Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirə bilmədi. Artıq ikinci ildir Ermənistanın Baş naziri ilə ABŞ Prezidenti arasında görüş təşkil etmək mümkün olmur. Baxmayaraq ki, Ermənistan Xarici İşlər Nazirliyi dəfələrlə belə bir görüşün təşkili üçün səy göstərib.
Bu arada ABŞ-ın Ermənistandakı səfiri Linni Treysi ermənilərin bununla bağlı ümidini növbəti dəfə yerə vurub. Sentyabrın 25-də jurnalistlər ona bu barədə sual veriblər. Səfir isə deyib ki, zərurət yarandıqda belə görüşlər keçirilir. Bu o anlama gəlir ki, Tramp Paşinyanla görüşü məqsədəuyğun saymır.
Bununla belə, ABŞ-ın Ermənistandakı səfiri ermənilərin başını qatmaq üçün məsələni diplomatikcəsinə digər tərəfə yönəldib. Onun sözlərinə görə, müxtəlif səviyyələrdə görüşlər olur, səmərəli əməkdaşlıq həyata keçirilir və onun dəyəri belə yüksək səviyyəli görüşlərlə deyil, ikitərəfli münasibətlərin məzmunu ilə müəyyən edilir. Ermənilərə təsəlli olsun deyə qeyd edib ki, Ermənistan müdafiə naziri ABŞ-da səfərdə olub. Paşinyan Kaliforniya qubernatoru və vitse-qubernatoru ilə səmərəli görüşlər keçirib, Kaliforniya çox böyük ştatdır və s. Bir sözlə, Linni Treysi Tramp-Paşinyan görüşünün bundan sonra ola biləcəyi barədə heç bir ümidverici fikir səsləndirməyərək erməniləri məyus edib.
“O apardığı populist siyasəti ilə ABŞ-da ona bəslənən ümidləri puça çıxardı”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Trampın Paşinyanla görüşməməsi Ermənistan hakimiyyətinə böyük zərbə oldu: “Paşinyanın Trampla görüşmək istəyinin reallaşmayacağı gözlənilən idi. Baxmayaraq ki, Ermənistan mediası görüşün baş tutacağı ilə bağlı rəy formalaşdırmağa çalışırdı. O da məlumdur ki, ötən il də Paşinyan Trampla görüşməyə çalışdı, hətta bu məqsədlə əvvəlcə müşavirini Vaşinqtona yolladı. Daha sonra ermənipərəst konqresmenlərin Ağ Evə məktub göndərilməsinə nail oldu. Ancaq bütün bu cəhdlər boşa çıxdı. Tramp Paşinyanla görüşmədi. Bu dəfə də Ağ Ev sahibi analoji mövqedən çıxış edərək Paşinyanla ikitərəfli görüşdən imtina etdi. Trampın Paşinyanla görüşü zəruri hesab etməməsi təsadüfi deyil. Məsələ ondadır ki, Paşinyan apardığı populist siyasəti ilə ABŞ-da ona bəslənən ümidləri puça çıxardı. Bir sıra məsələlərdə Paşinyan hakimiyyəti ABŞ-ın maraqlarına qarşı siyasət sərgilədi. Suriyada Vaşinqtonun iradəsinin əksinə olaraq, Rusiya ilə birgə hərəkət etdi, əvvəlki hakimiyyətlər kimi, Ermənistandakı indiki iqtidar da vassal siyasəti yeridir. İranla yaxınlaşma mövqeyi sərgiləyir. Bütün bunlar, əlbəttə ki, Vaşinqtonda xoş qarşılanmır. Bu, məsələnin görünən tərəfidir. Bunun görünməyən tərəfləri də var. Ona görə də bu gedişlə Paşinyan-Tramp görüşü hələ bundan sonra da baş tutmaya bilər”.
Vidadi ORDAHALLI