Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən indi daha çox belə bir məqama diqqət yönləndirilir ki, konfliktin dinc müstəvidə həlli artıq imkansız hala gəlib. Elə bu səbəbdəndir ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü fikir mübadiləsindən o tərəfə keçməyib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının Nazirlər Konfransında çıxışı zamanı səsləndirdiyi fiikrlər də dinc həll yoluna dair hansısa nikbinlik yaratmır: "Təəssüf ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu dəfə də sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur. Ermənistan, göründüyü kimi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair məcburi xarakter daşıyan tələblərin əks olunduğu qətnamələrinə məhəl qoymamaqda davam edir. Beynəlxalq ictimaiyyətin əvvəlki xəbərdarlıq və qınaqlarına baxmayaraq, o cümlədən münaqişənin siyasi həlli istiqamətində davam edən səylər fonunda, Azərbaycanın işğal olunmuş ərazilərinin müstəmləkəyə çevrilməsi və ilhaqını möhkəmlətmək məqsədi ilə qəsdən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir. Bunlara, digərləri ilə yanaşı, məskunlaşdırma, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi, işğal olunmuş ərazilərdə aktivlərin, təbii sərvətlərin və digər maddi nemətlərin istismarı və talan edilməsi və qanunsuz ticarəti daxildir". Beləliklə, bu fikirlərdən də aydın sezildiyi kimi, Ermənistan üzündən münaqişənin dinc yolla həlli artıq mümkünsüz hala gəlib.
Yaranmış vəziyyətdə indi belə bir fikir daha çox hakim olmağa başlayıb ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən an yenidən alovlanması mümkündür. Ermənistanın "İrates" qəzeti yazır ki, əslində, Azərbaycan hadisələrin bu cür gedişinə müəyyən müddətdir hazırlıq görür və Azərbaycan ordusunun son dövrlərdə intensivləşən hərbi təlimləri də bunun daha bir təzahürüdür: "Ermənistanda isə vəziyyətin ürəkaçan olmadığını söyləmək lazım gəlir. Amma problemin ən qorxulu tərəfi İrəvanın Moskva ilə korlanmış münasibətləridir. Artıq sirr deyil ki, 2016-cı ilin aprel döyüşlərinin genişlənməsinin qarşısı bilavasitə Rusiyanın prosesə müdaxiləsi ilə alınıb. Amma indi vəziyyət fərqlidir və Moskva Ermənistandan küskünlüyünü gizlətmir. Bunun da nəticəsi olaraq yeni Qarabağ savaşına Moskvanın laqeyd qalması Ermənistan üçün daha ağrılı nəticələrə gətirib çıxara bilər. Bəs bunları baş nazir Nikol Paşinyan nədən nəzərə almır?".
Qeyd edilənlər fonunda erməni tərəfinin xüsusi nəzər saldığı məqamlardan biri bir neçə gün sonra Avrasiya İqtisadi Birlyinin İrəvanda baş tutacaq iclası ilə bağlıdır. İclasda üzv dövlətlərin prezidentləri, o cümlədən Rusiya dövlət başçısı də iştirak edəcək. Artıq erməni mediası Putinin səfərinin bir neçə saat olacağı və həmin gün Ermənistanı tərk edəcəyi ilə bağlı xəbərlər yayıb. Diqqət ona yönəldilir ki, Ermənistan hakimiyyətinin anti-Rusiya mövqeyi, Rusiya dövdət başçısının ikinci prezident Robert Köçəryanın həbsinə açıq-aşkar mənfi münasibəti, Rusiya tərəfindən sabiq müdafiə naziri, general-polkovnik