Hər zaman olduğu kimi, ermənilər Dağlıq Qarabağla bağlı olan budəfəki danışıqlar ərəfəsində də təxribata əl atdılar. XİN rəhbərlərinin görüşü ərəfəsində cəbhədə Azərbaycan hərbçisi öldürüldü. Azərbaycan Xarici İşlər Nazirliyi neytral zonada vurulan əsgərimiz və ABŞ-da həmsədrlərlə görüş haqda qısa açıqlama yayıb.
Açıqlamada deyilir: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.
Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə, sadəcə, fikir mübadiləsi aparılıb".
Xatırladaq ki, sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu vurulub. BQXK-nin köməyi ilə onun meyiti təmas xəttindən götürülüb.
Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında qeyd edilir ki, əsgərimizin ölümünə görə düşməndən qisas alınacaq. Bunun üçün hansı yollar nəzərdə tutula bilər?
İbrahim Rüstəmli: “Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyə çox yaxındır və bu barədə ciddi düşünür”
Hərbi-siyasi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, diplomatiyamız adından belə bir bəyanatın verilməsini təqdir edir: “Biz onsuz da bilirik ki, Azərbaycan tərəfi heç vaxt düşmənə “borclu” qalmır. Hər zaman onlar törətdikləri təxribatların layiqli şəkildə cavabını alırlar. Biz adətən bənzər məzmunlu bəyanatları Müdafiə Nazirliyinin dilindən eşitməyə adət etmişik. Diplomatiyamızın belə sərt danışması ciddi mətləblərdən xəbər verir. Cəzalandırmaq deyəndə, təbii ki, hərbi vasitələr nəzərdə tutulur. Bu, o anlama gəlir ki, sabah Azərbaycan tərəfi istənilən erməni zabiti və ya əsgərini öldürməklə doğru addım atmış olduğunu sübut edəcək. Bunu dövlətimizin kəskin mövqeyi kimi dəyərləndirə bilərik. Belə başa düşürük ki, danışıqların pozulmasına yönəlik bu cəhdlər artıq mütləq layiqli cavabını almalıdır. Çünki iki yol var, ya diplomatik, ya da hərbi. Görünür, ermənilər ikinci yolu seçməyə maraq göstərirlər. Mən bu qənaətdəyəm ki, ermənilər ölkəmzin bu cür sərt siyasi mövqeyinin fərqindədirlər. Bu həm də Azərbaycanın səbr kasasının dolması anlamına gəlir. Buna bənzər addımlarla bağlı daha sərt addımlar atılacaq. Söhbət yalnız hərbi yolla qisasdan və cəzalandırmadan gedə bilər. Cəzasızlıq özbaşınalıq, hegemonluq yaradır. Ermənilər zaman-zaman belə təxribatlar törədib, cavabsız da qalmayıblar. Bundan sonra belə davam etməz. Yəni biz heç də hər zaman onların hansısa təxribat törətməsini gözləyib, cavab vermək haqda düşünməməliyik. Hesab edirəm ki, bütün bu yaşananlar bir daha sübut edir ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyə çox yaxındır və bu barədə ciddi düşünür”.
Məhəmmədəli QƏRİBLİ