Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, əvvəlcədən də gözlənildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli baxımından hansısa ciddi əhəmiyyət kəsb etmədi. Buna əsas səbəb isə, həmişə olduğu kimi, işğalçı Ermənistanın məsələ ətrafında sərgilədiyi qeyri-konstruktiv mövqe oldu.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamadan da belə bəlli olur ki, Nyu-York danışıqları, sadəcə, sıradan biri görüş olub: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq. Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb".
Proseslərin gedişindən və Ermənistan rəhbərliyinin mövqeyindən isə aydın görünür ki, yaxın tezlikdə sülh yolu ilə Qarabağ danışıqlarında hansısa irəliləyiş gözləmək əbəsdir. Aydındır ki, bu halda Qarabağ münaqişəsinin hərbi həll ehtimalı da əhəmiyyətli dərəcədə yüksəlir və buna görə bütün məsuliyyət də erməni tərəfinin üzərinə düşür. Belə görünür ki, hadisələr indiki axarda inkişaf etsə, yeni Qarabağ savaşının gözlənildiyindən də tez başlaması qaçılmaz olacaq. Erməni siyasi şərhçi Aram Antinyan bütün bunlara səbəbkar tərəf qismində məhz Ermənistan hakimiyyətinin çıxış etdyini açıq mətnlə vurğulayır. Aram Antinyan qeyd edir ki, Nikol Paşinyan iqtidarının xarici siyasətdə yol verdiyi çoxsaylı səhvlər, Qarabağ münaqişəsi ilə ilgili buraxdığı yanlışlıqlar, həmçinin ölkə daxilində kəskinləşən ziddiyyətlər İrəvanın çox zəif duruma düşməsi ilə nəticələnib. Antinyanın sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyinin ilk mərhələsində yeni hakimiyyət xarici siyasət məsələlərində dünya ilə üsyankar və qürurlu bir şəkildə danışmağa çalışırdı və bunu çox böyük inamla ictimai ehtiyata malik olmaqları ilə izah edirdilər: “Bu da azlıq edərək, gerçəklik hissini o qədər itirmişdilər ki, dünyanın ən demokratik ölkəsi olan ABŞ-a demokratiya dərsi verirdilər, hər növ və zövqə görə inqilabların keçirildiyi qoca Avropaya bizdə baş verənlərlə bağlı inqilabın nə olduğunu izah edirdilər. Sonra AİƏT və KTMT üzvü olan ölkələrin liderlərini avtoritar adlandırmaqla yanaşı, Paşinyan monarxiyası üslubu ilə onlara qarşı çıxırdılar. Hətta “Qarabağ müstəqil bir ölkədir” və bir müddət sonra “Qarabağ Ermənistandır, vəssalam” deməklə bundan irəli gələn bütün fəsadları ilə bərabər xarici siyasət məsələlərində özlərinin fikir və işlərinin alt-üst olmasını yüksək legitimlik adı altında gizlətməyə çalışırdılar. Ancaq bu, danışıqların nəticəsiz qalmasına və ya davam etməsinin mənasız olmasına səbəb ola bilər. Həm də müharibəyə səbəb ola bilər. Bəs, indi mövqelərimiz daha yaxşıdırmı və vaxt bizə işləyirmi? Təəssüf ki, xeyr. Azərbaycan onsuz da ordusunu davamlı şəkildə gücləndirməklə məqam gözləyir”. Aram Antinyan bildirib ki, bu yaxınlarda Azərbaycanın müdafiə naziri Zakir Həsənov Paşinyanın avqustun 5-də Xankəndidə verdiyi “Qarabağ Ermənistandır, vəssalam” ifadəsinə toxunaraq, Azərbaycanın döyüş meydanında Paşinyanla