Ermənistanda getdikcə özünü daha qabarıq surətdə büruzə verən siyasi böhran fonunda hakimiyyətin rəqiblərinə qarşı daha daha amansız olacağına dair xəbərdarlıqlar artır. Ermənistan mediası yazır ki, bunun əsas səbəblərindən biri də baş nazir Nikol Paşinyanın reytinqinin kəskin şəkildə aşağı düşməsi ilə bağlıdır. Belə vəziyyətdə Paşinyan rəqbilərinə qarşı yeni siyasi şoular düzəltməklə, reytinqini az da olsa xilas etmyə çalışır.
“Qraparak” qəzeti yazır ki, bu günlərdə hökumət başçısının vətəndaşlar arasında nüfuzunu müəyyən etmək üçün sosial şəbəkələrdə rəy sorğusu keçirilib. Nəticədə məlum olub ki, Paşinyanın reytinqi azalaraq 25 faizə düşüb. Halbuki, 2018-ci il dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku 70,43 faiz səs toplamışdı və baş nazirin reytinqi də buna adekvat idi. Amma ötən dövr ərzində Ermənistanda sosial-iqtisadi, siyasi müstəvidə pisləşən vəziyyət Paşinyanın reytinqinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarıb. Bunu yeni siyasi şoular əsasında əngəlləmək üçün baş nazir yenidən hərəkətə keçib. “Qraparak” qəzeti yazır ki, Paşinyan buü dəfə reytinqini Serj Sarksiyanı həbsə atmaqla xilas etməyi düşünür. Bildirilir ik, artıq tezliklə Serj Sarksiyana və bir neçə oliqarxa qarşı cinayət işləri açıla bilər: “Ermənistan hakimiyyətinin daxili sorğuları hakimiyyət üçün bir o qədər də arzuedilən nəticələr göstərmir. Gündən-günə düşən reytinqi saxlamaq, yaxud qaldırmaq üçün Paşinyan genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirməyə hazırlaşır. Bundan başqa digər tədbirlər də nəzərdən keçirilir. Son variant olaraq, Serj Sarksiyana və bir neçə oliqarxa qarşı cinayət işləri açıla bilər. Ermənistan hüquq-mühafizə orqanlarının 3 istiqamətdə durmadan istintaq aparmasının səbəbi də bununla əlaqələndirilir. Bu istintaqlardan biri “1 mart” hadisələri ilə bağlı Sarkisyana qarşı olan ifadələr, digəri aprel döyüşləri və nəhayət üçüncüsü Mehri dəmir yolu cinayətinin araşdırmasıdır. Bundan əlavə, əldə edilən məlumatlara görə, Sarkisyana yaxın çevrə də istintaq araşdırmaları şousuna cəlb edilə bilər”. Artıq bu istiqamətdə addımlar atılır. Belə ki, Ermənistan İstintaq Komitəsi Sarksiyanın əsas kadrlarından sayılan sabiq müdafiə naziri Vigen Sarkisyanın təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair kifayət qədər sübutlar əldə etdyini bildirib. Bildirilir ki, bununla əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 2 müvafiq maddəsi üzrə cinayət işi başlanıb. Vigen Sarkisyan baş verənləri hakimiyyətin şousu kimi qiymətləndirib: “İstintaq orqanları mənə şahid kimi mövqeyimi bildirmək imkanı vermədən açıq şəkildə siyasi məqsədləri təqib edən addımlar atır”. O bildirib ki, İstintaq Komitəsində araşdırılan cinayət işi üzrə onu təqsirkar qismində prosesə cəlb etmək istəyirlər: “İstintaq orqanları mənə şahid kimi mövqeyimi bildirmək imkanı vermədən açıq şəkildə siyasi məqsədləri təqib edən addımlar atır”.
