Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışı zamanı sərsəm fikirlər səsləndirib. Onun sözlərinə görə, guya Azərbaycanın məqsədi 1990-cı və 2016-cı ildə Dağlıq Qarabağ xalqına qarşı uğursuz təcavüz aktlarına görə qisas almaqdır.
Bu səbəbdən də guya antierməni əhval-ruhiyyəsi alovlandırılır, silahlara çox böyük vəsait xərclənir və ermənifobiya rəsmi siyasətə çevrilib. Paşinyan daha sonra deyib: “Faktiki olaraq, qarşı tərəf Dağlıq Qarabağı sovet dövründə olduğu statusa qaytarmaq istəyir. Ancaq bu səylər əbəsdir, çünki SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin xalqı öz müstəqilliyini elan edib və SSRİ-nin tərkibindən çıxaraq öz müqəddəratını təyinetmə hüququnu həyata keçirib. Azərbaycan da belə edib. Və Azərbaycanın bu cür mövqeyi Sovet İttifaqının reanimasiyası ideyasına bərabərdir.
Azərbaycan hökuməti Qarabağ münaqişəsini Ermənistanla Azərbaycan arasındakı ərazi mübahisəsi kimi təqdim edir. Biz münaqişənin bu cür təfsiri ilə tamamilə razı deyilik. Bu, Ermənistanla Azərbaycan arasında mübahisə deyil. Bu mübahisə ərazi iddiaları ilə bağlı deyil. Söhbət insanların, kişilərin və qadınların öz vətənlərində əsrlər boyunca əcdadlarının yaşadıqları həyatı yaşamaq hüququndan gedir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu adamlarla danışmaq istəmir, çünki onu ancaq ərazilər maraqlandırır, insanlar yox. Daha doğrusu, insanları olmayan ərazilər”.
Göründüyü kimi, Paşinyan növbəti dəfə görünməmiş bir həyasız açıqlama ilə çıxış edib. Çünki Azərbaycanla yanaşı, bütün dünya, o cümlədən, beynəlxalq təşkilatlar Qarabağ münaqişəsini ərazi mübahisəsi kimi qəbul edirlər. O cümlədən, ATƏT-in Minsk Qrupu məsələyə bu cür yanaşır. Paşinyan isə bütün bunlara qarşı gedir.
Maraqlıdır, ATƏT-in Minsk Qurupu buna tutarlı şəkildə öz reaksiyasını verəcəkmi? Halbuki, bu çox vacib məsələdir.
“Səsləndirdiyi o sərsəm açıqlamaya ATƏT-in Minsk Qrupu həmsədrləri reaksiya verməlidirlər”
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, ATƏT-in Minsk Qrupu, əslində, dərhal buna öz reaksiyasını bildirməli idi: “Belə baxanda ATƏT-in Minsk Qrupu Paşinyanın avqustun 5-də Xankəndidə səsləndirdiyi sərsəm fikirlərə də reaksiya verməli idi. Ancaq biz bunun şahidi olmadıq. Sadəcə olaraq, yalnız Rusiya tərəfi danışıqlar prosesinin fəlsəfəsinə zidd açıqlamalar verməyin doğru olmadığını dedi. Ancaq Minsk Qrupunun timsalında hər hansı bir addım görmədik. İndi də BMT Baş Assambleyasının sessiyasında Paşinyanın növbəti həyasız açıqlamasının şahidi olduq. Paşinyanın danışıqlar prosesinin bütün mahiyyətinə, fəlsəfəsinə zidd olan fikirlər səsləndirməsi, əslində, növbəti provokasiyadır. Bu həm də bir neçə amilə xidmət edir. Paşinyan, nəyin bahasına olursa-olsun, çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindən kənarda qalsın. Bu proses onun hakimiyyətdə olduğu dövrdə baş verməsin. Ona görə də o, daha sərt bəyanatlar verərək münaqişənin həllini uzadır. Digər tərəfdən, onun belə açıqlama ilə çıxış etməsi Paşinyanın özünün prinsiplərinə və ənənələrinə uyğun olan yanaşmadır. Ortada heç bir yenilik görmürük. Paşinyan hakimiyyətə gələndən Dağlıq Qarabağla bağlı ziddiyyətli və yalan bəyanatlar verir. Özünün nə qədər böhtançı, öhdəliklərinə sadiq qalmayan bir insan olduğunu da sübuta yetirib. Paşinyanın BMT Baş Assambleyasının 74-cü sessiyasında səsləndirdiyi o sərsəm açıqlamaya ATƏT-in Minsk Qrupu həmsədrləri reaksiya verməlidirlər. Həmsədrlər buna reaksiya verməyə borcludurlar. Çünki həmsədrlər həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər”.
Vidadi ORDAHALLI