Deputat Rafael Cəbrayılovun xidməti vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürməsi, onun borclarının ümumilikdə bir neçə milyonu ötməsi barədə xəbərlər siyasi gündəmin əsas mövzularındandır.
Mediada yayılan məlumatlardan məlum oldu ki, R.Cəbrayılov əvvəlcə Fətəliyeva Təranə Rasim qızından 300 min dollar borc alması müqabilində deputat vəsiqəsini girov qoyub. O, notarial qaydada təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə Təranə Fətəliyevadan 300 min ABŞ dolları borc alıb, lakin ödəyə bilməyib.
Buna görə də, Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib və məhkəmə 15 fevral 2019-cu ildə iddiaçının xeyrinə qiyabi qətnamə qəbul edib. Rafael Cəbrayılov isə məhkəmənin qərarı ilə razılaşmayıb və apelyasiya şikayəti verib. Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Sonra məlum olub ki, millət vəkilinin başqa bir xanıma da külli miqdarda borcu var. Deputat Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliməsi Xatirə Nəcəfovadan 300 min dollar borc alıb və qarşılığında deputat vəsiqəsini ona girov olaraq verib.
Başqa bir məlumata görə isə, Rafael Cəbrayılovun AG Bank ASC-yə ümumilikdə 2.222.232 ABŞ dolları (3.777.794 manat) və 326.848.80 min manat məbləğində kredit borcu var. Bu borc öhdəliyi ilə bağlı məhkəmə də keçirilib və prosesdə sözügedən məbləğin cavabdeh Cəbrayılov Rafael Kamil oğlundan AG Bank ASC-nin xeyrinə tutulmasına qərar verilib.
Beləliklə, millət vəkili Rafael Cəbrayılovun AG Bank ASC-yə 4.104.642, ayrı-ayrı şəxslərə (Təranə Fətəliyeva və Xatirə Nəcəfova) 1.020.000 manat, ümumilikdə 5.124.642 manat məbləğində borcu olduğu bəlli olur.
Göstərilən məbləğin deputat Rafael Cəbrayılovun borcunun yalnız bir hissəsini təşkil etdiyi, onun müxtəlif banklara və ayrı-ayrı şəxslərə yenə külli miqdarda borcu olduğu deyilir.
Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoymasına münasibət bildirəkən bunları deyib:
"Hazırda məzuniyyətdəyik, bir həftədən sonra məzuniyyət başa çatır. Yəqin ki, Rafael Cəbrayılovun deputat vəsiqəsini banka girov qoyması ilə bağlı məsələni məzuniyyətdən qayıdandan sonra müzakirə edəcəyik. Ancaq bununla bağlı əvvəlcə Milli Məclis rəhbərliyi ilə müzakirə aparılmalıdır. Müzakirə aparılandan sonra İntizam Komissiyasının müvafiq qərarı olacaq. Gəlin, hələ tələsməyək. Məzuniyyət bitsin, millət vəkilləri bir araya gəlsin ki, yığılıb müzakirə apara bilək".
Rəfael Cəbrayılovun təmsil olunduğu YAP-dan da funksionerlər səviyyəsində məsələyə sərt reaksiya veriblər. Onlar hətta Rafael Cəbrayılova bu biabırçılığın fonunda könüllü şəkildə deputatlıqdan imtina etməyi məsləhət görmüşdülər. Yəni ona deputat adından mərhumetmə ilə bağlı proseduru gözləmədən istefa vermək məsləhət görülmüşdü.
Rafael Cəbrayılov isə bu addımı atmadı, əksinə onunla bağlı yayılan məlumatlarda qərəz əlamətinin olduğunu və bu işdə müəyyən “muzdlu” jurnalistlərin əməyindən istifadə olunduğunu bildirdi.
Çox ciddi informasiya resursları kifayət qədər mötəbər mənbələrə istinadən, belə bir məlumat yayıblar ki, artıq siyasi hakimiyyət və deputatın mənsub olduğu partiya Rafael Cəbrayılovla bağlı qərar verib və onun deputat vəsiqəsini girov qoyaraq borc almasını bağışlamaq fikrində deyil: "Gələn həftə Milli Məclisin payız sessiyası başlayacaq. Cəbrayılov deputat səlahiyyətlərinə xitam verilməsi üçün parlamentə müraciət edəcək. Diqqət etdinizsə, Siyavuş Novruzov da ona məhz bunu təklif etmişdi. Siyavuş Novruzovun bu təklifini hakim partiyanın ümumi mövqeyi kimi qarşılamaq olar”.
Xatırladaq ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası bazar ertəsi, yəni sentyabrın 30-da keçiriləcək. Ehtimal etmək olar ki, Cəbrayılov istefa ərizəsini parlament rəhbərliyinə ya toplantıdan əvvəl, ya da iclas başlayan zaman təqdim edəcək.
Rafael Cəbrayılov məsələni bu həddə çatdırmamaq üçün, indiyə qədər mandatdan könüllü imtina etməliydimi?
Hüquqşünas Mehman Muradlı baki-xeber.com-a bildirdi ki, deputat bu addımı indiyə kimi atmalı idi, qanunvericilikdə də buna heç bir qadağa yoxdur: “Burada məsələnin həm hüquqi, həm də mənəvi tərəfi var. Təbiidir ki, deputat barədə yayılan məlumatlar xoşagələn deyil. Burada həm də onun təmsil olunduğu partiya və ümumən deputat adına xələl gələ bilir. Səhvlərdən heç kim sığortalanmayıb. Bunlar baş veribsə belə, millət vəkili dərhal səhvini etiraf edib, bu addımı tez atmalıydı. Qanunvericiliyə görə isə, bunun bir sıra prosedurları mövcuddur. Deputatın məsələsinə sədrin təqdimatı ilə parlamentdə baxılıb qiymət verilə bilər və sonra qəbul edilən qərar MSK-ya göndərilir. Eyni zamanda deputatın könüllü olaraq mandatdan imtina etməsi də mümkündür. Biz analoji hadisə ilə bir neçə il bundan əvvəl Gülər Əhmədova hadisəsində rastlaşdıq. Onda sabiq millət vəkili MSK-ya bu barədə müraciət etmişdi. Yəni onun mandatdan imtina məsələsi MSK-da həll olundu.
Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin birinci hissəsinin 5-ci maddəsinə əsasən deputat özü mandatından imtina edə bilər. Rafael Cəbrayılovla bağlı olan məsələdə də hüquqi araşdırma gedir. Onun adının bir neçə məsələ ilə bağlı qalmaqalda Milli Məclisin deputatı kimi qalmağı ictimaiyyət arasında məhkəməyə və ya aparılacaq hər hansı hüquqi hərəkətlərə təsir kimi qiymətləndirilə bilər.
Deputat vaxtında belə bir müraciət etsəydi, Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar deputatlıqdan məhrumetmə ilə bağlı məsələnin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyini nəzərə alaraq, deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərəcəkdi və bu məsələ öz həllini tapmış olacaqdı. Düşünürəm ki, Rafael müəllim bir qədər geçikib”.
Məhəmmədəli QƏRİBLİ