Rusiya və Türkiyə arasında hərbi sahədə intensiv inkişaf edən hərbi əməkdaşlıqdan Ermənistanın böyük narahatlıq duyması heç kimə sirr deyil. Amma İrəvanın bu narahatlığına rəğmən, Moskva və Ankara ən son texnloji hərbi avadanlıqların mübadiləsi sahəsində əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. Bunun isə Azərbaycan üçün də müəyyən təsirlərinin olması, ölkəmizin bu əməkdaşlıq fonunda yeni hərbi texnologiyalar alması proqnozlaşdırılır. Məsələn, artıq erməni mediası son dövrlərdə xüsusi həyəcan təbili çalır ki, Azərbaycan Türikyə vasitəsilə Rusiyanın beşinci nəsil qırıcı təyyarələri olan Su-57-ləri əldə edə bilər.
Yeri gəlmişkən qeyd edək ki, Nur-Sultanda Avrasiya ölkələrinin parlament spikerlərinin dördüncü iclasında iştirak edən Türkiyə parlamentinin sədri Mustafa Şəntop bildirib ki, Ankara ona sərf edən şərtlər əsasında Rusiyadan beşinci nəsil Su-57 tipli qırıcıları ala bilər: "Niyə də yox? Təbii ki, hər bir ölkənin müdafiə sənayesində öz ehtiyacları var. Xatırlayırsınızsa, S-400-lərlə də bağlı belə bir vəziyyət yaranmışdı. Türkiyə öz müdafiəsi üçün istənilən vasitəni sərfəli şərtlərlə ala bilər. Bu vasitələr həm Rusiyadan, həm də üçüncü ölkədən alına bilər". Qeyd edək ki, avqustun 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə "MAKS – 2019" aviasərgisinə qatılıb. Məhz burada Türkiyə prezidenti Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcıları ilə maraqlanıb və prezidentlər bu mövzuya danışıqlar zamanı da toxunublar. Ərdoğan bəyan edib ki, Türkiyə və Rusiya Su-57-nin tədarükü ilə bağlı danışıqlar aparır. Elə bundan sonra Ermənistanın "1-in.am" portalı belə bir iddia ilə çıxış etdi ki, Türkiyə həmin qırıcıların bir hissməsini Azərbaycana ötürəcək: “Türkiyə sanksiyaların təhdidinə boyun əyməyərək hazırda Ərdoğan səviyyəsində Rusiya qırıcılarına maraq göstərməkdədir. Bu vəziyyət, təbii olaraq, Ermənistanı maraqlandırmalıdır. Həm də sadəcə Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı baxımından deyil, məsələyə daha geniş yanaşılmalıdır. Məsələ burasındadır ki, rus qırıcıları Ankaraya çatdıqdan sonra Bakıda peyda ola bilər. Bundan əlavə, hələ 2 il əvvəl Ermənistanın Rusiyadan Su-30 qırıcı təyyarələrini alması ilə bağlı müzakirələr gedərkən bəzi rus hərbi ekspert dairələri qeyd edirdi ki, Moskva bu qırıcıları Ermənistana verməklə daha yeni təyyarələr almaq üçün Azərbaycanı təşviq etmək niyyətindədir. Türkiyəyə verilən təyyarələr Azərbaycan tərəfə verilsə, o zaman bunun Ermənistan üçün ağır nəticələri ola bilər. Ankara əldə etdiyi bəzi rus qırıcılarını təkrarən Bakıya sata bilər. Ən azı, bunun nəzəri bir təhlükəsi mövcuddur. İstənilən halda açıq şəkildə görünür ki, Rusiya Türkiyə hərbi-texniki sövdələşməsi halında İrəvan bu anlaşmanın Rusiya və Azərbaycan arasında vasitəçilik ticarətinə çevrilməyəcəyinə dair Moskvadan zəmanət almalıdır. Bu hərbi-texniki əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə təhdid yaradır, eyni zamanda Ermənistanın hava üstünlüyü strategiyasının perspektivini təhlükə altına alır”.
