son səfəri zamanı ermənilərin ən sıx yaşadığı Kaliforniya ştatında onun görüşünə cəmi 30 nəfər gəlmişdi. Bütün bunlar yeni erməni hökumətinin ABŞ siyasətinin tam fiaskoya uğradığına bir sübutdur. Artıq bu siyasət ABŞ-dakı erməni lobbisinin də münasibətində özünü göstərir. ABŞ-ı qane etməyən Ermənistanın tam şəkildə Rusiyaya vassallıq etməsidir. Suriya məsələsində Rusiya ilə əlbir olub ora hərbi kontingent göndərməsidir. Baxmayaraq ki, ABŞ bu məsələyə tamamilə etiraz edirdi. Bundan əlavə, Ermənistan ABŞ sanksiyalarına fikir vermədən İranla çox sıx əməkdaşlıq edir. Bir növ, həmin ölkənin ABŞ blokadasından çıxarılmasına yardımçı olur. Bütün bunlar tam söyləməyə əsas verir ki, hazırda ABŞ-Ermənistan münasibətləri özünün ən pis dönəmini yaşayır. Trampın vəkilinin də səfərini təxirə salması bu amillərlə bağlıdır. Putinin Ermənistanda olması ilə bağlı səslənənlər ciddi arqument sayıla bilməz. Çünki Culiyani ilə Putin müxtəlif ranqlı adamlardır. Onların eyni anda hansısa ölkədə olması bir-birinə maneçilik yarada bilməz. Bütün istiqamətlər üzrə baxdıqda məlum olur ki, ABŞ-Ermənistan münasibətləri daha da pisləşməyə doğru gedir. Trampın vəkilinin nümayişkaranə şəkildə Ermənistandan imtina etməsi bu ziddiyyətin artıq fərdlərə də sıçradığından xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