Ermənistanın Baş naziri Nikol Paşinyan 22 sentyabrda Los-Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib. Yarım milyonadək erməninin yaşadığı Los-Anceles vilayəti ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala son qoy!) şüarını daşıyan “təyyarələr” qaldırılıb. Bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.
Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los-Ancelesin müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20 faiz ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.
Onu da qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev səfər ərəfəsində Los-Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin Baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Həmçinin, N.Paşinyanın Los-Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub.
Bütvövlükdə, bu cür adekvat addımlar Paşinyanın Los-Anceles səfərinin effektinin aşagı düşməsində, ümumən erməni yalanlarının ifşasında necə rol oynayır? Hansı ki, keçirilən sözügedən aksiya Paşinyan və erməni lobbisi üçün gözlənilməz zərbə oldu.
“ABŞ-da ermənilərin sıx yaşadıqları bir şəhərdə Azərbaycan tərəfi belə bir aksiya reallaşdıra bilirsə, bu çox ciddi uğurdur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, ermənilərin kompakt yaşadıqları bir şəhərdə belə bir tədbirin keçirilməsi çox mühüm hadisədir: “Çox yaxşı haldır ki, ermənilərin kompakt yaşadıqları bir məkanda belə bir təbliğat xarakterli aksiyalar keçirilir. Bildiyim qədər, Los-Ancelesdə birinci dəfədir belə bir aksiya keçirilir. Bu şəhər Kaliforniya ştatına aiddir. Orada ermənilər böyük saya, güclü nüfuza malikdirlər. Kifayət qədər maliyyə imkanları olan ermənilər məhz Los-Ancelesdə yaşayırlar. Kaliforniyadan seçilən senator və konqresmenlər erməni lobbisinin təsiri altında olurlar. Kaliforniya ştatı da ABŞ-ın ən böyük ştatıdır. İndi ABŞ-da ermənilərin sıx yaşadığı bir şəhərdə Azərbaycan tərəfi belə bir aksiya reallaşdıra bilirsə, bu çox ciddi uğurdur. Xüsusən o da nəzərə alınmalıdır ki, etiraz innovativ formada təşkil olunub. Yəni hökmən deyil müəyyən şəxsləri ora yığıb hansısa şüar səsləndirəsən. Əsas məqsəd o idi ki, Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını ictimaiyyətin diqqətinə çatdırmaq mümkün olsun. Azərbaycan da buna çox yüksək səviyyədə və innovativ formada nail oldu. Əlbəttə, bu, Paşinyanın Los-Anceles səfərinin effektini aşağı saldı. Xüsusən nəzərə almaq lazımdır ki, dünya mətbuatı Paşinyanın sözügedən səfərini izləyirdi. Onlar da bütün bunları gördülər. Yaxşı olardı ki, bundan sonra da Paşinyan və digər erməni rəsmilərinin səfərləri zamanı Azərbaycan belə aksiyalar təşkil etsin. Azərbaycanın haqq mövqeyi səsləndirilsin. Kaliforniyanın digər şəhərlərində də belə aksiyaların keçirilməsinə ehtiyac var”.
Vidadi ORDAHALLI