məsələyə aydınlıq gətirmək istədiyini bildirdi və əlavə etdi ki, yaxın gələcəkdə bu gözlənilir: “Onu xatırladım ki, bu, həmin Paşinyanla çox səmərəli görüşlər keçirən, savadlı İlham Əliyevlə işləyən Zakir Həsənovdur. Onu da xatırladım ki, bu, atəşkəs rejiminin pozulmasını minimuma endirmək üçün operativ vasitələr qoyaraq, Azərbaycan xalqına barışıq çağırışları etməyi planlaşdıran və Qarabağ məsələsinin bütün tərəflərin ürəyincə həll olunacağını söyləyən həmin Paşinyandır. Bu vəziyyəti son dərəcə təhlükəli hesab etdiyim üçün fürsətdən istifadə edərək xarici siyasətimizə və ümumiyyətlə Ermənistan-Azərbaycan münasibətlərinə qismən toxunmaq istərdim. Bu gün parlamentin İstintaq Komissiyası məlum aprel döyüşlərinin detallarını araşdıraraq, nəinki sui-qəsdləri, hətta varsa, ilk növbədə ikinci belə döyüşlərin qarşısını almaq üçün yol verilən səhvləri ifşa etmək məqsədindədir. Hakimiyyət üzvlərimizin Rusiya, Avropa Birliyi və ya ABŞ qarşısında əvvəlki kimi əyilmiş olmadıqlarına görə qürur duyduqları bir zamanda bu aktual məsələdir. “Əyilməmiş” ifadəsini isə belə tərcümə edərdim, münasibətlər pis, qeyri-müəyyəndir və daha da pisləşəcək. Qərb sərhədimizə nəzarət etdiyini hər dəfə xatırladan Rusiya ilə münasibətlərin nə qədər pis olduğu isə, Jirayr Sefilyanın Paşinyanla görüşdən sonra xatırladaraq bildirdiyi kimi, Paşinyanın Rusiya ilə yaxın münasibətlər qurmaq və onun rəğbətini qazanmaq üçün bütün cəhdləri faydasız olub deməsi ilə izah edilir. Göründüyü kimi, rəğbətini qazanmaq söyləməklə cənab Sefilyan Suriyaya humanitar missiya adı altında bir dəstə göndərməyin macərasını nəzərdə tutub, buna görə, əlbəttə ki, Qərb bizi çətin bağışlayar, amma bu başqa bir məsələdir. Dünya gündən-günə dəyişir və proseslər çox sürətlə inkişaf edir. Açıq xarici siyasətə alternativ yoxdur. Həmişə aydın xarici siyasət doktrinamız olub. Levon Ter-Petrosyanın xarici siyasəti yeni müstəqil dövlət tərəfindən mümkün qədər çox beynəlxalq əlaqələrin qurulmasına yönəldilirdi. Robert Köçəryanın xarici siyasəti eyni zamanda Rusiya və Qərblə düzgün münasibətləri qorumağa yönəlirdi. Serj Sarkisyan isə Avropa Birliyi ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi bağlamaqla ABŞ-ın Rusiya ilə gərgin münasibətləri şəraitində həm də AİƏT üzvü olaraq diplomatik master-klass edə bildi. Seçilən bütün taktika və vektorların imperativ olduğu və bir çox geosiyasi amillərin təsiri altına düşdüyü aydındır. Paşinyanın isə bu gün xarici siyasət doktrinası yoxdur. Üstəlik, beynəlxalq proseslərin bu sürəti fonunda Ermənistanın keçmiş xarici siyasətini davam etdirdiyini bəyan edir və bu sadəcə cəfəngiyatdır. Əlbəttə, bütün bunları başa düşən Xarici İşlər Nazirliyinin “peşəkar” diplomatının ona bunun mümkün olmayan bir yol olduğunu izah etməməsi təəssüf doğurur. Həm də təəssüf ki, hələ də bu savadsızlıq şəraitində işləyir. Cənab Paşinyan, yəni doğrudanmı düz başa düşürəm ki, bu