Keçmiş hakimiyyətlə yanaşı son günlərdə Paşinyanın kilsə ilə qarşıdurması da əslində yeni siyasi şou kimi qiymətləndirilir. Məlumdur ki, Paşinyanın erməni kilsəsi ilə münasibətləri daha da gərginləşib. Xatırladaq ki, ABŞ-ın Los-Anceles şəhərinə səfəri zamanı Paşinyan keşişləri hədələyib və onun bəyanatı Eçmiədzin kilsəsində böyük narahatlıq yaradıb. Çünki baş nazirin sözlərinə görə, keşişlər güclü zərbəyə məruz qalacaq və həm sözün həqiqi, həm də məcazi mənasında diz çökdürüləcəklər.
Baş nazirin bu bəyanatı ilə bağlı jurnalistlərə açıqlama verən ermənilərin katolikosu ikinci Qaregin bildirib ki, “keşişlərin diz çökdürüləcəyi” məsələsini Paşinyanla onun səfəri başa çatdıqdan sonra müzakirə edəcək. O əlavə edib ki, kilsə artıq bu sərt bəyanata lazımi cavab verib və bunu baş nazirlə bir daha müzakirə edəcək. Qareginin sözlərinə görə, hazırda erməni xalqını narahat edən bir çox məsələ ətrafında da Paşinyanla fikir mübadiləsi aparmaq fikrindədir. Amma Paşinyan güzəştə getmək niyyətində deyil. Bundan əlavə, onun komandasının üzvləri olmuş bəzi şəxslərə qarşı sərt ölçü götürməsi də siyasi şouya aid edilən məqamlardan sayılır. Erməni politoloq Aram Amatuni isə bildirir ki, belə siyasi şoular quran Paşinyan həm də ölkədə yeni diktatura yaradır. Onun sözlərinə görə, Paşinyanın və keçmiş xüsusi xidmət rəhbərinin istefası və ya vəzifədən azad edilməsi ilə bağlı mübahisəli vəziyyət Ermənistan üçün olduqca misilsizdir: “Bu polemikaları siyasi məqsədlər üçün istifadə edənlərin tapılması həm başadüşüləndir, həm də çox məntiqlidir. Axı, hər kəs bu vəziyyətdən öz mənfəəti üçün istifadə etmək istəyir. Çoxlarının Ermənistanda heç bir hakimiyyət dəyişikliyi olmadığını iddia etməsinə baxmayaraq, söhbət hakimiyyət dəyişikliyindən sonra formalaşan vəziyyətdən gedir. Bir tərəfdən Paşinyan və tərəfdarları ilə, digər tərəfdən ondan heç də geri qalmayan, ictimai reytinqi olan keçmiş MTX rəhbəri Artur Vanetsyan indi cəmiyyətin tənqid və qəzəbinin sədaları altına düşüb.
Münaqişə, şübhəsiz ki, özünün ciddi subyektiv və lokal əhatə dairəsinə, səbəblərinə və ya bəlkə də kəskin bir hadisəyə, maraqlı tərəfdaş çərçivəsinə və bu çərçivədən xarici müstəviyə aparan ipucuna malikdir. Amma hakimiyyət dəyişikliyindən sonrakı şərti dairələrdə problemləri diktatura ilə həll etmək istəyi daha da güclənir. Paşinyanın Los-Ancelesdə açıqladığı kimi, problemlərin bu cür həlli istisna edilir. Lakin bu bəyanatlardan sonra, əslində xronoloji olaraq, cəmiyyət hakimiyyət dəyişikliyindən sonrakı dövrdə praktiki olaraq ən şiddətli qarşıdurmanın yeni dalğasının şahidinə çevrildi”. Belə vəziyyətdə ekspert Ermənistanda formalaşmış diktaturanın ölkədə yeni xaosa səbəb olacağını da istsina etmir. Özü də bu o şəraitdə baş verir ki, ölkə daxilində bir-birinə rəqib olan qüvvələr məqsədlərinə çatmaq üçün ən sərt üsullardan, hətta açıq qarşıdurmadan belə istifadə etməyə hazırdırlar.
Nahid SALAYEV