Məlum olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. Belə ki, BŞİH-də müraciətə baxılıb və mitinqin sentyabrın 28-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində, “Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
BŞİH-nin qərarında o da qeyd olunub ki, mitinq təşkilatçılarının təklif etdiyi “Nəriman Nərimanov” metrostansiyasının qarşısındakı parkda toplanmaq ictimai təhlükəsizliyin təmin edilməsi baxımından mümkün deyil: “Sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin, əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problem yaradacağı, eyni zamanda, həmin ərazilərdəki ticarət-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyinə görə təhlükəsizliyin təmin edilməsində çətinlik yaradacaq”.
Ancaq Milli Şura BŞİH-nin icazə verdiyi yerdə mitinq keçirməkdən imtina edib. AXCP sədri Əli Kərimli bildirib ki, həm Milli Şurada, həm də AXCP Rəyasət Heyətində bu variantı əvvəlcədən müzakirə edib: “Lökbatanda və ya şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik. Lökbatanda mitinq keçirmək təklifini, əslində, mitinqə “yox” demək kimi qiymətləndiririk”.
Qeyd edək ki, müxalifətçilərin ənənəvi olaraq mitinqlərini keçirdiyi Yasamal rayonundakı "Məhsul" stadionu təmirə bağlanıb. Bunun əvəzində digər alternativ variantlar təklif edilir. Onlardan biri də Lökbatan qəsəbəsində yerləşir və kütləvi aksiya keçirmək üçün uyğun bir yerdir. Ancaq, nədənsə, radikal müxalifət hər dəfə şəhərin mərkəzində mitinq keçirməyə israr edir. Hansı ki, onların bununla bağlı təklif etdiyi yerlər əhalinin istirahətinə, insanların gediş-gəlişinə mane olduğu üçün, həmin yerlərdə aksiya keçirilməsinə icazə verilmir. Səbəb bununla əlaqədardır. Hər dəfə mitinq məsələsi ortaya çıxanda radikal müxalifət təmsilçiləri şəhərin mərkəzində aksiya keçirmək tələbi ilə çıxış edirlər. Onların hər dəfə belə tələblərlə çıxış etməsi sözügedən düşərgənin sosial bazası ilə bağlı bir sıra sualların ortaya çıxmasına gətirib çıxarır.
Məsələ ondadır ki, sosial bazası, tərəfdarları olan hər hansı bir siyasi təşkilat şəhərin istənilən yerində mitinq keçirə və aksiyaya adam toplaya bilər. Olmasın şəhərin mərkəzi, olsun şəhərətrafı yerlər. Milli Şurada təmsil olunan qüvvələr özlərinə inamlıdırsa, o zaman şəhərətrafı yerlərdə də aksiya keçirə bilərlər. Ancaq onlar bundan nümayişkaranə şəkildə imtina edirlərsə, deməli, bununla sosial dayaqlarının zəif olduğunu, tərəfdarlarının azlığını etiraf etmiş olurlar. Sadəcə, bəhanələri olur ki, şəhərin mərkəzində aksiya keçirmələrinə icazə verilmir. Şəhərin mərkəzində aksiya keçirsələr, məgər mitinqə gələnlərin sayı çox olacaq? Zatən, Yasamal rayonundakı "Məhsul" stadionunda Milli Şuranın keçirdiyi aksiyalar hamının gözü qabağındadır. Mitinqə gələnlərin sayı çox az olurdu. Radikal müxalifət bu biabırçılığı pərdələmək üçün müxtəlif vasitələrə əl atırdı. Ancaq bütün bunlar belə, köməyə çatmırdı. Mitinqə gələnlərin sayının azlığı insanlarda ikrah hissi yaradırdı.
Bütün bunların fonunda maraqlıdır, radikal müxalifət kütləvi aksiyalar üçün niyə məhz Bakının mərkəzi meydanlarını istəyir?
“Bu həm də onu göstərir ki, radikal müxalifətin sosial dayaqları yoxdur”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, radikal müxalifətin BŞİH-nin məsləhət bildiyi yerlərdə mitinq keçirməkdən imtina etməsi bu qüvələrin gücsüzlüyündən, zəifliyindən irəli gəlir: “Məlum olduğu kimi, Milli Şura tərəfindən mitinq keçirməklə bağlı BŞİH-yə müraciət olunub. Mitinqin keçirilməsinə razılıq da verilib. Ancaq radikal müxalifət təmsilçiləri buna razı olmadılar. Onlar istəyirlər ki, şəhərin mərkəzində aksiya keçirsinlər. Guya bununla nəsə dəyişəcək. Əslində, bununla onlar, sadəcə, əhalinin istirahətini pozmuş olacaqlar. Müxalifətin gücü olmalıdır və buna əsaslanaraq istənilən yerdə mitinq keçirməyi bacarmalıdır. Onlar məlum yerdə mitinq keçirməkdən imtina etməklə öz zəifliklərini ortaya qoydular. Zəif müxalifət bundan imtina etməklə lap gücsüz olduğunu etiraf edir. Hansı ki, Milli Şura bu imkandan istifadə etməli idi. Bir vaxtlar bolşeviklər Duma tribunasından istifadə edib öz fikirlərini bəyan edirdilər. Radikal müxalifət də mitinq üçün yer istəyib və onlara yer də verilib. Ancaq onların bundan imtina etməsi sözügedən qüvvələrin zəifliyini göstərir. Bu həm də onu göstərir ki, radikal müxalifətin sosial dayaqları yoxdur. Sonra da Avropa Şurasında və digər qurumlarda məsələ qaldıracaqlar ki, guya bizdə demokratiya, insan haqları boğulur. Bu il bələdiyyə seçkiləridir. Məqam idi ki, icazəli mitinq keçirib öz proqramları ilə çıxış etsinlər. Ancaq onlar zəif olduğundan, bu imkandan istifadə etmədilər”.
Vidadi ORDAHALLI