Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra da davam edən təhdidlərə qarşı radikal millətçi hərəkat başlayır. Bu barədə fermer Tiqran Eqoyan məlumat verib. Onun sözlərinə görə, hərəkat bölgələrdən başlayacaq.
Hərəkatın əsas xüsusiyyəti isə iştirakçılardan heç birinin dövlət vəzifəsində təmsil olunmamasıdır: "İnqilabdan sonra təhlükəsizliyimizi təhdid edən vəziyyət yaranıb. Su elektrik stansiyalarının qanunsuz istismarı davam edir, sudan cinayətkar xarakterli istifadə var. Bu stansiyalar keşiş və generalların nəzarəti altındadır, yeniləri də tikilir. Kəndlər boşalır, insanlar kütləvi emiqrasiya edir, xəstəliklər yayılır".
Eqoyan bildirib ki, Nikol Paşinyanın da hakimiyyəti dövründə müqəddəslərə, əsgər və zabitlərə hücumlar qəbuledilməzdir: "Biz hərbçilərə yüksək dəyərlə bağlı Paşinyanın dediyinin tam əksini görürük".
Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra meydanlarda əhaliyə verdiyi vədlərin heç biri yerinə yetirilməyib. Əksinə, ölkədəki vəziyyət daha da acınacaqlı hal alıb. Demək olar ki, bütün təbəqələr ayrı-ayrılıqda Paşinyanın siyasətinə ən sərt formada etiraz edirlər. Göründüyü kimi, artıq fermerlər də ona ultimatum verirlər. Hətta ona qarşı əyalətlərdən bir hərəkat başlayacaqlarına söz verirlər. Əyalət qiyamlarının baş qaldırması nə ilə nəticələnə bilər?
Zamin Axundov: “Əyalətlərin də Paşinyanın üzərinə yeriməsi onun hakimiyyəti üçün yaxşı nəsə vəd etmir”
Politoloq Zamin Axundov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistandakı vəziyyətin acınacaqlı olması hamıya məlumdur: “Biz həmin ölkədə, demək olar ki, bütün təbəqələrin etiraz etdiklərinin şahidi olmuşuq. Ən maraqlısı isə budur ki, həmin etirazların çoxu heç siyasi qüvvələr tərəfindən deyil, əhalinin müxtəlif zümrəsi tərəfindən edilir. Bu, ölkədəki iqtisadi vəziyyətin acınacaqlı olduğuna bir sübutdur. Fermerin müraciətində qeyd edilir ki, onlar Paşinyanın adamlarının əlindən əkinlərini suvara bilmirlər. Deməli, Paşinyan heç də özünü qələmə verdiyi kimi demokrat deyil. Hətta əyalətlərdə belə, o özünə korrupsiya mexanizmi qurub.
Ermənistanda daxili ictimai-siyasi durum 8 may 2018-ci il “məxməri inqilab”ından sonra bunca gərgin olmamışdı. Məhz buna görədir ki, Nikol Paşinyanın reytinqi davamlı şəkildə enməkdədir.
Xatırladaq ki, təxminən iki ay öncə ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) ölkədə keçirdiyi rəy sorğusu aşkar etmişdi ki, Paşinyanın reytinqi inqilabdan sonra ilk dəfə Prezident Armen Sarkisyanınkından geri qalır - müvafiq olaraq 56 və 61%. Ümumiyyətlə, bu ilin yanvarı ilə müqayisədə Paşinyan 31%-lik reytinq itkisinə məruz qalmışdı. İndi bu rəqəm yəqin ki, daha da böyüyüb. Səbəb, əlbəttə ki, ilk növbədə, inqilab dalğasında hakimiyyətə gələn Nikol Paşinyanın əhalinin ondan gözləntilərini doğrulda bilməməsi ilə bağlıdır. Düşmən ölkədəki vəziyyətə Qərb KİV-i də getdikcə daha çox diqqət yetirir. Ümumən bu qənaət hasil olur ki, bu alovlu inqilabçı natiqin tərəfdarlarının İrəvanda hakimiyyətə gəlişindən ilyarım ötür. Amma Ermənistanın kasıb və bədbəxt əhalisi getdikcə daha aydın şəkildə dərk etməkdədir ki, onu, sadəcə, barmağa dolayıblar. Çünki Paşinyanın həmin vaxt küçə və meydanlarda ucadan bəyan etdiklərinin, demək olar, heç biri yerinə yetirilməyib”.
Politoloqun sözlərinə görə, əyalətlərdə yalnız fermerlər baş qaldırmır: “Məsələn, “Amulsar” dağ mədəni ətrafında ehtiraslar getdikcə qızışmaqdadır. Yerli əhali qəti şəkildə burada qızıl istehsalının əleyhinədir. Narazılıq o həddə çatıb ki, Cermuk kəndinin sakinləri vətəndaş itaətsizliyi aksiyaları keçirirlər. Hətta “Çiçəklənən Ermənistan” Partiyasının başçısı Qaqik Tsarukyan da onlara qoşulmaq fikrində olduğunu bildirib. Bir sözlə, əyalətlərin də Paşinyanın üzərinə yeriməsi onun hakimiyyəti üçün yaxşı nəsə vəd etmir”.
Məhəmmədəli QƏRİBLİ