“Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan ölkələrə ciddi təhlükə yaradır”. Bunu KTMT-nin qərargah rəisi general-mayor Anatoli Sidorov deyib. O, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivliyin nəzərə çarpdığını qeyd edib.
Bununla belə, Moskva-İrəvan-Minsk-Nur-Sultan-Bişkek videokörpüsü zamanı Sidorov bildirib ki, tənzimlənməyən münaqişənin mövcudluğu KTMT üzvü olan ölkələrə ciddi təhlükə yaradır: “Qafqazda KTMT üzv ölkələrinin təhlükə mənbələrindən biri Qarabağ münaqişəsidir. Tənzimləmənin siyasi prosesləri münaqişə iştirakçıları və beynəlxalq təşkilatlar sayəsində aktivləşib”.
A.Sidorov onu da qeyd edib ki, hazırda münaqişənin siyasi yolla nizamlanması aktivləşsə də, münaqişə zonasında atəşin kəsilməsi üçün hələ görüləcək çox iş var: “Bu, baş verməyənə qədər Qarabağ münaqişəsi regional təhlükəsizlik üçün əsas təhdid mənbəyi olaraq qalacaq”.
Görünən odur ki, KTMT rəhbərliyi də münaqişənin indiyə qədər həll edilməməsindən narahat olmağa başlayıb. Düzdür, zaman-zaman KTMT rəsmiləri Qarabağ məsələsinə münasibət bildirib. Ancaq münaqişənin həll edilməməsinin təşkilata üzv olan ölkələrə təhdid yaratması barədə fikirlər problemə yeni baxışın olmasından xəbər verir.
Maraqlıdır, A.Sidorov bu fikirləri səsləndirərkən nəyi nəzərdə tutub? Ümumən ekspertlər bunu necə dəyərləndirirlər?
“Münaqişənin alovlanması bir sıra problemlərin yaranmasına yol aça bilər”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov buna bir neçə kontekstdən yanaşdı: “KTMT qərargah rəisi general-mayor A.Sidorovun məlum fikirləri proseslərin gedişindən doğan narahatlığın aydın təzahürüdür. Rusiyanın da hərbi-siyasi elitası artıq daha dərindən anlamağa başlayıb ki, münaqişənin yenidən eskalasiyası bütün region üçün ağır fəsadlar törədə bilər. İrəvanın daimi dəstəkləyicisi olan rəsmi Moskva, istər-istəməz, daha bir münaqişəyə cəlb edilə bilər. Rusiya, Türkiyə, İran arasında əldə edilmiş hərbi-siyasi əməkdaşlıq bir anda rəqabətə və qarşıdurmaya çevrilə bilər. Başı daxili problemlərinə, iqtisadi-sosial sıxıntılara qarışan, sanksiyalardan əziyyət çəkən və Suriyada münaqişəyə milyardlarla pul xərcləyən Rusiyaya daha bir münaqişə ocağı lazım deyil. Özü də lap sərhədlərinin yaxınlığında. Bu, Rusiyaya çox baha başa gələ bilər. Ona görə də KTMT-yə təhdid deyiləndə, təbii ki, əsasən Rusiya nəzərdə tutulur. Çünki bu hərbi birlikdə təmsil olunan Belarus və Qazaxıstanın Azərbaycanın tərəfini tutacağı şübhəsizdir. Belə olan halda, KTMT-nin də daxilində parçalanma baş verə bilər. Bir sözlə, münaqişənin alovlanması bir sıra problemlərin yaranmasına yol aça bilər. Odur ki, Moskva hər vəchlə münaqişənin dondurulmasına çalışır. Azərbaycan isə bu əlverişli fürsətdən maksimum yararlanmağa çalışmalıdir”.
Vidadi ORDAHALLI