Qarabağ danışıqlarının növbəti raundu ABŞ-ın Nyu-York şəhərində gerçəkləşib. Lakin, gözlənildiyi kimi, bu görüş heç nə ilə yadda qalmayıb və sadəcə, deklorativ xarakter daşıyıb.
Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 23-də Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşün yekunlarına dair bəyanat yayıblar.
Sənəddə deyilir ki, həmsədrlər BMT Baş Assambleyası çərçivəsində hər iki ölkənin xarici işlər naziri ilə ayrı-ayrılıqda və birgə görüşlər keçiriblər. Görüşlərdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüşdən, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar və təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonra fəaliyyətləri barədə məlumat veriblər. Onlar zorakılığın minimuma endirilməsi üzrə tərəflərin səylərinin müsbət nəticə verdiyini, mövcud birbaşa kanallardan istifadə olunduğunu qeyd ediblər, son faciəli hadisələrdən təəssüfləndiklərini bildiriblər.
Həmsədrlər və nazirlər gərginliyin azaldılması, sülh və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirlərin müzakirəsini davam ediblər. Həmsədrlər 9 mart tarixli bəyanatlarına əsaslanaraq tərəfləri danışıqların yekunlarına mənfi təsir göstərən ritorikadan istifadəni minimuma endirməyə çağırıblar.
Göründüyü kimi, bu dəfə də ATƏT-in Minsk Qrupu sözügedən məsələ ilə bağlı ənənəvi bəyanat verdi. Bəyanatda, əvvəlki kimi, ümumi sözlər işlədildi. Hansı ki, Ermənistanın danışıqlara zidd bir sıra addımları ortada idi. Gözlənilirdi ki, qurum bununla bağlı narahatlığını ortaya qoyacaq. Ancaq bunların heç biri baş vermədi. Yalnız ümumi ifadələr bəyanatda yer aldı.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Həmsədrlərin son birgə bəyanatını sanballı siyasi sənəd saymaq olarmı?
“Hər dəfə bəyanatlarda qeyri-konkret ümumi ifadələrin işlədilməsi münaqişənin həllinə gətirib çıxara bilməz”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, həmsədrlərin son bəyanatı əvvəlkilərdən elə də fərqlənmədi: “O baxımdan bunu tutarlı sənəd hesab etmək olmaz. Həmsədirlərin ümumən fəaliyyətindən Azərbaycan narazıdır. Bunu dəfələrlə müxtəlif formalarda bildirib. Xüsusən də onların seyrçi mövqe tutması və Azərbaycanla Ermənistana bərabər yanaşmaları qəbuledilməzdir. Bu cür yanaşma, əslində, münaqişəyə, baş verən hadisəyə və regiondakı təhlükəsizliyə ziddir. Çünki Azərbaycanın torpaqları işğal altındadır və bu, həmsədrlər tərəfindən bəyan edilməlidir. Ermənistana təzyiq edilməlidir. Danışıqlarda əsas məsuliyyət Ermənistanın üzərinə qoyulmalıdır. Bunların heç bir elementini biz həmsədrlərin bəyanatında görmürük. Nə əvvəlki, nə də indiki bəyanatda. Bəyanatda konkret məqsəd daşımayan ifadələr heç bir əhəmiyyət kəsb etmir. Bu o deməkdir ki, həmsədrlər Ermənistanın “başını sığallamaqla” məşğuldurlar. Məgər həmsədrlər görmürlər ki, Azərbaycanın xeyrinə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var? Bunu çox yaxşı bilirlər, sadəcə, ortaya konkret mövqe qoymaq istəmirlər. Bax, budur problem. Paşinyan avqust ayında Xankəndidə danışıqlara tamamilə zidd ifadələr işlətdi. Ancaq həmsədrlər bununla bağlı heç bir mövqe ortaya qoymadılar. Hər dəfə bəyanatlarda qeyri-konkret ümumi ifadələrin işlədilməsi münaqişənin həllinə gətirib çıxara bilməz. Ona görə də həmsədrlərin son bəyanatı da formal və deklorativ xarakterlidir”.
Vidadi ORDAHALLI