Azərbaycan Parlamentinin bəzi deputatlarının xoşagəlməz əməlləri ilə bağlı mediada və sosial şəbəkələrdə müzakirələrin aparıldığının şahidi oluruq. Söhbət onların səsləndirdiyi hansısa fikrə olan münasibətdən getmir. Hər halda, bu istiqamətdə müzakirələrin olması normaldır. Çünki deputatlar da fərddir və onların hansısa fərqli fikirləri səsləndirməsi qəbahət sayıla bilməz.
Söhbət konkret əməllərdən gedir. Məsələn, bir qrup deputat xaricdə oteldə yeyir-içir, axırda hesab çox gəldiyindən, nağd ödəniş edə bilmir. Deputat vəsiqəsini girov qoyur ki, növbəti gün hesabı “bağlayanda” vəsiqəni götürsün. Analoji məsələ ilə bağlı başqa bir hadisə barədə neçə gündür mediada müzakirlər gedir. Deputatların bu cür xoşagəlməz hərəkətləri bütün çılpaqlığı ilə ortaya qoyulandan sonra vətəndaşlar onların istefasını, geri çağırılmasını tələb edirlər. Maraqlıdır, bənzər hadisələrlə bağlı qanunvericilik nə deyir? Deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi hansı prosedur üzrə həyata keçirilməlidir?
Mehman Muradlı: “Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz”
Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, deputatlıq nomenklatur vəzifə deyil: “Yəni oradan istefa vermək elə sadə deyil. Ümumiyyətlə, deputatın istefa verməsi ilə bağlı seçilən termin doğru deyil. Loru dildə desək, deputatın toxunulmazlıq hüququ ləğv edilə bilər. Bu da cinayət törətməklə bağlı ciddi dəlillər ortaya qoyularsa. Qalan ictimai qınaq kəsb edən hərəkətlərlə bağlı Milli Məclisin İntizam Komissiyası xəbərdarlıqlar edə bilər. Komissiyanın hansı cəzalar verə biləcəyi qanunvericilikdə öz əksini tapıb.
Milli Məclisin Daxili Nizamnaməsinin 22-ci maddəsi deputatın toxunulmazlığına xitam verilməsi qaydasını müəyyənləşdirir. Bildirilir ki, Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.
Qeyd edilir ki, Milli Məclisin sədri, bir qayda olaraq, deputat haqqında təqdimatı əvvəlcə parlamentin İntizam Komissiyasına göndərir və komissiyada bu məsələyə baxılır. Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə İntizam Komissiyasının qənaəti söylənir. Nizamnamənin müvafiq maddəsinə əsasən, Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat toxunulmazlığına xitam verə bilər”.
Məhəmmədəli QƏRİBLİ