Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe artıq bu ölkə ilə məsələnin sülh yolu ilə çözümü üçün danışıqlar aparılmasına hansısa ehtiyacın qalmadığını göstərir. Bunun ən real təsdiqi iki ölkənin xarici işlər nazirlərinin sön görüşü oldu.
Xatırladaq ki, Nyu-York şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib. Azərbaycanın Xarici İşlər Nazirliyinin Nyu-York görüşü ilə bağlı yaydığı bəyanat da təsdiqlədi ki, görüş formal xarakter daşıyıb. Bəyanatda qeyd olunur ki, görüş zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb. Beləliklə, Nyu-York görüşündə real nəticələr əldə olunmayıb.
Beləliklə, qeyd edilənlərdən bir daha aydın görünür ki, Azərbaycan və Ermənistan arasında ikincinin günahı üzündən danışıqlar faktiki olaraq dalana dirənib. Bu şəraitdə Ermənistanla yenidən masa arxasında bir araya gəlməyə hansısa ehtiyac da yoxdur. Təbii ki, belə vəziyyət həm də Qarabağ münaqişəsinin alternativ yolla həllini aktuallaşdırır. Qeyd olunduğu kimi, bütün bunlara əsas səbəb də Ermənistanın atdığı addımlar nəticəsində danışıqların davam etdirilməsinin heç bir mənasının qalmamasıdır. Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Modest Kolerov da bildirir ki, artıq Qarabağ danışıqlarının davam etdirilməsinin heç bir lüzumu yoxdur. Onun sözlərinə görə, Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatı danışıqlar prosesinin başa çatması deməkdir və son olaylar, xarici işlər nazirlərinin formal xarakter daşıyan görüşü də bunun təsdiqidir: “Paşinyanın bu sözləri isə 20 illik danışıqlar prosesinin yanlış olduğunu göstərir. Qeyd edim ki, Rusiya Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatını qəbul etmir. Bu bəyanat nə deməkdir? Bu, danışıqlar prosesinin sonu, 20 illik danışıqlar prosesinin səhv olması anlamına gəlir. Bu bir qədər kobud səslənə bilər, amma mən deyə bilərəm ki, hakim partiyadan hansısa deputat bununla bağlı layihə təqdim etmirsə, bu, boşboğazlıqdan başqa bir şey deyil. Ermənistan bunu mütləq nəzərə almalıdır”.
Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasov da bu mövqeni dəstəkləyir. Onun sözlərinə görə, Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatı qəribə təəssürat yaratdı: “Belə vəziyyətdə mən heç bir xüsusi, ciddi nəticə gözləmirəm, çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınması dialoqu hakimiyyət dəyişikliyindən sonra, fikrimcə, müsbət inkişaf edirdi. Paşinyan Əliyevlə görüşürdü, onlar Düşənbədə razılaşdılar, operativ əlaqə yaratdılar və tərəflər arasında hərbi insidentlər dayandırıldı. İndi sual yaranır ki, vəziyyəti kim və necə dəyişdi? Yalnız ictimai tərəf haqqında danışsaq, bu çətin olacaq, çünki mən hər zaman qeyd edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin çoxlu sayda kölgə tərəfləri var. Biz bunlar haqqında bilmirik, lakin başa düşürük ki, bunlar var. Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatı isə qəribə təəssürat yaratdı, çünki heç kim erməniləri irəvanlılara, qarabağlılara və digərlərinə ayırmağa hazırlaşmırdı. Sən mövqe dəyişikliyi haqqında bəyanat verirsən, bu isə mühüm dəyişikliyi nəzərdə tutur. Bunun nəticəsi odur ki, sən danışıqlar prosesini dayandırırsan və yeni mövqeyini aydınlaşdırırsan. Lakin Paşinyan bu sözləri deyəndə hər şey başa çatdı. Bu səbəbdən Mnatsakanyan Məmmədyarovla keçmiş formatda görüşür, cəbhə xəttində vəziyyət dəyişib. İndi nədən danışırlar? Güman etmək çətindir, çünki danışıqlar artıq dayanmağa doğru gedir və bunun alternativinin nə olduğunu Ermənistanda da başa düşməməiş deyillər. Belə vəziyyətdə Qarabağ savaşının yenilənməsi tamamilə gözləniləndir”.
