Rəhim Qazıyev: “Ortada yeyib, qıraqda gəzməyi xoşlamıram”
Əhməd Oruc: “Siz istəyirsiniz ki, DYP bu kasıb vaxtımda məni cərimələsin?”
İki hissəyə ayrılan “Azərbaycan Xalq Hərəkatı”nda qanadlardan birinin idarə heyətinin son iclasında insidentin yaşandığı və həmin qurumda təmsil olunan azsaylı siyasətçinin də qurumdan çıxarıldığı, bəzilərinin isə oranı könüllü tərk etdiyi bildirilir.
Həmin məlumatlarda qeyd edilir ki, Azadlıq Partiyasının sədri Əhməd Orucla Mirmahmud Mirəlioğlu arasında yaşanın insident birincinin hərəkatdan çıxarılması ilə nəticələnib.
Elə həmin gün sabiq müdafiə naziri Rəhim Qazıyevin AXH-dən istefa verdiyi deyilir. Həmin iclasda iştirak edən İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı məlumatı təsdiqlədi: “Məlumatlar doğrudur. Əhməd Oruc hərəkatdan kənarlaşdırıldı. Rəhim bəy isə istefa verdi. O, hərəkatda irəliləyişin yetərincə olmadığını dedi. Eyni zamanda, hərəkatın idarə heyətində ciddi problemlərin olduğunu söylədi. O da doğrudur ki, əsas narazılıq Əhməd Oruc və Mirmahmud Mirəlioğlu arasında baş verdi. Əhməd bəy onun haqqında yanlış informasiya vermişdi. İdarə heyəti isə qərar verdi ki, əgər Əhməd Orucun dedikləri öz təsdiqini taparsa, ya Mirmahmud Mirəlioğlu, ya da o, hərəkatdan getməlidir. Qapalı iclasda məsələnin müzakirə edilməsi qərara alındı. Əhməd Oruc iclasda dediklərini sübut edə bilmədi. Nəticədə səsvermə ilə o, hərəkatın idarə heyətindən çıxarıldı”.
Qeyd edək ki, Tahir Abbaslının özünün də qurumdan, demək olar ki, çıxmaq ərəfəsində olduğu bildirilir. Yaranmış vəziyyətə tam aydınlıq gətirmək üçün sabiq müdafiə naziri Rəhim Qazıyevlə əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə açıqlamasında bizdən niyə məhz bu məsələyə belə böyük diqqət ayırdığımızı soruşdu: “Ay qardaş, bəyəm ölkədə başqa problem yoxdur? Niyə ondan yazmırsınız? Hansı naziri işdən çıxarırlar, altından milyardlar çıxır. Elə bu ölkənin problemi Rəhim Qazıyevin hardansa istefa verməyi ilə bağlıdır? Bizim KİV sanki müxalifətin daxilində gedən prosesləri şişirtməkdə maraqlıdır. Mənim oradan istefa verməyim kimdənsə narazı olmağımla əlaqəli deyil. Mənim 77 yaşım var, heç bir partiyanın da sədri deyiləm. Ora fərd kimi üzv idim, fərd kimi də oranı tərk etmişəm. İki ildir qardaşım çox ağır xəstədir. İndi də vəziyyəti lap ağırlaşıb. Özüm də ortada yeyib, qıraxda gəzməyi xoşlamıram. Gördüm ki, təşkilatın işinə heç bir fayda verə bilmirəm. Ona görə də utandım ki, millətin qabağında “mən də varam” deyib boş-boş gəzməyim. Mən yenə də müxalifət üçün əlimdən gələn dəstəyi verəcəm. Hesab etdim ki, adım idarə heyətinin üzvü olsa da, nəsə edə bilmirəm, ondansa istefa vermək daha yaxşıdır. Xahiş edirəm burada heç bir başqa mənə axtarılmasın. Dünəndən mənə bir neçə KİV-dən zəng ediblər, heç birinə də danışmadım. Bu barədə yeganə açıqlamanı sizə verdim”.
Qeyd edək ki, biz gün ərzində həm Mirmahmud Mirəlioğlu, həm də Əhməd Orucla bir necə dəfə əlaqə saxladıq. Onlar sualımızı dinləyəndən sonra bir neçə dəfə bizə müxtəlif vaxtlarda zəng vurmağımızı xahiş etdilər. Hər ikisi “gah yasdayam, gah sükan arxasındayam” deməklə, sonra isə telefonlara cavab verməmək kimi mövqe sərgilədilər. Aydındır ki, bütün bunlar sualdan yayınmaq üçün olunan immitasiyadır. Çünki insan səhərdən axşama kimi sükan arxasında və ya yasda ola bilməz ki... Hətta bu sualı Əhməd Oruca da verdik. Dedi, yolum çox uzaqdır, axşama ancaq çataram: “Siz istəyirsiniz ki, DYP bu kasıb vaxtımda məni cərimələsin?”.
Qalmaqalda adları hallanan siyasilər sualdan nə qədər yayınmağa çalışsalar da, ortada bir fakt var. Onların şəxsi intriqaları ucbatından müxalifətin daha bir təsisatı tarixin arxivinə qovuşmuş oldu.
Məhəmmədəli QƏRİBLİ