İranla Ermənistan arasında üçüncü elektrik ötürücüsü xəttinin tikintisi təxirə salınıb. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən erməni mətbuatının sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, tikinti işləri 2020-ci ilin sonunadək dayandırılıb. Layihənin reallaşmasının təxirə salınmasının səbəblərindən biri kimi İranın bank sistemində yaranmış vəziyyət göstərilib.
Qeyd edək ki, İran-Ermənistan üçüncü elektrik ötürücüsü xəttinin tikintisinin 2019-cu il sentyabrın 1-də başa çatacağı planlaşdırılırdı. Əsas podratçısı İranın “Sunir” şirkətidir. Layihənin ümumi dəyəri 107,9 milyon avrodur. Bunun 77 faizi İranın İxracatın İnkişafı Bankının, 23 faizi isə “Sunir”in payına düşür.
Erməni tərəfi bunu İranın bank sistemindəki problemlərlə əlaqələndirsə də, əslində, bu versiya o qədər də real görünmür. Nəzərə almaq lazımdır ki, İranın "Sunir" şirkətinə iki ölkə arasında yüksək gərginlikli elektrik xəttinin çəkilməsinə icazə 2016-cı ildə verilib. İranla Ermənistan arasında bu layihə ilə bağlı memorandum 2006-cı ildə imzalanıb. Bu xətt İrandan Ermənistanın Mehri, daha sonra Razdan rayonuna çəkiləcək. Proqramın davamı olaraq, layihə Gürcüstanda həyata keçiriləcək. İranın indiki dönəmdə işləri dayandırması təkcə bankla bağlı olan məsələ deyil. Belə görünür ki, son vaxtlar Ermənistanın ABŞ-a yönəlik reveransları İranda xoş qarşılanmayıb. Bəzi məlumatlara görə, Paşinyan İrana qarşı ABŞ-a müəyyən gizli vədlər verib. Ən nəhayət, sözügedən elektrik xəttinin iqtisadi baxımdan səmərəli olmaması ilə bağlı ortaya çıxan məsələlər də bunda rol oynaya bilər.
Maraqlıdır, bəs ekspertlər İranın Ermənistana yönəlik bu addımının səbəbini nə ilə əlaqələndirirlər?
“Paşinyanın komandası hesab edir ki, İranda mövcud hakimiyyət devriləcək”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, bunun həm iqtisadi, həm də siyasi səbəbləri var: “Üçüncü elektrik ötürücüsü xəttinin tikintisinin dayanmasının bir səbəbi bank ödəmələrinin dayanması ilə bağlıdır. Məsələ ondadır ki, layihəni həyata keçirən İranın "Sunir" şirkəti olsa da, vəsaitin böyük hissəsini Avropa İttifaqı verir. Smetanın dəyəri 120 milyon avrodur. Onun da 80 miyonunu Aİ ayırıb. Yerdə qalan hissəni İranla Ermənistan maliyyələşdirir. ABŞ sanksiyaları səbəbindən Aİ ilə Ermənistan İrana pul köçürə bilməz. Digər tərəfdən, Ermənistan sanksiya məsələsində ABŞ-ın mövqeyindən çıxış edir. Milliyyətcə erməni olan İran vətəndaşlarının Ermənistanda bank hesabı açmasına icazə verilmir. Paşinyanın ABŞ-ın İrana qarşı oyunlarında iştirak etməsi real faktdır. Bunu İran tərəfi də bilir və get-gedə proseslərin fərqindədir. ABŞ-ın Ermənistandakı səfirliyinin 54 əməkdaşı var. Onların yarısı İran üzrə mütəxəssisdir. Onlardan hətta bəziləri vaxtilə İran vətəndaşı olan şəxslərdir. Onlar turist xətti ilə İrandan Ermənistana gələnlər arasında söhbət aparırlar, məlumat toplayırlar. Bir sözlə, İranın daxilindəki vəziyyəti bilirlər. Ermənistanın hazırkı hakimiyyəti hesab edir ki, İranda mövcud hakimiyyət devriləcək. Ona görə də Ermənistan bu oyunlarda ABŞ-la əməkdaşlıq edir. Onlar istəyirlər ki, bu prosesdən son nəticədə fayda götürsünlər. Ona görə də Ermənistanın İrana qarşı münasibəti düzgün deyil. Ancaq, sadəcə olaraq, İranda müəyyən qüvvələr var ki, onlar istəyir Ermənistan bu ölkə üçün ancaq yaxşı gözdə görünsün. Hər vasitə ilə Ermənistanla münasibətləri yüksək səviyyədə saxlamağa çalışırlar”.
Vidadi ORDAHALLI