Amma “Əl-Monitor” dərgisi yazır ki, Ermənistanı narahat edən məsələ təkcə qırıcı təyyarələrlə bağlı deyil. Türkiyə Rusiya ilə əməkdaşlıq nəticəsində yerli istehsalı olan pilotsuz uçan aparatlarını Azərbaycana satmağa hazırlaşır: "Türkiyə ilk kruiz raketini döyüş başlığı ilə sınaqdan keçirib. “SOM-B2”-nin sınağı Ankaranın müdafiə sənayesini inkişaf etdirmək və xarici silah istehsalçılarından asılılığını azaltmaq səylərinin bir hissəsidir. Bu səylərin digər bir hissəsi Türkiyənin aparıcı dron istehsalçısı “Baykar Makina”nın “Akıncı” adlı PUA-sıdır. “Baykar Makina” Türkiyə və İraqda 3 ildir ki, antiterror əməliyyatlarında, Egey dənizində və Suriyanın şimalında kəşfiyyat və nəzarət üçün aktiv istifadə olunan “TB Egekli” dronları istehsal edir. “TB2” ilə Türkiyə ABŞ, Rusiya, Çin, İsrail, Pakistan və İrandan sonra operativ PUA sahəsində 6-cı ölkə olub. “TB2”nin ilk ixracatı Qətərə, ardınca Ukraynaya edilib. Ancaq “Baykar Makina” artıq coğrafiyanı genişləndirib. Avqustun əvvəlində Ukraynanın dövlətə məxsus silah ixrac şirkəti “Ukrspecexport” daha inkişaf etmiş “Akıncı” istehsalına kömək etmək üçün “Baykar Makina” ilə birgə müəssisə qurub. Türkiyə bu fonda nümunə mühərriklərini sentyabrın əvvəlində Ukraynadan alıb və Bayraktar testlərin ilk vizual görüntülərini sentyabrın 7-də “Twitter”də paylaşıb. “Akıncı” PUA-nın qanadları 20 metr, ən yüksək uçuş çəkisi 4500 kiloqram olacaq. 24 saat ərzində havada qalması və 12192 metr əməliyyat tavanına sahib ola biləcəyi gözlənilir. Bu rəqəmlər “TB2”nin statistikasını, demək olar ki, 2 qat artırır. Türkiyə Müdafiə Sənayesi rəhbərliyinin sözlərinə görə, “Akıncı” müvafiq olaraq 450 ilə 900 kiloqrama qədər yüklənə biləcək. Hava nəqliyyat vasitəsi “Aselsan AS” tərəfindən hazırlanmış missiya avadanlığı aktiv elektron skan edilmiş serial radar və platformanın yerüstü stansiyadan asılı olaraq fəaliyyət göstərməsinə imkan verən elektron döyüş və peyk rabitə sistemləri ilə təchiz ediləcək. O, “Roketsan MAM-L” dəqiq idarə olunan bombası, “Cirit” raketləri və 8 kilometrə qədər məsafəni hədəfə ala biləcək ən son “MAM-C” “ağıllı silah”ı daşıya biləcək. Ankara “Baykar Makina”nın səylərinə çox diqqət yetirir. Türkiyədəki iqtisadi böhrana baxmayaraq, bu ay “Baykar Makina”ya “Akıncı” istehsal etmək üçün İstanbulun Esenyurt mahalında geniş bir zavod inşa etmək məqsədilə 120 milyon dollara yaxın dövlət dəstəyi, ixrac və əlavə dəyər vergisi güzəştləri verilib. “Akıncı” dronlarının əvvəlcə Türkiyə hərbçilərinə təhvil veriləcəyi gözlənilir. Bundan əlavə, Qətər, Azərbaycan və Malayziya “Akıncı” satın almaqda maraqlıdır.
Hazırda Türkiyə “Akıncı” ilə bağlı bir mühüm problemi həll etməlidir və məhz bu zaman dövriyyəyə Rusiyanın girməsi gözlənilir. Belə ki, “Akıncı” ciddi bir risq təqdim edən “GPS”dən asılıdır. Bu gün ABŞ tərəfindən idarə olunan GPS-in yeganə qlobal alternativi bir neçə il əvvəl tam qlobal əhatə dairəsinə çatan Rusiyanın GLONASS-ıdır. “Akıncı” GPS ilə əlaqəli qalacaq və ya QLONASS-a keçəcək? Bu sualın cavabı Rusiya istehsalı olan S-400 sistemi və F-35 reaktiv qırıcı böhranından bəllidir. Ankaranın pilotsuz texnologiyalar və avtonom sistemlər inkişaf etdirmək istəyi qaldığı və ABŞ-ın töhfəsi olmadığı müddətdə Ankaranın üz tutacağı yeganə yer Moskvadır. Ankara Moskva ilə əməkdaşlıq edərkən ABŞ Türkiyəyə mürəkkəb hərbi texnologiyalar təqdim etməkdən imtina edir. Müdafiə və təhlükəsizlik sahələrində Ankara ilə Vaşinqton arasındakı böhran nə qədər böyük olarsa, Ankara ilə Moskva arasındakı münasibətlər bir o qədər yaxınlaşacaq”. Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Azərbaycan yaxın tezlikdə Rusiyanın QLONASS-ı ilə idarə edilən Türkiyənin yeni pilotsuz döyüş aparatlarını ordusunun ixtiyarına verə bilər. Bu isə Azərbaycanın hərbi hava sahəsində üstünlüyünü artırmaqla Ermənistana vurulacaq növbəti zərbə sayılır.
Nahid SALAYEV