Məlum olduğu kimi, "Rusiya Dəmir Yolları"nın (RDY) törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolları” Ermənistanı tərk etmək niyyətinə düşüb. Xatırladaq ki, Ermənistanda dəmir yollarının idarəçiliyi məhz "Cənubi Qafqaz Dəmir Yolları”nın (CQDY) tabeliyindədir. Bu günlərdə Rusiyanın "Kommersant" qəzeti də belə bir yazı ilə çıxış etmişdi ki, üzləşdiyi problemlər və təzyiqlər üzündən "Rusiya Dəmir Yolları" Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması ilə bağlı sazişi ləğv edə bilər. Digər tərəfdən, məlumata görə, Rusiya tərəfi İrəvanın "Cənubi Qafqaz Dəmir Yolları”nın işinə mane olduğunu bəyan edib.
Rusiya nəqliyyat nazirinin müavini Vladimir Tokarevin bildirdiyinə görə, Ermənistan "Cənubi Qafqaz Dəmir Yolları”nın normal işləyə bilməyəcəyi vəziyyət yaradıb. O həmçinin qeyd edib ki, "Cənubi Qafqaz Dəmir Yolları” Ermənistanla sazişin vaxtından əvvəl ləğvi ilə bağlı məsələnin ciddi şəkildə araşdırılmasına başlayıb. Baş verənlərlə bağlı Ermənistanın “Lragir” portalı isə yazır ki, Rusiya dəmir yollarının, ardınca isə digər rus biznesinin Ermənistanı tərk etməsi İrəvan üçün müsbət heç nə vəd etmir: “Rusiyanın Ermənistan dəmir yollarının istismarı ilə bağlı güzəştli müqavilədən imtina etmə ehtimalı Moskvanın Ermənistan kommunikasiyalarına geopolitik marağını itirməsilə bağlı ola bilər. Belə nəticəyə son 10-12 ildə regionda baş verən hadisələrin ardıcıllığına və Rusiyanın niyyətinə baxaraq gəlmək olar.
Hazırda regionda durum və Rusiyanın öncəlikləri 2006-cı illə müqayisədə köklü şəkildə dəyişib və mümkündür ki, Moskva artıq Ermənistan dəmir yollarına görə məsuliyyət daşımaq istəmir. Kreml bəyan edə bilməz ki, artıq Cənubi Qafqaz kommunikasiyaları onun üçün maraqlı deyil. Ona görə də yeni erməni hökumətinə qarşı iradlar irəli sürülür. Görünür, Rusiya müqavilənin Ermənistanın deyil, özünün şərtləri əsasında pozulmasını istəyir. Ermənistan dəmir yolları hansı şəraitdə Rusiyanın əlinə keçdi?
Dəmir yollarının idarəçiliyə verilməsi niyyəti hələ 2006-cı ilin oktyabrında elan olunmuşdu. 2007-ci ildə tender elan edildi və həmin tenderdə hind “Rail India Technical and Economic Services” (RITES) şirkəti ilə “Rusiya Dəmir Yolları” (RDY) iştirak etdi. Lakin hind şirkəti 2007-ci ilin dekabr ayının sonunda gözlənilmədən tenderdən çıxdığını elan etdi. Və 2008-ci ilin yanvarında məlum oldu ki, “Rusiya Dəmir Yolları” (RDY) tenderi udub. Müqavilə 13 fevral 2008-ci ildə, yəni Ermənistanda prezident seçkilərinə cəmi bir həftə qalmış imzalanıb. Bu seçki nəticəsində Robert Köçəryanı prezident postunda Serj Sarkisyan əvəzləyib. Rusiya Ermənistan dəmir yollarına sahib olmağı, yəqin ki, ambisiyalı regional məqsədlə qərara alıb. Xatırladaq ki, 2007-ci ilin noyabr ayında rus bazalarının Gürcüstandan çıxarılması başa çatdı və Bakı-Axalkalaki-Qars dəmir yolunun layihələndirilməsi işi başladı. İstisna edilmir ki, Gürcüstanda hərbi iştirakını itirən Rusiya o zaman Ermənistan vasitəsilə regionda təsirini bərpa etməyi və genişləndirməyi qərara alıb.
