Əlverişli coğrafi mövqeyindən yararlanaraq mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi tanınır. Azərbaycanın iştirakçı olduğu strateji əhəmiyyətli regional layihələrdən biri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsidir. Nəqliyyat əlaqələrini inkişaf etdirmək niyyətilə yaradılan bu layihədə Azərbaycan, sadəcə, iştirakçı deyil, həm də həlledici tranzit ölkə, layihənin reallaşmasına mühüm töhfə verən və dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirən bir dövlətdir.
Məlumat üçün bildiririk ki, dəhliz vasitəsilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına çatdırıldıqdan sonra qatarlara yüklənməsi və Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılmasını nəzərdə tutur. İlkin mərhələdə “Şimal-Cənub” dəhlizi vasitəsilə ildə 7 milyon, gələcəkdə isə 22-25 milyon ton yük daşınacaq.
Azərbaycan öz üzərinə götürdüyü bütün vəzifələri, öhdəlikləri icra edib. Belə ki, İran sərhədinədək dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib, Astara (Azərbaycan)-Astara (İran) 8,7 kilometrlik dəmir yolu körpüsü inşa edilib və istismara verilib. Bütövlükdə, Azərbaycan ərazisindən keçən 511 kilometr dəmir yolu artıq hazır vəziyyətdədir. Rusiya ilə Azərbaycanın dəmir yolları isə hələ SSRİ dönəmindən birləşib və o səbəbə əlavə xərc çəkib dəmir yolu inşa etməyə ehtiyac qalmır. Qalır İran. Bu istiqamətdə də işlər gedir. Bununla belə, Azərbaycan sözügedən yolun Rəşt-Astara hissəsinin tikintisi üçün İrana 500 milyon dollar güzəştli kredit ayırıb. Çünki məhz Rəşt-Astara xətti İranla Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək.
Bütün bu deyilənlərlə yanaşı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi işə düşəndən sonra Azərbaycan bundan hansı siyasi-iqtisadi dividendlər əldə edəcək?
“Siyasi baxımdan ölkəmizin regional önəmi daha da artacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, bu layihə sayəsində Azərbaycan həm iqtisadi, həm də siyasi dividendlər əldə edəcək: “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan üzərindən olduqca böyük həcmdə tranzit yüklərin daşınması imkanlarını yaradır. Bu imkanları tam reallaşdıra bilmək üçün tranzit yükdaşımalar sahəsində siyasətin çevikliyi təmin edilməlidir. Unutmaq olmaz ki, tranzit yüklərin daşınması üçün həmişə alternativ yollar mövcuddur və alternativ yollar bu sahədə rəqabət meydanı yaradır. Bu meydanda qalib olmaq üçün tranzit yükdaşımalar sahəsində mövcud olan və işin inkişafına əngəl törədən bütün problemlərin aradan qaldırılması vacibdir. Tranzit yükdaşıyan yükünün təhlükəsizliyinə tam təminat alarsa və yükü daşımaq üçün tariflər münasib olarsa, o mütləq bu istiqamətlərdə olan yükünü Azərbaycan üzərindən daşıyacaq. Çünkü dediyimiz istiqamətlərdə tranzit yüklərin Azərbaycan üzərindən daşınması vaxta qənaət etmək baxımından yükdaşıyanlara sərf edən ən yaxşı variantdır. Bu dəhlizin Azərbaycan iqtisadiyyatında əhəmiyyəti çox böyük olacaq. Çünki bunun sayəsində həm cənubdan şimala, həm şimaldan cənuba böyük yüklərin daşinması imkanları var. Yəni bu yolla daşınacaq böyük potensial yüklər var. Hansı ki, bu yolla hərəkət edib Azərbaycana da böyük valyuta gəlirləri gətirəcək. Məlum olduğu kimi, bu yolun böyük hissəsi çəkilib. Yəqin ki, digər işlər də vaxtında başa çatacaq”.
Sözügedən nəqliyyat dəhlizindən Azərbaycanın əldə edəcəyi siyasi dividendlərə gəldikdə isə, F.Yusifov bunları qeyd etdi: “Siyasi baxımdan Azərbaycanın regional önəmi daha da artacaq. Cənubdan gələn yüklər Azərbaycan üzərindən keçib Rusiyaya gedəcək. Rusiyadan gələn yüklərin böyük hissəsi Azərbaycan üzərindən keçib Hind okeanına çıxacaq. Bütün bunlar Azərbaycanın siyasi çəkisinin artması deməkdir. Bir sözlə, sözügedən nəqliyyat dəhlizi Azərbaycana iqtisadi dividendlərlə yanaşı, siyasi dividendlər də bəxş edəcək”.
Vidadi ORDAHALLI