Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Anceles səfərindən əliboş qayıdıb. ABŞ-da heç bir rəsmi səviyyədə qəbul edilməyən Paşinyan Amerikanın erməni icmasından da lazımi dəstək ala bilməyib. O görüşdən Paşinyanın yeganə qazandığı təsəlli özünün və arvadının ABŞ Prezidenti Donald Trampla çəkdirdiyi şəkildir.
Səfər çərçivəsindəki ziyafətlərdən birində Paşinyanla arvadı fürsəti əldən verməyərək Trampla və onun həyat yoldaşı ilə şəkil çəkdirməyə nail olublar. Qeyri-rəsmi görüş şəraitində çəkilən bu fotonu Paşinyan sosial şəbəkələrdəki hesablarında yaymağa başlayıb.
Paşinyanın Tramp və onun həyat yoldaşı ilə çəkdirdiyi şəkli yaymaqda məqsədi nədir? O bununla nə demək istəyir?
“...onun arxasında öz siyasi təbliğatını qurmaq, iyrənc, saxta niyyətini həyata keçirmək məqsədi güdür”
Tanınmış ekspert, Əməkdar jurnalist Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan bu foto ilə ABŞ səfərinin uğursuzluğunu ört-basdır etmək istəyir. A.Həsrətin sözlərinə görə, Paşinyan bu fotonu yaymaqla, əslində, erməni xalqını özünün növbəti bir yalanına inandırmaq istəyir ki, guya o, Trampla kəlmə kəsib, söz danışıb. Paşinyanın ABŞ səfərinin, birmənalı olaraq, fiaskoya uğradığını deyən A.Həsrətin dediyinə görə, Paşinyan Amerikada çox aşağı səviyyədə qəbul edilib: “Əslində, Paşinyanın ABŞ-a, xüsusən də Los-Ancelesə, Kaliforniyaya səfəri bir fiaskodur. Çünki o, orada həm erməni diasporu nümayəndələrindən yetərincə dəstək ala bilmədi, həm də yüksək səviyyədə qəbul olunmadı. Xüsusən də Kaliforniyanın yüksək vəzifəli rəsmiləri Paşinyanı qəbul etməkdən imtina etdilər. Onu Kaliforniya ştatının qubernator müavini səviyyəsində qəbul etdilər. Əlbəttə, bu cür qarşılanma və qəbul olunma bir ölkənin Baş naziri üçün ayıb bir şeydir. Donald Tramp bir yana, hətta ştatların rəhbərləri belə ona sayğı göstərməyiblər. Bu da fiaskodan başqa bir şey deyil. Paşinyanla arvadı hanısa bir ziyafətdə yan-yana durub Trampla və onun həyat yoldaşı ilə şəkil çəkdiriblərsə, yaxud ayaqüstü söhbət ediblərsə, bu heç də onlar arasında isti münasibətin olması anlamına gəlmir. Bu, sıradan bir hadisədir. Paşinyanla arvadının Trampla çəkdirdikləri şəklin Paşinyan tərəfindən bu şəkildə yayılması, reklam edilməsi onun özünü “nüfuzlu dövlət xadimi” kimi təqdim etmək cəhdləridir. Bu, həmçinin, Paşinyanın bir siyasətçi kimi tükənməsinin və aşağı səviyyəli bir insan olmasının göstəricisidir. Bu fotoda qeyri-adi heç nə yoxdur, amma Paşinyan o şəkildən geniş sui-istifadə edərək onun arxasında öz siyasi təbliğatını qurmaq, iyrənc, saxta niyyətini həyata keçirmək məqsədi güdür”.
İradə SARIYEVA