“Ona görə də erməni icması çalışacaq ki, Paşinyanın bu qərarına maksimum təsir etsinlər”
Ermənistanın İsraildə səfirlik açmaq qərarı narazılığa səbəb olub. Belə ki, Ermənistan hakimiyyətinin məlum qərarı Yaxın Şərqdəki erməni icmalarında ciddi narazılıq yaradıb.
Bu barədə Ermənistanın məşur "Jamanak" qəzeti yazıb.
Sözügedən məsələ ilə bağlı qeyd olunub ki, xüsusilə, Livan və Suriya kimi ölkələrdə, həmçinin İsraillə faktiki müharibə şəraitində olan İran kimi ölkələrdə narazılıq daha yüksəkdir: “Həmin ölkələrin erməni icmaları İsrail ilə diplomatik münasibətlərin qurulmasının bu ölkələrin hakimiyyət orqanlarının erməni icmalarına müsbət münasibətini dəyişdirə biləcəyindən narahatdırlar. İndi yerli erməni partiyaları və icma təşkilatları yeni reallığa necə reaksiya verəcəklərinə dair görüşlər keçirirlər”.
O da məlumdur ki, erməni lobbisi bəzi Yaxın Şərq ölkələrində çox yaxşı təşkilatlanıb. Hətta bir sıra erməni terrorçuları Livan və Suriyadakı düşərgələrdə təlim keçərək İsrailə qarşı vuruşublar. Bütövlükdə Ermənistan neçə illərdir Yaxın Şərq ölkələri ilə çoxşaxəli əlaqələrə və ənənəvi münasibətlərə malikdir. Sözügedən ölkələr də onlara yaxın olan dövlətlərin İsraillə hər hansı formada əlaqələr qurmasına, yaxınlaşmasına həssas yanaşırlar. Bu baxımdan maraqlıdır, məlum qərar bu münasibətlərdə indiyədək olan yaxınlığa nə dərəcədə mənfi təsir göstərə bilər?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə konteksdən yanaşdı. Onun fikrincə, məlum qərardan sonra ərəb ölkələrində ermənilər siyasi diskriminasiyaya məruz qala bilər: “Ermənistanın İsraildə səfirlik açmasına qarşı ərəb ölkələrində olan erməni icmalarının narazılığı təbii ki, rəsmi İrəvan tərəfindən ciddi qəbul edilməyəcək. Çünki İrəvan çalışır ki, İsrail-Azərbaycan hərbi-texniki əməkdaşlığına zərbə vursun. Bununla bağlı Ermənistan hakimiyyəti bir sıra səylər göstərir. Ona görə də Paşinyan hakimiyyəti ciddi cəhdlə buna getmək istəyir. Hesab edirəm ki, ərəb ölkələrində ermənilər bu qərardan sonra siyasi diskriminasiyaya məruz qala bilər. Onların bu yöndə narahatçılığı gözlənilən idi. Nəzərə almaq lazımdır ki, Yaxın Şərq çox həssas bir regiondur. Ona görə də erməni icması çalışacaq ki, Paşinyanın bu qərarına maksimum təsir etsinlər. Göründüyü kimi, Ermənistanı idarə edənlər bu gün praqmatik deyil, populizmlə ölkəni idarə edirlər. Bunun da nəticəsində ölkə xarici siyasətdə problemlərlə üzləşir. Qeyd edim ki, İsraildə səfirlik açmaq heç də iki ölkə arasında sıx siyasi münasibətlərin inkişafına gətirib çıxarmayacaq. Bundan əlavə, ərəb ölkələri Ermənistanla olan əlaqələri aşağı səviyyəyə endirə bilər”.
Vidadi ORDAHALLI