Sentyabrın 23-də Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclası keçirilib. Xarici işlər naziri Elmar Məmmədyarov iclasda çıxış edib.
Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişə baş qaldırandan bəri İƏT Azərbaycana qarşı təcavüzü pisləyərək Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyən, o cümlədən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirməyə çağıraraq prinsipial mövqe nümayiş etdirib.
Azərbaycanın haqlı mövqeyi ilə həmrəylik nümayiş etdirdiklərinə və ona dəstək olduqlarına görə İƏT üzv dövlətlərinə minnətdarlığını bildirən nazir deyib: “Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də işğal altındakı ərazilərə qanunsuz səfəri zamanı Azərbaycanın ayrılmaz hissəsini - Dağlıq Qarabağı Ermənistan ərazisi kimi elan edən məsuliyyətsiz bəyanatı ilə əlaqədar ciddi narahatlığımızı ifadə edir və bunu qəti şəkildə pisləyirik. Çıxışında N.Paşinyan günahsız insanların beynəlxalq səviyyədə sənədləşdirilmiş qətliamına, bir milyondan çox azərbaycanlı mülki əhalinin etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüquqlarından məhrum olmasına səbəb olan münaqişənin nəticələrini məmnunluqla dilə gətirib. O, həmçinin, ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqların məqsədini "müharibənin… nəticələrini qorumaq" kimi səciyyələndirərək utanmazcasına təhrif edib. Bu addım Ermənistan hökumətinin müxtəlif üzvləri tərəfindən səsləndirilən "bir qarış torpağın da Azərbaycana qaytarılmaması” və “yeni ərazilər üçün yeni müharibə” kimi təxribatçı bəyanatların, habelə etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə erməni sakinlərinin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərini qeyri-qanuni istismar edən Ermənistan tərəfindən aparılan fəaliyyətin davamı kimi atılıb. Onların son təxribatçı bəyanatları və hərəkətləri sübut edir ki, Ermənistanın hazırkı hökuməti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulması kimi məsuliyyətsiz yolu davam etdirir”.
Göründüyü kimi, Elmar Məmmədyarov Paşinyanın ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqların mahiyyətini utanmazcasına təhrif etdiyini bildirib. Paşinyanın "müharibənin… nəticələrini qorumaq" kimi səciyyələndirdiyi fikir hansı mənanı ifadə edə bilər?
“Müharibənin nəticələri heç vaxt daimi ola bilməz, o yalnız müvəqqəti xarakter daşıyır”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni tərəfinin bu təhrifi başadüşüləndir: “Yəni onlar uzun müddətdir bu mövqenin üzərində dururlar. İstədikləri də budur ki, müharibənin nəticələrinə uyğun gündəliklə danışıqlar aparılsın. Mahiyyət budur ki, işğal olunmuş ətraf rayonlarla bağlı hər hansı güzəşt edilərsə belə, bunun Dağlıq Qarabağın statusuna dəxli olmayacaq. Yəni, loru dillə izah etsək, demək istəyirlər ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibində görmək istəmirlər. Bu onların istəyidir. İstək başqa məsələdir, danışıqların predmeti başqa məsələ. Şəxsən mən inanmıram ki, Azərbaycan tərəfi ATƏT-in vasitəçiliyilə belə gündəmin müəyyənləşdiyi danışıqlara getsin. Paşinyan daxili auditoriya üçün bu yalanı danışır. Çünki onun hökuməti danışıqlara gedən kimi, üzərinə basqı gəlir. O da demək istəyir ki, guya danışıqlarda ancaq Dağlıq Qarabağdakı ermənilərin statusu, yəni millətlərin öz müqəddəratını təyin etmə məsələsi müzakirə edilir. Elmar Məmmədyarov rəsmi şəxs kimi bunu təkzib edir və inamla Paşinyan tərəfindən edilən həyasızılıq kimi dəyərləndirirsə, deməli, biz öz rəsmi şəxsimizə inanmalıyıq. Son görüşlə də bağlı erməni KİV-nin böhtan tirajladığını gördük. Hətta qeyd etdilər ki, guya danışıqlarda erməni nazir öz əvvəlki mövqelərini nəzərə çatdırmaqdan başqa hansısa addımı atmayıb. Bununla demək istəyirlər ki, onlar bir addım da olsun indiki status-kvodan kənara çəkilmək istəmirlər. Azərbaycanın bu məsələdə rəsmi mövqeyi bəllidir. Biz deyirik ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Ermənilər bununla qəti razı deyillərsə, deməli, bir yol qalır, o da müharibədir. Onda görək Paşinyan daxili auditoriyanı sakitləşdirmək üçün hansı yalanları uyduracaq? Müharibənin nəticələri heç vaxt daimi ola bilməz, o yalnız müvəqqəti xarakter daşıyır”.
Məhəmmədəli QƏRİBLİ