Mikayel Harutyunyan və keçmiş deputat Mihran Poqosyanın təhvil verilməməsi, AŞPA-da Rusiyanın quruma geri dönüşü ilə bağlı səsvermədə Ermənistan nümayəndə heyətinin rəhbəri, Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Ruben Rubinyanın əleyhinə səs verməsi və nəhayət Ermənistanda rus müxalifətçisi Vitali Şişkinə sığınacaq verilməsi Ermənistan-Rusiya münasibətlərində ciddi çatların yaranmasının təsdiqinə çevrilib. Erməni ekspert Karen Veranyan bildirir ki, bunlar Ermənistan və Rusiyanın maraqlarının artıq fərqli məcrada inkişaf etdyini nümayiş etdirir: “Aydın maraqlar var. Rusiya öz mənfəətlərini güdür və Ermənistan öz maraqlarını uyğun şəkildə nizamlamağa, mövqelərini düzəltməyə çalışır. Rusiyanın Ermənistanla, xüsusən də daha dərin sistemli şəkil alan problemlərinin olması, Ermənistana nisbətən, onun üçün ağrısız olacaq. Rusiya Ermənistana təsirini indiki hakimiyət üzündən itirərsə, mütləq bunun əvəzini çıxacaq. Moskva İrəvanın fəaliyyəti ilə ABŞ və Avropanın Cənubi Qafqazda Rusiya siyasəti və hərbi təsirini sıxışdırıb çıxarmağa qətiyyən razı olmaz. Buna görə Ermənistanın cəzalanması qaçılmaz olacaq. Bax, bu zaman Qarabağ məsələsində ciddi yeniliklərin olması tamamilə gözləniləndir. Söhbət hərbi əməliyyatların yenilənməsi və bu zaman Rusiyanın Azərbaycanın yanında ola bilməsindən gedir. Bunun nəticələrinin necə olacağını isə təsəvvür etmək elə də çətin deyil”. Digər erməni politoloq Qevorq Qukasyan isə ilk olaraq diqqəti buna yönəldir ki, Putinin Ermənistana səfərinin məqsədi ilk növbədə Avrasiya İqtisadi Birlyinin iclasında iştirak etməkdir və Ermənistan-Rusiya münasibətləri ilə əlaqələndirilməməlidir, amma bu cür səfərlər dövlətlərarası münasibətləri müzakirə etmək üçün çox əlverişlidir: “ Putin Ermənistana gələrsə və yalnız Avrasiya İqtisadi Birlyinin Ali Şurasında iştirak edərsə, Ermənistan-Rusiya münasibətlərindəki böhrandan danışa bilərik. İki ölkənin liderlərinin bir-biri ilə müzakirə edəcəyi bir şey yoxdursa, Ermənistan-Rusiya münasibətlərində yüksək səviyyəli dialoqun faktiki olaraq olmadığını bildirə bilərik, əks halda buna bir fürsət yaradılır. Müttəfiq dövlətlər olma baxımından belə bir fürsət əldən verilmir. Lakin Ermənistan artıq Rusiyanın əvvəlki mütəffiqinə oxşamır. Rusiyanın regionda çəkisini nəzərə alsaq, bundan Ermənistanı yaxşı nəsə gözləmədyini deyə bilərik. Hər halda, Azərbaycanın bu vəziyyətdən Qarabağ məsələsində yararlanmağa çalışacağı şübhə doğurmur. Bu gün heç kim sabit xarici siyasətə malik olmayan bir ölkə ilə əlaqə qurmaq istəmir. Məsələn, ABŞ-la hər hansı bir yüksək səviyyəli dialoqun qurulması cəhdini xatırlayırsınız? Avropa İttifaqı rəhbərliyi ilə bir və ya iki həm də mənfi bir sonluqla dialoqa cəhdlər edilib. Başqa sözlə, problem təkcə Rusiya istiqamətində deyil, ümumi gündəm böhranı var. Xarici siyasətdə bu hakimiyyət bir görüş təklif edə, gündəliyi tərtib edə bilməyib. Deməli, bizim xarici siyasətdə ciddi problem var. Bundan isə bizə qarşı olanlar məharətlə istifadə edir”.
