BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan siyasi cəhətdən nə dərəcədə dayaz fikirli olduğunu bir daha sübut edib. O, dünya ölkələrini Ermənistanla olan münasibətləri fonunda özünəməxsus tərzdə səciyyələndirib. Bu xüsusda bildirib ki, Rusiya Ermənistanın əsas strateji tərəfdaşıdır: “Rusiya bizim əsas strateji tərəfdaşımız və müttəfiqimizdir. Gürcüstan və İran strateji qonşularımızdırlar”.
Paşinyan Ermənistanın öz dostları və müttəfiqləri arasındakı fikir ayrılığını narahatlıqla izlədiyini bildirib. O, bunun sayəsində bəzi dostlarının Ermənistanı doğru anlamayacağından narahat olduğunu deyib. Paşinyan Türkiyənin Ermənistana ciddi təhdid olduğunu da söyləyib. Qeyd edək ki, BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə lideri Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyini gündəmə gətirib.
Ən maraqlısı budur ki, Paşinyan Gürcüstan və İranı Ermənistanın “strateji qonşu”su adlandırır. Politologiyada bu terminə ilk dəfə Paşinyanın nitqində rast gəlinir. Ümumiyyətlə, bu ifadəni işlədən adamın hansı səviyyədə politoloji savada malik olduğu qənaətinə gəlmək olar?
“Strateji qonşu” ifadəsi Paşinyanın “kəşfidir”
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın “icad” etdiyi termin kökündən yanlışdır: “Əvvəla onu qeyd edim ki, “strateji qonşu” ifadəsi yoxdur. Strateji müttəfiq ola bilər, strateji tərəfdaş da ola bilər, lakin “strateji qonşuluq” anlayışı yoxdur. Strateji ifadəsi coğrafi yaxınlığa görə yox, qarşılıqlı münasibətlərin statusuna görə işlədilən ifadədir. Məsələn, təbii müttəfiq ifadəsi var. Müəyyən geosiyasi, siyasi, coğrafi, etnik, dini və s. amillərin məcmusu iki ölkənin ittifaqını zərurətə çevirib, onu labüd edirsə, bu, təbii müttəfiqlikdir. Lakin nə geopolitikada, nə politologiyada, ümumiyyətlə, beynəlxalq münasibətlərə dair heç bir elm sahəsində “strateji qonşuluq” ifadəsi yoxdur. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq üçün müvafiq beynəlxalq konvensiyalar, normativ-hüquqi aktlar, sanballı alimlərin əsərləri və s. etibarlı mənbə rolu oynayır. Lakin “strateji qonşu” ifadəsi Paşinyanın "kəşfidir". Halbuki, jurnalist peşəsindən gəldiyi üçün, ən azından, bu terminləri bilməli idi. Üstəlik də Gürcüstan və Ermənistan heç “strateji qonşuluq” münasibətlərinə də malik deyillər. Nə iki ölkə arasındakı münasibətlərin səviyyəsi, nə də haqqında danışdığımız ifadə doğru deyil. Bununla Paşinyanın hansı dərəcədə naşı siyasətçi olduğu bir daha sübut olunur”.
Məhəmmədəli QƏRİBLİ