Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə təşkil olunan mitinqdə ermənilər qarşısındakı çıxışında avqustun 5-də Xankəndidə dediyi “Qarabağ Ermənistandır” açıqlamasını işlətmədi.
Los-Anceles İrəvandan sonra ermənilərin ən çox olduğu şəhərlərdən biridir. Sözügedən görüşə Kaliforniyanın digər şəhərlərində yaşayan ermənilər də qatılıblar. Çünki bunun üçün erməni lobbisi ciddi hazırlaşıb. Paşinyanın Los-Ancelesdəki çıxışı zamanı gözlənilirdi ki, Xankəndidə səsləndirdiyi təxribatçı fikirləri orada da təkrarlayacaq. Çünki Paşinyan məlum səfərə hazırlaşarkən ara-sıra erməni mətbuatında sözügedən fikirlərin Los-Ancelesdə də səsləndiriləcəyi deyilirdi. Bundan əvvəl Paşinyan Tehranda çıxış edərkən İran erməniləri “Qarabağ Ermənistanındır” şüarını qaldırıblar. Los-Ancelesdə çoxsaylı erməni yaşadığı üçün Paşinyanın belə bir təxribatçı fikirləri təkrarlayacağı gözlənilsə də, bu baş vermədi. Daha doğrusu, Paşinyan buna cəsarət etmədi.
Qeyd edək ki, Paşinyan Xankəndidəki mitinqdə çıxışı zamanı belə demişdi: “Əminəm ki, sizlərdən çoxları indi sual verir: nə üçün Qarabağ haqqında heç nə deyilməyib? Cavab birdir: Qarabağ Ermənistandır, vəssalam”.
Maraqlıdır, sözügedən ifadəni Paşinyan Los-Ancelesdə niyə işlətmədi?
“Bu həm də hakimiyyətdaxili narazılıqdan irəli gəlir”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə bunu bir sıra amillərlə əlaqələndirdi: “Bunun müəyyən səbəbləri var. Ermənistan Baş naziri Nikol Paşinyanın Los-Ancelesdə erməni lobbisi qarşısnda çıxşında Qarabağla bağlı kəskin ifadə işlətməməsi danışıqlarla bağlıdır. O fikirləşdi ki, belə fikirlər işlətsə, o zaman onu danışıqlardan birbaşa yayınmaqda ittiham edəcəklər. Bir növ, bununla özünü sığortalamağa çalışdı. Çünki məlum təxribatçı ifadələrdən sonra ona qarşı tənqidlər artmışdı. Baxmayaraq ki, Ermənistan kifayət qədər danışıqlardan yayınır və cəbhədə hərbi təxribatlara əl atır. Fikrimcə, Pşainyanın ABŞ-da erməni lobbisi qarşısında çıxışı zamanı bir daha aydın oldu ki, bu komanda sülhə hazır deyil. Ümumiyyətlə, Ermənistanda daxili siyasi vəziyyət Paşinyanın əleyhinədir. Onun komandasında istefalar başlayıb. Konfidensial fikir ayrılıqları artıq ictimailəşır. Belə olduqda onun Qarabağla bağlı fikirləri də dəyişəcək. Çünki zəiflədikcə, Qarabağ konfliktini dərinləşdirməsi beynəlxalq müstəvidə ona qarşı tənqidləri artırır. Ona görə də Paşinyanın Qarabağda səsləndirdiyi ifadələri işlətməməsi həm də hakimiyyətdaxili narazılıqdan irəli gəlir. Mümkündür ki, Paşinyan bir müddət belə səhvlərə yol verməsin. Ancaq biz əsla bu kimi məsələlərə arxayın olmamalıyıq. Biz daim hücum diplomatiyası mövqeyində olmalıyıq. Eyni zamanda, hərbi təzyiqləri artırmalıyıq. Çünki Ermənistana təzyiqlər olmasa, onlar kompromisə gəlməyəcək”.
Vidadi ORDAHALLI