Prezident İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib ki, 20 il ərzində bizim Neft Fondumuz Azərbaycanın inkişafı üçün çox vacib vasitə rolunu oynayıb. Fond dünyanın ən şəffaf suveren fondlarından biri kimi BMT tərəfindən mükafata layiq görülüb. Bu Fondun Azərbaycanın inkişafında və sosial problemlərin həllində rolu olduqca böyükdür. Fondun aktivləri hesabına biz qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq qəsəbənin tikintisini maliyyələşdirmişik. Azərbaycan Respublikası Dövlət Neft Fondu insan kapitalına, təhsilə və infrastruktura sərmayə yatırıb. Sizin konfransda iştirakınız da yaxşı göstəricidir. Bildiyimə görə, sizin təsisat vasitəsilə də 250 milyon dollar həcmində sərmayə qoyulub.
Bizim əməkdaşlığımızın çox yaxşı və uğurlu tarixçəsi var. İqtisadiyyatımızın şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün zəminin yaradılması planlarını nəzərə alaraq gələcək inkişaf üçün də yaxşı perspektivlər mövcuddur. Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir.
Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Hans Piter Lankes deyib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun özünəməxsus sərmayə strategiyasına malik olması rəmzi məna daşıyır.
Görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanla əməkdaşlığının perspektivləri, iqtisadiyyatın şaxələndirilməsi, şəhər və kənd yerlərində yeni iş yerlərinin yaradılması, biznes mühitində qazanılmış uğurların daha da möhkəmləndirilməsi, özəl sektora birbaşa xarici investisiyaların cəlb olunması məsələləri müzakirə edilib.