Hərbi müstəvidə Azərbaycan ordusunun Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüyə malik olması bütün dünya miqyasında məlum həqiqətdir. Bu fonda erməni tərəfini narahat edən əsas məqamlardan biri isə ölkəmizin malik olduğu pilotsuz uçuş aparatlarıdır (PUA). Belə aparatların həm yerli istehsalı həyata keçirilir, həm də Azərbaycan onun idxalını reallaşdırır.
Qeyd edək ki, bu vaxta qədər Azərbaycan pilotsuz uçuş aparatlarını əsas etibarı ilə İsraildən alıb. Lakin yaxın tezlikdə qardaş Türkiyədən də belə aparatların alınması gözlənilir. Erməni mediası yazır ki, pilotsuz uçuş aparatları Azərbaycana mühüm üstünlüklər qazandırır və 2016-cı ilin aprel döyüşlərində də ordumuzun belə aparatlardan istfiadə edərək düşmənə ciddi zərbələr vurması ermənilərin yadından çıxmayıb. Son günlərdə isə erməni tərəfinin bu xüsusda diqqət çəkdiyi əsas məqamlardan biri ordumuzun cari il ərzində istifadə etdiyi “SkyStriker” pilotsuz uçuş aparatlarıdır. Xatırladaq ki, sentyabrın 16-dan 20-dək keçirilən hərbi təlimlər zamanı ordumuz bu aparatlardan istifadə edib. Belə ki, ordunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsində silahlanmaya yeni daxil olmuş “SkyStriker” “gəzən sursat”la atış həyata keçirilib. Müdafiə Nazirliyinin bununla bağlı yayımladığı videogörüntülərdə “SkyStriker”lə hədəfin vurulması öz əksini tapıb. İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “SkyStriker” “gəzən sursat” və ya başqa sözlə, kamikadze pilotsuz uçuş aparatının ilk xarici istifadəçisi Azərbaycanın Dövlət Sərhəd Xidməti olub. Bu qurumun ardınca Müdafiə Nazirliyi də “SkyStriker”iin istifadəçiləri sırasına qoşulub.
Bir daha qeyd edək ki, Azərbaycan sözügedən hərbi pilotsuz uçuş aparatlarını əldə edən ilk xarici ölkədir. Özü də “SkyStriker” digər pilotsuz uçuş aparatlarından bəzi xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənir. Onlar daha çox dəqiqliyə və uzaq məsafələrdəki hədəfləri vurmaq qabiliyyətinə malikdirlər. Rus hərbi ekspert Aleksandr Yermakov bildirir ki, “SkyStriker” çox müasir silahdır. O, hədəf sahəsinə buraxılandan bir müddət sonra onu məhv edir. Özü də bunu bomba və yaxud raket vasitəsilə deyil, daxili enerjisi sayəsində özünü hədəfə çırpmaq yolu ilə edir: "Bununla yanaşı, layiqli hədəf tapılmasa, bu dron geri qayıda və endikdən sonra təkrar istifadə edilə bilər". Yermakov bildirib ki, biz "SkyStriker"dən danışırıqsa, burada söhbət 5 və ya 10 kiloqramlıq başlığa malik, məhvetmə məsafəsi 20 kilometrə qədər olan rəqəmsal cihazdan gedir: "Bu, iriçaplı mərmi ilə müqayisə edilə bilər və onun mövcud olduğu sahədə maneə yaratma vaxtı iki və ya bir saatdır. Maksimal sürət yığdıqda bu elektrik mühərrikli kiçik təyyarənin səsi, demək olar ki, eşidilmir. Onun taktiki üstünlüklərindən biri də sutkanın qaranlıq vaxtlarında kiçik hədəflərə qarşı təkbaşına gizli zərbələr endirmə qabiliyyətinin olmasıdır".
