Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olmayacaq. Bunu Ermənistan XİN müavini Qriqor Avanisyan jurnalistlərə açıqlamasında bildirib. O, görüşün baş tutmamasını BMT-nin Baş Assambleyasının iclasında olduqca çox dövlət başçısının iştirakı və onların hamısının ABŞ lideri ilə görüşə cəhdi ilə əsaslandırıb.
Avanisyan Paşinyanın öz qarşısında Trampla görüş məqsədi qoymadığını deməklə jurnalistləri də güldürüb. Nazir müavini ermənisayağı yalanına davam edərək qeyd edib ki, Ermənistan ilə ABŞ arasında münasibətlər mükəmməldir və heç bir problem yoxdur.
Xatırladaq ki, Ermənistanın Baş nazirinin özü dəfələrlə bildirib ki, ABŞ rəhbərliyi ilə görüş olduqca vacibdir. Paşinyanın sözlərinə görə, bu, Ermənistanın iqtisadiyyatı və siyasətindəki tərəqqi üçün çox şey əldə etməyə imkan verə bilər.
Ölkənin XİN rəhbəri də, gecə-gündüz, ABŞ-da ən azı dövlət katibi Maykl Pompeo ilə görüş təşkil etmək üçün çalışıb. Amma heç nə əldə edə bilməyib. Hətta tərif edilən ermənilərin ABŞ diasporu heç nə ilə kömək edə bilməyib. Tramp, sadəcə olaraq, Paşinyanla görüşmək istəməyib.
Paşinyan özü gözəl anlayır ki, baş tutmayan görüş onun son zamanlar xeyli düşən avtoriteti üçün ciddi zərbədir. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan isə hələ də optimistdir. O deyir ki, onsuz da bu görüş nə vaxtsa baş tutacaq. Qeyd edək ki, bir müddət əvvəl Paşinyan ABŞ-dakı səfiri məhz rəsmi Vaşnqtondakı rəhbərliklə Ermənistan rəsmilərinin görüşünü təşkil edə bilmədiyinə görə möhkəm danlamışdı. Bununla demək olarmı ki, Paşinyanın Trampla görüş məsələsinə birdəfəlik nöqtə qoyuldu?
Hatəm Cabbarlı: “Paşinyanın Trampla görüşə bilməməsinin əsas səbəblərindən biri onun siyasi legitimliyinin ABŞ tərəfindən tanınmamasıdır”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın belə niyyəti hər zaman olub: “ABŞ-a etdiyi bu səfər çərçivəsində onun Trampla görüşə biləcəyinə ümidləri çox idi. Ancaq görünən budur ki, BMT-nin sessiyasında iştirak üçün ABŞ səfəri çərçivəsində də həmin görüşü reallaşdıra bilmədi. Ermənistanın XİN rəhbərliyi hələ bu səfərdən bir neçə ay əvvəl bu istiqamətdə səylər göstərirdi. ABŞ dövlət katibliyi belə bir görüşün mümkünsüzlüyünü vurğuladı. Paşinyan ABŞ-da keçirdiyi görüşlərdə bu məsələni gündəmə gətirmədi. Xüsusilə də Ermənistandakı daxili vəziyyətlə bağlı oradakı diaspor qarşısında məlumat verdi. Eyni zamanda, Dağlıq Qarabağ məsələsinə toxundu. Paşinyanın Trampla görüşə bilməməsinin əsas səbəblərindən biri Paşinyanın siyasi legitimliyinin ABŞ tərəfindən tanınmamasıdır. N.Paşinyan bu dəfə görüşə bilməsə də, növbəti səfər zamanı da buna cəhd edəcək və ümid edirlər ki, belə görüş ola bilər. Hələlik N.Paşinyan üçün ABŞ-la münasibətləri ən yüksək səviyyəyə çatdırmaq prioritet deyil. ABŞ və Qərbin Paşinyana qarşı müəyyən narazılıqları var. Bunun nədən ibarət olduğunu Paşinyan gözəl bilir. Rusiyanın təzyiqlərindən maksimum qorunmaq üçün hələlik həmin narazılıqları tam aradan qaldırmağa cəhdlər etmir. Ancaq Tramp tərəfindən qəbul olunmaq ona həm də ABŞ-dakı və dünyanın digər ölkələrindəki diaspor nümayəndələri arasında hörmət gətirə bilər. Paşinyan fikirləşir ki, belə dividendlərin də hesabına dilənçi vəziyyətində olan ölkəsinə çoxlu ianələr cəlb edər”.
Məhəmmədəli QƏRİBLİ