gərgin vəziyyətdə xarici, amma daha “ruh yüksəkliyi” alternativ yolu ilə siyasətimiz əvvəlkidir? Bunu ABŞ-İran münasibətlərinin gündən-günə pisləşdiyi və ABŞ-ın hər an bu məsələdə mövqe tutmağımızı tələb edə biləcəyi bir vəziyyətdə dəqiqləşdirirəm. ABŞ hər an İrana zərbə vura bilər və İranın şimalındakı etnik azərbaycanlılar hər an Ermənistanda qaçqın ola bilər. Yaxud daha pis olan halda, Qarabağda “azad edilmiş” bölgələrə məskunlaşdırıla bilər və bizim yox, Qırmızı Xaçın nəzarəti altına düşə bilər. Bu, müzakirə üçün mümkün ola biləcək mövzu və məcburi bir ssenaridir. Paşinyan bunu Xarici İşlər Nazirliyində müzakirə edib? Məncə, xeyr. Bunun əvəzinə, şübhəsiz ki, tərəfdaşlarımızı incitmək və “tuşonka” məsələləri ilə məşğul olub. Bu “plova” baxmayaraq, biz gözlənilmədən və çox bilmədən hərbi doktrinamızı dəyişdirdiyimizi, sanki inqilabi dövrlər üçün köhnəldiyini və keçmiş olduğunu, bunun içinə hücum elementlərini daxil etdiyimizi bəyan edirik. Ermənistan Silahlı Qüvvələrinin və Qarabağdakı “hərbi birləşməni”nin təcavüzkar hücum taktikasına keçəcəyini söyləyirik. Xatırladım ki, Paşinyan “sülhə hazır olun” deyir, həmin vaxtda Tonoyan doktrinanı dəyişir. Bununla birlikdə, hücum döyüşü həyata keçirmək üçün hücum edən tərəf 2 qat, dağlıq şəraitdə isə 4 qat keyfiyyət və kəmiyyət üstünlüyünə malik olmalıdır. Tonoyan da bunu bilir, amma bu savadsızlığı bəyan edir. Dünyadakı əlverişli mövqeyimizi gündən-günə itiririk və müharibənin yenidən başlamayacağına zəmanət yoxdur. Belə olan halda isə həm ölkə daxilində, həm də xaricində Paşinyanın düşünülməmiş addımlarının və bəyanatlarının müharibəyə səbəb olduğu qiymətləndirilə bilər. Döyüşmək və itkilər verməyin nə qədər çətin olduğunu bilirsinizsə, hücum edən rəqibin bu addımı atmaq üçün ölkəmizin rəhbərinin buna təhrik etdiyini əsas gətirdiyini izah etməyə ehtiyac duymuram”. Antinyanın bu qeydlərindən aydın görünür ki, Ermənistan rəhbərlyinin obyektivlikdən uzaq mövqeyi Qarabağ məsələsində hadisələrin dinc müstəvidən kənar inkişaf etməsinə münbit şərait yaradır. Bu zaman ön plana çıxan savaşın Ermənistan üçün fəlakət doğuracağını da qarşı tərəfdə etiraf edənlər tapılır. Digər tərəfdən, ekspertlər burada diqqəti həm də ona yönəldir ik, hazırkı şəraitdə danışıqlar prosesini pozan, işğal faktını davam etdirən tərəf Ermənistandır. Buna görə də Ermənistana beynəlxalq səviyyədə sanksiyaların tətbiqi vacibdir. Bu sanksiyalar ortalıqda olmadığı üçün İrəvan danışıqlar prosesini pozaraq öz işğalçı siyasətini davam etdirir. Məhz belə vəziyyətdə Azərbaycanın məsələnin həlli üçün güc amilindən istifadədən başqa yolu qalmır. Əks halda, Bakıya yaxşı məlumdur ki, Ermənistan danışıqlar prosesini uzadaraq, öz məkrli siyasətini davam etdirməyə çalışacaq. Bu isə Azərbaycan üçün qətiyyən qəbuledilməz haldır və buna yol verməməyin yeganə yolu da məhz savaşdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.