Ümumiyyətlə, faktdır ki, Nikol Paşinyan baş nazir olandan hərəkətləri Moskvanı qıcıqlandırır. Mövcud Ermənistan iqtidarı bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır. Ermənistanda Rusiyanın dayaqlarının laxladılmasına görə Moskva bir neçə dəfə narazılıq mövqeyini bildirib və Paşinyan hakimiyyətinə xəbərdarlığını edib. Buna baxmayaraq, Paşinyan Kremlə tərs gələn siyasətini davam etdirməkdədir. Bu durumda Moskvanın daha sərt addımlar atması və bunun Qarabağ münaqişəsini də ehtiva etməsi təbii qarşılanmalıdır. Eyni zamanda, baş verənlərin nəticəsi olaraq Rusiyanın Azərbaycanla münasibətlərə indi daha çox diqqət yetirməsi də mühüm faktordur. Bu arada onu da xatırladaq ki, Ermənistana səfərdən iki gün sonra Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi “Valday” Klubunun iclası keçiriləcək. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ikitərəfli görüşlər də keçiriləcək. Beləliklə, Paşinyanın ikitərfli görüş xahişini rədd edən Putin nümayişkarənə şəkildə Azərbaycan dövlət başçısı ilə ikitərəfli qaydada danışıqlar aparacaq. Bunun özü də Paşinyana verilmiş mühüm mesaj sayılır. Elə erməni politoloq Qevorq Qukasyan da məsələyə bu prizmadan yanaşır: “Aydındır ki, Putin-Əliyev görüşünün əsas mövzularından biri Qarabağ münaqişəsi olacaq. Getdikcə Azərbaycanın Rusiya üçün vacib bir ölkə olması faktı göz qabağındadır. Mövcud vəziyyətdə Ermənistanın Rusiya ilə yaxşı qonşuluq münasibətlərini daha da dərinləşdirməsi vacibdir, əks təqdirdə öz quyruğunun dalınca düşərək və Rusiya ilə münasibətləri pozaraq, gələcəkdə daha da ciddi problemlərlə üzləşə, çağırışlarla qarşı-qarşıya qala bilərik. Təəssüf ki, elə hadisələr də bu istiqamətdə inkiaşf edir. Bunun ağrısını isə Ermənistan bir çox istiqamətlərdə, o cümlədən Qarabağ məsələsində çəkməli olacaq”. Bütün bu qeyd edilənlər artıq Qarabağ münaqişəsi ətrafında olduqca maraqlı bir vəziyyətin yaranmaqda olduğunu göstərir.
Faktdır ki, Moskva ilə İrəvanın münasibətlərində böhran vəziyyətinin yaranması Ermənistanın siyasəti üçün böyük bir faciədir. Rusiya-Ermənistan münasibətlərinin mövcud yeni geosiyasi reallıqlar fonunda kritik həddə olması, şübhəsiz ki, Qarabağ münaqişəsinin gedişinə mütləq mənada təsirini göstərəcək. "Lragir'' portalının yazdığına görə, Ermənistan-Rusiya münasibətləri ümumiyyətlə kritik həddə yaxınlaşır: "Belə vəziyyətdə Rusiyanın hazırda Ermənistana dəstək verə bilməməsi mütləq ona gətirib çıxaracaq ki, İrəvan tamamilə təklənmiş vəziyyətə düşəcək. Bunun hansı fəsadlara gətirib çıxaracığını təsəvvür etmək elə də çətin deyil. Təklənmiş Ermənistan regionda, ən azından, Azərbaycan və Türkiyənin daha sərt təzyiqlərinə məruz qalacaq. Təbii ki, bu durumda Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin əsaslı surətdə dəyişməsi də qaçılmazdır. Amma bu dəyişmə qətiyyən Ermənistan üçün məqbul olmayacaq. Hakimiyyətin bütün bunlar ətrafında daha geniş düşünməsi olduqca mühümdür. Çünki söhbət Ermənistanın taleyindən gedir". Bütün bunlar onu göstərir ki, Qarabağ münaqişəsi ətrafında vəziyyət indi daha maraqlı məcrada inkişaf etməyə başlayır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.