Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verərək qeyd edib ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan ibarət hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar “Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.
Prezident İlham Əliyev deyib ki, “vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır”.
Məlumat verilib ki, paytaxtın yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün şərait yaradılıb. Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur.
Sonra dövlət başçısı və birinci xanım platformalarda və gözləmə zallarında yaradılan şəraitlə maraqlanıblar.
Bildirilib ki, burada dörd platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var. Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edəcək.
Prezident İlham Əliyev burada yaradılmış şəraiti yüksək qiymətləndirib.
Sonra dövlət başçısı və birinci xanım Türkiyənin BMC şirkətinin istehsalı olan avtobusa baxıblar. Prezident İlham Əliyev əlavə müasir avtobusların alınması ilə bağlı tapşırıqlarını verib.
Baki-xeber.com