Əslində, hadisələrin məhz qeyd edilən səpkidə inkişafının mümkünlüyünü Minsk Qrupunun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanatından da aydın sezmək olar. Bu bəyanat, demək olar ki, əsas etibarı ilə Ermənistan tərəfinə, o cümlədən də bu ölkənin baş nazirinə ünvanlanıb. Bəyanatda bu xüsusda həmsədrlər qeyd edir: “Həmsədrlər və nazirlər gərginliyin azaldılması, mövcud şəraitin saxlanması, sülhə imkan yaradan və danışıqlar üçün əlverişli olan predmetlər üzrə əlavə tədbirlərin müzakirəsini davam etdiriblər. Həmsədrləri martın 9-da qəbul etdikləri bəyanata istinad edərək, tərəfləri danışıqların nəticələrini pozan və ya onu qabaqcadan müəyyən edən ritorikadan istifadə etməyi minimallaşdırmağa çağırırlar". Bu fikirlərdən aydın görünür ki, həmsədrlər Nikol Paşinyanın Qarabağa dair bəyanatlarını rədd edir. Belə görünür ki, həmsədrlərin bu mövqeyinə rəğmən, Ermənistana real təzyiqlər olmayacağı halda işğalçı indiki mövqeyindən geri çəiklməyəcək. Bu isə, yuxarıda qeyd olunduğu kimi, artıq Qarabağ məsələsində post danışıqlar dövrünün başlanması ilə müşayiət edilməkdədir. Belə vəziyyət alternativ variant kimi savaşı qaçılmaz edir və bu savaşda erməni tərəfinin uğrayacağı məğlubiyyətlə Ermənistan, xüsusən də Paşinyanın özü üçün fəlakətli olacaq. Real mənzərə bundan ibarətdir ki, Paşinyan da sələfləri kimi Qarabağ kartından istifadə edərək siyasi, sosial və iqtisadi cəhətdən xal toplamağa çalışır. Ancaq hadisələr göstərir ki, Qarabağ məsələsi Levon Ter-Petrosyanı, Robert Köçəryanı, Serj Sarkisyanı hakimiyyətə gətirdiyi kimi, həm də devirdi. Bu baxımdan, növbədə Paşinyanın olduğunu da ehtimal etmək olar. Çünki mümkün yeni Qarabağ savaşında Azərbaycanın qazanacağı qələbələr Paşinyan üçün ciddi zərbə olacaq. Hər halda, 2016-cı ilin aprelində baş verənlər Sarkisyan iqtidarının sonunun sürətlənməsində birmənalı şəkildə mühüm rol oynadı. Yəni ortada konkret nümunə var və Paşinyanın bunu mütləq şəkildə nəzərə alması vacibdir. Elə rus ekspert Andrey Frolov da bunu vacib sayır.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməməsi savaşı aktuallaşdırır və bu zaman İrəvan nəzərə almalıdır ki, Bakı Silahlı Qüvvələrinin inkişafına, Ermənistandan fərqli olaraq, kifayət qədər böyük vəsaitlər ayırıb, onu əhəmiyyətli dərəcədə gücləndirib: "Silahlı Qüvvələrini yeniləmə tempi baxımından Azərbaycan son illərdə MDB-nin aparıcı ölkələrindən birinə çevrilib. Azərbaycan həm Rusiyadan, həm də başqa ölkələrdən bahalı, ciddi, yaxşı xarakteristikalara malik silah sistemləri alır. Bu silahların bəziləri 2016-cı ilin aprel hadisələri zamanı istifadə olunub. Say, texnoloji baxımdan Azərbaycan ordusu Ermənistan ordusundan üstündür. Elə 2016-cı ilin aprel döyüşlərində də ermənilər Azərbaycan ordusunun imkanlarını, özlərinin sandıqları kimi sarsılmaz ordularının olmadığını anladılar. İndi Qarabağ danışıqlarının dayanması halında bu olayların yenidən təkrarlanma ehtimalı böyükdür". Beləliklə, qeyd edilənlər bir daha təsdiq edir ki, Qarabağ danışıqlarının dayanması məsələnin hərbi həllini tezləşdirə bilər və burada zərbə alacaq yeganə tərəf qismində də Ermənistan çıxış edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.