Məlum olduğu kimi, hazırda ölkədə iki adda AXCP fəaliyyət göstərir. Onlardan birinə Razi Nurullayev, digərinə isə Əli Kərimli rəhbərlik edir. Vaxtilə Razi Nurullayev birləşmiş AXCP-də Əli Kərimlinin müavini olub.
Sonra partiyada yaranan narazılığa görə tərəfdarları ilə partiyanı tərk edib. Razi Nurullayev iddia edir ki, hazırda legitim AXCP onun rəhbərliyi altında fəaliyyət göstərir.
Razi Nurullayev: “Ona “siyasətdən get” deyən yoxdur, AXCP-lərin birləşməsi naminə partiya sədrliyindən istefa versin!”
Fuad Qəhrəmanlı ətrafında baş verən hadisələrin fonunda, Razi Nurullayev maraqlı təkliflə çıxış edib. Partiya sədri R.Nurullayev təşkil olunan son toplantıda çıxış edərək AXCP-nin üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib. Partiyanın birləşməsi məsələsinə toxunan R.Nurullayev deyib ki, ölkədə iki AXCP-nin olması yolverilməzdir: “ Mənim – R.Nurullayevin və Əli Kərimlinin rəhbərlik etdikləri AXCP-lər vahid bir partiyada birləşməlidir. Bu, günümüzün, xalqımızın və demək olar ki, hər kəsin tələbidir. Birlik çağırışları edən zaman səmimi olmuşam və bu gün də bu istəyimi ürəkdən, təzyiq altında qalmadan, özüm və partiyadaşlarımın iradəsi ilə səsləndirirəm. Biz inanırıq ki, hazırkı iqtidara ciddi siyasi müqavimət təşkil etmək üçün müxalifət arasında olan çəkişmələrə, dedi-qodulara, qarşılıqlı ittihamlara son qoyulmalıdır. Əgər qarşı tərəf bizə olan hücumları və təhqirləri kənara qoysa, o zaman birləşmək üçün daha ciddi səylər göstərə bilərik”.
R.Nurullayevin fikrincə, AXCP-lərin birləşməsi üçün məqbul bilinən yol partiyanın vahid qurultayının keçirilməsi, AXCP-nin hər iki qanadının rəhbərlərinin, onun və Ə.Kərimlinin sədrliyə iddialı olmamasıdır: “Biz cəmiyyətə, xalqa doğru-dürüst mesajlar verək ki, xalq bizə inansın. Bundan artıq daha nə edə bilərəm ki? İndi söz Ə.Kərimlidədir. Mütləq şəkildə AXCP-ləri birləşdirməliyik və intriqalara son qoymaq üçün yeni sədr seçilməlidir. Digər tərəfdən, bir nəfər nə qədər sədr kürsüsündə qala bilər? Məgər biz hökuməti buna görə tənqid etmirikmi? Bəs o zaman iqtidardan fərqimiz nədir? Qoy Ə.Kərimli papağını qarşısına qoyub ciddi düşünsün! Ona “siyasətdən get” deyən yoxdur, AXCP-lərin birləşməsi naminə partiya sədrliyindən istefa versin!”
Göründüyü kimi, R.Nurullayev partiyanın bütövləşməsi üçün gözəl bir model təklif edir. Hər iki sədr ambisiyasını kənara qoymaqla məsələ öz həllini tapa bilər. R.Nurullayevin rəhbərlik etdiyi qurumun mövqeyi ortada olduğu üçün, qarşı tərəfin bu təklifə reaksiyasını öyrənmək istədik. Təəssüflər olsun ki, Ə.Kərimlinin rəhbəri olduğu qurumdakı funksionerlər mediaya olan münasibətlərindəki bolşevik təfəkkürünü hələ də dəyişməyiblər. Onlar, birmənalı olaraq, deyirlər ki, Ə.Kərimlinin başçılıq etdiyi qurumun fəaliyyətinə birmənalı dəstək verməyən hər hansı KİV-lə əməkdaşlıq etmirlər. Bu səbəbdən də sualımız cavabsız qaldı. Qərara aldıq ki, kənar partiyaların məsələyə mövqeyini öyrənək.
Sahib Kərimov: “Partiyadan ayrılıb başına bir neçə nəfəri yığmaq o demək deyil ki, sən elə AXCP-sən”
Uzun müddət AXCP-də funksioner kimi fəaliyyət göstərmiş, sonradan partiyadan istefa verən Sahib Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qaldırılan məsələ ideya olaraq yaxşıdır: “Ancaq mən buna fərqli baxıram. Şəxsən mənim özüm də istəyirəm ki, “Rəsulzadə-Elçibəy” yolunun davamçıları olan qurumlar birləşsinlər. Onda ortaya çox güclü bir təşkilat çıxa bilər. Bu yolda çalışmalarım da var. Ancaq hesab etmirəm ki, bunu yalnız ciddi legitimliyi olmayan R.Nurullayevin rəhbəri olduğu qurum edə bilər. Partiyadan ayrılıb başına bir neçə nəfəri yığmaq o demək deyil ki, sən elə AXCP-sən. Bəli, qarşılıqlı güzəştlər olmalıdır. Bunsuz mümkün deyil. AXCP-dən yalnız R.Nurullayev ayrılmayıb axı. Görün nə qədər nüfuzlu şəxslər oradan gediblər. Oranın şinelindən çıxan neçə partiya var. Bu istiqamətdə daha ciddi iş aparılmalıdır. Milli Azadlıq Hərəkatında çox ciddi çəkiyə malik olan şəxslər burada nələrsə edə bilərlər. Onları bir araya gətirməliyik”.
Elşən Həsənov: “Qarşı tərəf də buna adekvat reaksiya versə, daha bütöv bir təşkilat yarana bilər”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov isə qəzetimizə açıqlamasında R.Nurullayevin təklifini dəstəklədiyini bildirdi: “Həqiqətən də hiss edilir ki, Razi bəy öz əqidədaşlarını bütövləşdirmək istəyir. Bu yolda bütün ambisiyalarını da kənara qoyaraq hərəkət edir. Qarşı tərəf də buna adekvat reaksiya versə, daha bütöv bir təşkilat yarana bilər. Siyasətdə güzəştlər olmalıdır. Bir şəxs uzun illər sədrlik postundan getmirsə, elə bunun özü də avtoritarizmə dəlalət edir”.
Məhəmmədəli QƏRİBLİ