Milli Məclisin deputatı Rəfael Cəbrayılov mandatdan imtina etməsi ilə bağlı özü Milli Məclisə müraciət edib. O, Konstitutsiyanın verdiyi səlahiyyətdən istifadə edərək özü istefa verdiyini bildirib.
Baki-xeber.com xəbər verir ki, bu haqda məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli verib. “Rəfael Cəbrayılov Azərbaycan xalqından və dövlətindən üzr istədiyini və istefa verdiyini Milli Məclisə bildirib” - Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.
Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı. Bunun nə mətbuatda, nə də parlamentdə müzakirəsinə ehtiyac var. Bunu isə Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, istefa mədəniyyəti hər yerdə var.
Deputat əlavə edib ki, vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər: “Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.
Qeyd edək ki, Rəfael Cəbrayılov MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü idi.