Qeyd edək ki, “SkyStriker” və ya başqa adı ilə desək, kamikadze dron o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. O, itələmə qüvvəsi verən propeller və elektrik mühərriki ilə təchiz edilib. Çəkisi 35 kiloqram, müxtəlif məqsədli döyüş hissələri isə 5 kiloqramdan 10 kiloqrama qədərdir. "SkyStriker" iki saata qədər havada qala bilir. Dronu idarə edən şəxs onu hədəfə doğru yönəldə, praktiki olaraq təmas nöqtəsinə çatdıra bilər və eyni zamanda, hücumu ləğv etmək imkanına da malikdir. Uçuş vaxtı diqqətəlayiq hədəf müəyyən edilməyibsə, PUA geri qayıda və paraşütün köməyi ilə yerə enə bilər. Onun əməliyyat sistemi istənilən hədəfi istənilən istiqamətdən, istənilən bucaq altında məhv etməyə imkan verir. Onu istehsal edən “Elbit Systems” isə İsrail hərbi sənaye kompleksinin PUA istehsalı üzrə ixtisaslaşmış dünyaca məşhur şirkətidir. Onu da xatırladaq ki, Azərbaycan ordusunun ixtiyarında artıq İsrailin "Israel Aerospace Industries" şirkətinin istehsalı olan "Harop" və "Aeronautics Defense Systems" şirkətinin istehsalı olan "Orbiter 1K" ("Zərbə-K") birdəfəlik kiçik zərbə PUA-ları var. 2016-cı ilin aprelində dördgünlük müharibənin gedişində həmin PUA-lardan erməni mövqelərinə zərbələrin endirilməsində istifadə edilib. "Harop"dan fərqli olaraq, "SkyStriker" və "Orbiter 1K", demək olar ki, səssizdir, çünki onlar elektrik mühərrikləri ilə hərəkətə gətirilir.
Bununla yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarına rast gəlmək olar. 2011-ci ildə ölkəmizlə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. İndinin özündə ordumuzda istifadə edilən “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları da İsrail istehsalıdır. Ümumiyyətlə, İsrail yalnız öz ordusuna verdiyi və digər ölkələrin malik olmadığı pilotsuz uçuş aparatlarının istehsalını Azərbaycana etibar edir. Digər tərəfdən, Azərbaycan uzun müddətdir ki, hərbi-siyasi sahədə İsrail dövləti ilə əməkdaşlıq edir və bu əməkdaşlıq nətiəcəsində Təl-Əvivdən təkcə PUA-lar yox, digər döyüş texnikaları da alınıb. Bir daha qeyd edək ki, hələ məlum aprel döyüşləri zamanı Azərbaycan İsraildən aldığı silahlardan tank əleyhinə “Spike” raketini və “Harop” pilotsuz uçan döyüş sistemini tətbiq edib. Həmin vaxt bu silahlar vasitəsilə ermənilərin xeyli canlı qüvvəsi məhv edilib. Məhz o vaxtdan Azərbaycanın İsraildən aldığı bu və digər silahlar Ermənistan üçün əsl kabusdur. Elə indinin özündə də İrəvanı ciddi narahat edən əsas məqamlardan biri İsrailin tutduğu mövqe fonunda Azərbaycana silah satışını davam etdirməsi və həmin silahların yeni Qarabağ savaşında tətbiq edilə biləcəyi ilə bağlıdır. İsrailli politoloq Zvi Maqen isə qeyd edir ki, erməni tərəfinin narahatlığına baxmayaraq, ölkəsi Azərbaycana müasir silahların satışını davam etdirəcək: “İsrailin strateji xarici dövlət siyasəti xətti onun hakimiyyətindəki konkret şəxslərdən və hansısa başqa ölkə ilə yeni siyasi münasibətlərin qurulacağından asılı deyil. Və Azərbaycanla əməkdaşlıq, şübhəsiz, İsrailin bu dövlət siyasətinin tərkib hissəsidir. Bu günə qədər hazırlanan və silahlanmaya qəbul edilən İsrail hava hücumundan müdafiə sistemləri dünyadakı bütün analoqlardan üstündür. Onların bir çoxunun ilk xarici alıcısı isə Azərbaycandır və bu davam edəcək”.
Tahir TAĞIYEV