2008-ci ilin iyun ayında Serj Sarkisyan Moskvadan Türkiyə prezidenti Abdullah Gülü İrəvana dəvət etdi və “futbol diplomatiyası”nı işə saldı. Ekspertlər bu planı Ermənistanın baş tutmayan rus-türk inkorporasiyası cəhdi adlandırır. Bu proses Qars-Gümrü dəmir yolunun açılmasını da nəzərdə tuturdu. “Rusiya Dəmir Yolları”nın rəhbəri yolun Qarsadək olan hissəsinin bərpa edilməsi niyyətini gizlətmirdi və bu, Rusiyaya regional kommunikasiyalara nəzarət etmək imkanı verə bilərdi. Lakin bu baş vermədi. Serj Sarkisyanın Ermənistan-İran dəmir yolununun çəkilişi barədə olan layihəsi də həyata keçmədi. Bu layihənin iki marşurutu – biri Mehridən keçməklə, hansı ki, həddindən artıq baha başa gələrdi və heç kimi maraqlandırmazdı, ikincisi, Ermənistanla Azərbaycan arasında razılaşma əldə edildiyi təqdirdə Naxçıvandan keçməklə ola bilərdi.
Xatırladaq ki, həmin dövrdə Rusiya prezidenti Dmitri Medvedyev “kommunikasiyalar qarşılığında ərazilər” prinsipinə söykənən Qarbağda tənzimləmə planını aktiv şəkildə dəstəkləyirdi. Ancaq bu plan da işləmədi. 2016-cı ilin aprel müharibəsindən və Ermənistandakı 2018-ci il inqilabından sonra isə aydın oldu ki, rus planları öz aktuallığını itirb. Beləliklə, Naxçıvandan keçməklə Ermənistan-İran dəmir yolununun çəkilməsi də ümidsiz bir layihə oldu. 2019-cu ilin yayında Tiflisdə antirusiya etiraz aksiyalarının keçirilməsindən sonra Rusiyanın Abxaziya dəmir yolunun açılması ilə bağlı planları da uğursuzluğa düçar oldu. Rusiya hələ də Ermənistanda çoxlu aktivə sahibdir. Lakin regiona çıxış olmadan, bu aktivlər çox vaxt Rusiya üçün bir yük olur. Görünür, Kremldə hesab edirlər ki, öz üzərlərindən Ermənistan dəmir yollarının yükünü atmağın vaxtı çatıb”. Rusiyanın Ermənistanın dəmir yollarından çıxması, qeyd olunduğu kimi, İrəvan üçün müsbət heç nə vəd etmir. Ümumiyyətlə, bu gedişlə Rusiya biznesinin Ermənistanı tamamilə tərk etməsi də gözlənilən hal sayılır. Bunun Rusiya prezidenti Vladimir Putinin İrəvana səfərindən sonra intensivləşməsi gözlənilir. Çünki burada Nikol Paşinyan Putinə qarşı açıq düşmənçilik sərgiləmək niyyətindədir. Bu xüsusda Ermənistanın “politik.am” saytı yazır ki, Ermənistanın yeni hökuməti Vladimir Putinin İrəvana səfərinə iki cür hazırlaşır: həm rəsmi tədbirlər planlaşdırılır, həm də Putinə qarşı etiraz aksiyaları təşkil edilir. Saytın mənbəsi hakimiyyətin fərqli nümayəndələrinin Putinə qarşı etirazlarda iştirak edəcək gəncləri əlaqələndirdiyini bildirib. Aksiyalara Gürcüstandan da müxtəlif şəxslərin cəlb ediləcəyi vurğulanıb. Media aktivistlərin Putinə qarşı fəaliyyətini parlamentin “Mənim Addımım” blokundan olan deputat Ovanes Ovannesyanın, Gürcüstandan etirazçıların cəlbini Paşinyanın sədri olduğu “Mülki Müqavilə” Partiyasının üzvü Arsen Xaratyanın koordinasiya etdiyini yazıb. Aksiyalarda, həmçinin, “Sasna Tsrer“ Partiyasının da nümayəndələrinin iştirak edəcəyi qeyd edilib. Təbii ki, bütün bunlar Moskvada da aydın sezilir və elə Rusiya biznesinin Ermənistandan çıxarılması da Kremlin bu ölkəyə cavab zərbəsi kimi mühüm əhəmiyyət daşıyır.
Tahir TAĞIYEV