Suda boğulan saman çöpündən yapışır. Bu gün yaratdığı siyasi və iqtisadi böhran içində boğulan Ermənistanın Baş naziri Nikol Paşinyan vəziyyətdən çıxış yolu axtarır. Paşinyanın avantürist çıxışları, eləcə də atdığı qeyri-məntiqi addımları Ermənistan cəmiyyətinin ona olan ümidlərini heçə endirib.
Xaricdə fəaliyyət göstərən erməni lobbisindən son zamanlar elə də ciddi dəstək ala bilməyən Paşinyanın əlavə kömək qaynaqları axtardığı məlumdur. Avropada fəaliyyət göstərən erməni lobbisinin inamsızlığı ilə qarşılaşan Paşinyan indi də kömək üçün əlini ABŞ-da fəaliyyət göstərən erməni diasporuna uzadıb. Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri başlayıb. İşğalçı ölkənin rəhbəri ilk olaraq Kaliforniya ştatına gəlib, Los-Ancelesdə erməni icmasının təşkil etdiyi mitinqdə çıxış edib. Onun səfər etməzdən əvvəl bir sıra hədəfləri və gözləntiləri var idi. Ümid edirdi ki, Kaliforniyada yaşayan imkanlı ermənilər Ermənistana ciddi sərmayə qoyacaq, onun bununla bağlı çağırışlarına dərhal müsbət reaksiya verəcəklər. Eyni zamanda, ABŞ-dakı digər maliyyə dairələrini də buna çağıracaqlar. Təsadüfi deyil ki, Los-Ancelesdə çıxışı zamanı Ermənistanın Baş naziri diaspordan pul dilənməyi də unutmayıb. O, çıxışı zamanı qeyd edib ki, guya Ermənistanda iqtisadi canlanma var və erməni diasporu ana vətəninə yatırım qoysa uduzmaz. Bununla belə, Paşinyan onu da deyib ki, xarici ölkədə yaşayan hər bir erməni İrəvanda ev alsın.
Bütün hallarda, Paşinyan Los-Anceles mitinqi ilə bütün hədəflərinə çatdımı?
“Gördü ki, populist çıxışlarla ABŞ ermənilərini buna şirnikləndirmək mümkün deyil”
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Paşinyanın bir sıra gözləntiləri özünü doğrultmadı: “Paşinyan ilk əvvəl Avropaya səfəri zamanı uğursuzluğa uğradı. Gözləyirdi ki, Avropadakı müəyyən maliyyə qurumları sərfəli şərtlərlə Ermənistana kredit tranşı açacaqlar. Ölkə iqtisadiyyatına sərmayə qoymaqla bağlı fəallıq göstərəcəklər. Ancaq onun ilyarımlıq baş nazirliyi dönəmində bunların heç biri baş vermədi. Baxmayaraq ki, bir sıra Avropa ölkələrində çoxsaylı erməni yaşayır. Paşinyanın bu istiqamətdə səyləri səmərə vermədi. İndi də Paşinyan ümidini ABŞ-a bağlayıb ki, bununla bağlı gözləntilərin də reallaşacağı inandırıcı deyil. Əvvəla Paşinyan gözləyirdi ki, Kaliforniya erməniləri onun sərmayə ilə bağlı çağırışına dərhal müsbət reaksiya verəcəklər. Çünki Paşinyanın ən çox ehtiyac duyduğu yardım məhz xarici sərmayə ilə bağlıdır ki, bu sahədə vəziyyət həqiqətən də çox pisdir. Gözləyirdi ki, imkanlı ABŞ erməniləri Ermənistana vəsait qoyacaqlar. Ancaq gördü ki, populist çıxışlarla ABŞ ermənilərini buna şirnikləndirmək mümkün deyil. Sərmayə o ölkəyə qoyulur ki, həmin ölkə iqtisadi baxımdan cəlbedicidir, orada perspektiv var və s. Ən başlıcası isə, sərmayə qoyuluşu üçün sabit məkan olmalıdır. Ermənistanda sabitliklə bağlı ciddi problemlər var. Ona görə də hesab edirəm ki, Paşinyan Los-Anceles mitinqində qarşıya qoyduğu məqsədlərə çata bilmədi”.
Vidadi ORDAHALLI