Fransanın Lion İnzibati Məhkəməsi Sent-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki xartiyanı ləğv edib. Belə ki, 2018-ci il oktyabrın 21-də Sent-Etyen və Şuşa, eləcə də 2017-ci il sentyabrın 25-də Desin-Şarpyö və Çartar şəhərləri arasında imzalanmış “dostluq xartiyaları” Luar (Loire) və Ron (Rhone) prefekturaları tərəfindən ləğv olunub.
Məhkəmə hesab edib ki, aidiyyəti şəhərlər arasında münasibətlərin inkişafını nəzərdə tutan “dostluq xartiyaları” əməkdaşlıq fəaliyyətindən ibarətdir. Buna görə də Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi baxımından bu “xartiyalar” imzalana bilməz.
Hakimlər bildiriblər ki, Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağı tanımamaq öhdəliyi götürüb. Buna görə də həmin öhdəlik Fransa hakim dairələrindən bu münaqişə ilə bağlı neytral mövqe tələb edir. Nəticədə Fransa kommunalarının merləri Fransanın beynəlxalq öhdəliklərini bilmədən bu “dostluq xartiyalarını” imzalayıblar. Məhkəmə bu “xartiyaların” ləğv olunması ilə bağlı qərar qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Respublikasının sözügedən məhkəməsinin məlum qərarını alqışlayıb. Məlum olub ki, bu günədək Fransanın şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan "yerli hakimiyyət orqanları” arasında imzalanan 9 qanunsuz “müqavilə” Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub. Azərbaycan tərəfi hazırda qüvvədə qalan digər qanunsuz sənədlərin də tezliklə Fransa məhkəmələri tərəfindən ləğv ediləcəyinə ümid edir.
“...belə qərarlar çox vacib idi”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bu, ermənilərə Fransanın timsalında endirilən növbəti zərbədir: “Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində birbaşa iştirak etməsi onun tam neytral olmasını tələb edir. O baxımdan belə qərarlar çox vacib idi. Qondarma separatçı rejim ilə hər hansı bir formada əməkdaşlıq Fransanın səmərəli vasitəçiliyini şübhə altına salır. Ona görə də may ayından başlayaraq bu cür qərarların verilməsi təqdirəlayiq haldır. Azərbaycan tərəfi belə halların qarşısının alınması istiqamətində daim fəallıq göstərməlidir. Azərbaycanla Fransa arasında əlaqələrin dinamik inkişafı fonunda, bu, yerində verilmiş bir qərardır. Bu onu göstərir ki, Fransa hakimiyyəti qondarma rejimlə əməkdaşlıqda maraqlı deyil. Baxmayaraq ki, erməni lobbisi buna çox çalışır. Sözügedən məhkəmə qərarları gələcəkdə belə sənədlərin imzalanmasının qarşısının alınması baxımından vacib rol oynaya bilər”.
Vidadi ORDAHALLI